Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Nehrəmdə Novruz bayramı…

Nehrəmdə Novruz bayramı…

Nehrəm etnik baxımdan son dövrlərə qədər təmiz türk etnosuna məxsus insanların yaşadığı çox azsaylı  yaşayış məskənlərimizdən biridir. Dinin, həm də İslam dinindəki Şiə təriqətinin Cəfəri məhzəbinin çox güclü olmasına baxmayaraq türkə xas bir çox gələnək (ənənə) və görənəyin (adətin) Nehrəmdə son dövrlərədək həlledici üstünlüyü vardı. Bunlardan biri də Novruz bayramı idi. Niyə idi? Çünki 2000-ci ilə qədər- hətta SSRİ-nin ən güclü vaxtlarında belə Nehrəmdə Novruz bayramı hər zaman necə keçirilibsə eləcə keçirilirdi. Amma 2000-ci ildən Nehrəmdə Novruz bayramının keçirilməsinin qarşısı alındı.
Nehrəmdə keçirilən Novruz bayramının Azərbaycanın başqa yerlərində keçiriliən Novruz şənliklərindən  müəyyən fərqli cəhətləri var. Bu fərqli cəhətlərdən bir neçəsini sadalayaq:
1. Nehrəmdə həm axır çərşənbə günü, həm də Novruz bayramı günü bayram kimi qeyd edilir.
2. Axır çərşənbə günü səhər tezdən bütün kişi qohumlar (babalar, ata, evi ayrı olan oğullar, evi ayrı olan qardaşlar, əmilər və dayılar) bütün qadın qohumlara (nənələrə, anaya, evi ayrı olan qızlara, bacılara, qardaşların qızlarına, bacıların qızlarına və s.) bayram payı göndərir.
3. Bayramın son nəticəsi və ən böyük şənliyi olaraq “Xanbəzəmə” mərasimi keçirilirdi.
4. Novruz bayramı günü “Xanbəzəmə” mərasiminə hamı təzə geyinib gedirdi.
5. Nehrəmdə Novruz bayramı günü həm də görüş günü adlanır.
Axır çərşənbə
Nehrəmdə  mart ayına bayram ayı deyirlər. Hər yerdə olduğu kimi, Nehrəmdə  də  bayram ayı girəndə bütün evlərdə səməni qoyulur. Fevral ayı başlayandan əhali  Novruz bayramına hazırlaşmağa başlayır. Camaat  axır çərşənbəyə qədər evini və həyət-bacasını tərtəmiz təmişləyir, bütün yuyulası şeyləri yuyur, silinəsi şeyləri silir, həyətdə yır-yığış edir və yolu-yolağanı tərtəmiz süpürür. Ev-eşiyin bu cür təmizlənməsinə  Nehrəmdə “ev tökmə” deyilir. Bu “ev tökmə” işində qonşular  və yaxın qohumlar bir birinə kömək edir. Çünki, evin başdan  ayağa, iynədən düyməyə tökülüb yuyulması, silinməsi və yığışdırılması çox ağır və çətin işdi. “Ev tökmə” işi axır çərşənbəyə qədər mütləq  qurtarmalıdır. Çünki, Nehrəmdə  belə bir söz (bu həm də inamı ifadə edir) var, deyirlər “axır çərşəmbə günü Çəşəmbə xatun gəlib bütün evləri gəzir. Kimin  evini pinti və çirkli görsə tüpürüb gedir”. İnama görə Çeşəmbə xatunun tüpürdüyü evdə il boyu xeyir-bərəkət (yəni işlər xeyirliyə getməz və ruzi-bərəkət ) olmaz. Eyni  zamanda evin bütün üzvləri də axir çərşəmbəyə qədər-bazar ertəsi günü mütləq yuyunmalıdır. Burda da  inam belədir ki, Çəşəmbə xatun çirkli və pinti evə tüpürdüyü kimi, çirkli və natəmiz bədənə-adama da tüpürür. Çəşəmbə xatunun tüpürməsi isə həmin adamın il boyu işlərinin düz getməməsinə və uğursuzluğuna səbəb olur. Bununla yanaşı  Azərbaycanın  hər yerində olduğu kimi Nehrəmdə də müxtəlif şiriniyyatlar- şəkərbura, paxlava və müxtəlif adda şirin kökələr bişirilir. Amma  Nehrəmdə bütün bunlarla yanaşı Azərbaycanın başqa yerlərində bişirilməyən, içi soğan qızardılması, umac və cəviz içindən hazırlanan forması şəkərburaya oxşasa da dadı tamam fərqlənən bir kökə də bişirilir ki, buna “içli kökə” və ya “bayra kökəsi” deyilir. Çox ləzzətli olan bu kökə bayramdan bir həftə on gün qabaq olmaqla o qədər çox bişirilir ki, həm yaxın  qonum-qonşuya pay verilir, həm də bayramdan bir həftə on gün sonar da yeyilir.
Camaat  hər bir çərşəmbəni və bayramı çox səbrsizliklə gözləyir, axır çərşəmbəni və sonda isə Novruz bayramını ölçüyəgəlməz sevinc, fərəh, coşqu və şadyanalıqla keçirirdi. Hər bir çərşəmbədə böyüklü-kiçikli, qadınlı-kişili, hətta ayağa durmaq imkanı olan xəstələr belə tonqalın (Nehrəmdə hər çərşəmbə yandırılan tonqala hallabaca deyirlər) yanına gələr, “ağırlığım, uğurluğum,( bəzən dərdim, bəlam sözlərini də əlavə edirlər) düş (və yaxud tökül) bu odun üstünə” deyərək mütləq üç dəfə tonqalın üstündən tullanardı. Hər  çərşəmbə  əhali böyük şadyanalıq edərdi. Axır çərşəmbə isə  daha  çox təmtəraqla keçirilərdi.
Hələ fevralın əvvəlindən bayrama hazırlıq başladığı üçün hər bir ailə az da olsa mütləq cəviz, fındıq, şabalıd, badam, xurma, kişmiş, mövüz, iydə, innab və s. (çox ailə kişmiş və mövüzü özü hazırlayır, iydə və innabı isə həyətindən yığır, imkansız qonum-qonşuya da verərdi) alır və yuxarıda qeyd etdiyim kimi kişi qohumlar qadın qohumlara pay göndərir. Burdaca  qeyd edim ki, axır çərşəmbə günü yaxın qohumlar hamısı birlikdə nişanlı qıza və ya təzə gəlin köçənə xüsusi dəm-dəstgahla pay aparırlar. Axır çərşəmbə günü nişanlı qız üçün aparılan paya  “tabaq aparmaq”  və ya “yeddiləvin aparmaq” deyilir ki, bir müddət sonar qız tərəfdən cavab olaraq “pay yeri” (yəni pay gətirilən qablardakı payın yerinə qoymaq anlamında) deyilən cavab hədiyyə göndərmə görənəyi (adəti) var. Bu “pay yeri”ndə qız tərəf  oğlan tərəfdən bütün pay gətirilənlərə və qohum-qonşuya paylamağa çatacaq qədər “bəy kökəsi” adalanan kökə və adi şirin kökə olmaqla iki cür kökə bişirir, eyni zamanda bəyə, onun ailəsinə və pay gətirənlərə xələt (Nehrəmdə qoyulan və ya verilən hədiyyəyə xələt deyilir) qoyur. Axır çərşəmbə günü aparılan  bütün bu paylar “Yeddiləvin” adlanır. “Yeddiləvin” payında yuxarıda qeyd etdiyim nemətlərlə yanaşı pay göndərilən ailənin hər bir üzvünə xələt (xələt əsasən geyim, geyim elementləri, parça və ya müxtəlif ev əşyası olur) qoyulur. Bu “Yeddiləvin” payı göndərmənin əsas məqsədlərindən biri yaxınları yad eləməkdirsə, digər məqsədi də budur ki, bu bayram günü (son çərşəmbə də Nehrəmdə bayram günü sayılır) hər bir evdə, hər bir ailədə mütləq bu nemətlərdən olsun və hamı Novruz bayramı günü bayram şənliyinə-Xanbəzəmə mərasiminə təzə geyinib gedə bilsin. “Yeddiləvin” payı aparana mütləq və mütləq xələt verilir. Bu xələt mütləq pay aparanın özünə olmaqla yanaşı hər hansı ailə üzvünə və yaxud ev üçün də ola bilər. Hədiyyə əsasən geyim (corab, dəsmal, köynək, yaylıq, don tikmək üçün parça və s.), kiçik ev əşyası və mütləq boyanmış yumurta olur. Bu boyanmış yumurtaya Nehrəmdə “bayram yumurtası” deyilir. Yeri gəlmişkən qeyd edim ki, Nehrəmdə ilk çərşəmbədən başlayaraq  uşaqlar  yumurta döyüşdürməyə başlar ki, buna da Nehrəmdə “yumurta oynamaq” deyilir. Yumurtanın digər yumurtalara görə bərk və ya boş olduğunu bilmək üçün onu dişə vururlar. Yumurtanın dişə vurulmasına “dadmaq” deyilir. Yumurtanın bərkliyini isə yumurtanı dadarkən çıxardığı səsə görə təyin edirlər. Son çərşəmbəyə qədər  oynanan yumurtalar adətən boyanmamış və çiy olur. Amma son çərşəmbədə  isə yalnız boyanmış və bişmiş yumurta oynayırlar. Tək-tək yumurta oynamaqla yanaşı  bir də çox adamla çoxlu sayda yumurta oynamaq var ki, bu oyuna da Nehrəmdə “Qatar” deyilir. Oyunun adı oyun zamanı bütün yumurtaların sıra ilə-qatar kimi düzülməsindən götürülüb. Oyunçular sıra ilə qatara düzülmüş yumurtaları bir başdan növbə ilə götürüb döyüşdürürlər. Uduzan sıranı pozmamqla yeni yumurta götürür, udan isə yunurtasını dəyişdirmədən (çünkü udana yumurtasını dəyişdirmə haqqı verilmir və udan da dadıb bildiyi bütün yumurtasını bilmədiyi yumurta ilə dəyişməz) oyunu davam etdirir. Ən sonda kimin yumurtası bütöv qalıb, qırılmayıbsa bütün yumurtaları-“Qatar”ı həmin adam udmuş sayılır. Deyək ki, otuz ədədlik bir qutu yumurtanı  (mütləq deyil ki, yumurtanın sayı otuz olsun. Əsas odur ki, oyunçu sayına görə heç olmasa hər oyunçu üçün ən az üç yumurta hesablanmış olsun) beş nəfər “Qatar” oynayır. Bu zaman ola bilər ki, oyunçulardan bir neçəsi yeddi və ya səkkiz yumurta oynasın, biri isə yalnız bir yumurta oynasın. Bu vəziyyət oyunçular arasında heç bir narazılıq yaratmaz və oyun qaydalarına da tam uyğundur. “Qatar” oyununda oynanılan yumurtalar boyanmamış və çiy olur. “Qatar”ı udan oyunçu udduğu yumurtaları evinə apara, ucuz qiymətə (qırıq olduğu üçün bu yumurtalar bütün yumurtadan ucuz olur) sata və ya kiməsə hədiyyə verə bilər. Amma “Qatar”ı udan şəxs “Qatar”ı udduğu yumurtanı-yəni sonda bütün qalmış yumurtanı satmaq istəsə isə bu yumurta digər bütün yumurtalardan baha satılır.
Bir çox yerlərdən fərqli olaraq “qapı pusdu”, “qulaq falı” və s. kimi adlanan görənəyə (adət) Nehrəmdə “açar salma” deyilir və bu görənək axır çərşəmbə günü edilir. Axır çərşəmbə günü axşam camaat, əsasən də nigaranlığı olanlarla gənc qızlar və oğlanlar hərə bir açar götürər, istənilən bir evin qapısı arxasında yaxud da evlərə yaxın olan, gediş-gəliş çox olan dörd yol ayrıcında açarı ayağı altına qoyaraq ailə üzvlərindən birinin danışığına ya da ilk eşidəcəyi sözə görə ürəyində niyyət tutar. Axır çərşənbə gününün “açar salma” olduğunu bildiyi üçün həmin axşam hamı bəd söz danışmaqdan çəkinər, sorunlardan söhbət açmaz, açar salanın razı qalması, xoş ovqatda köklənməsi, arzularının həyata keçməsi və niyyətinin qəbul olması üçün ev əhli xoş söz söyləməyə, deyib-gülməyə, zarafatlaşmağa çalışar.
Nehrəmdə Azərbaycanın başqa yerlərindən fərqlənən əsas bayram  görənəklərindən (adətlərindən) biri də papaq atmadır. Nehrəmdə bu görənəyi də axır çərşəmbə günü edirlər və adına da “torba atmaq” deyilir. Əvvəllər müxtəlif yeyinti məhsullarının-meyvə qaxlarının, alça qurusunun, kişmişin, mövüzün, lobyanın, noxudun, qurudulmuş göyərtilərin və s. saxlanması üçün parçadan balaca kisələr, torbalar hazırlanırdı. Nehrəmdə heç kim papağı nə qapı ağzına qoyar, nə də atar. Ona görə də gənclər və uşaqlar papaq əvəzinə belə torbanı atır. Ailələr isə atılan torbanı heç vaxt boş qaytarmaz, mütləq içinə azdan-çoxdan bir miqdar bayram payı-yeddiləvin qoyar. Xatırladım ki, bu görənəyin özü də Azərbaycanın müxtəlif yerlərində müxtəlif cür adlanır. Məsələn bu görənək Təbrizdə “şal sallamaq”, Bakıda “papaq atmaq”, Nehrəmdə isə” torba atmaq” adlanır. Necə ki, ustad Şəhriyar deyirdi:
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Şal istədim mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.
Bildiyimiz kimi Azərbaycanın bir çox yerlərinəd axır çərşəmbə günü aş bişirilir. Azərbaycanın çox yerində “aş” kimi tanınan bu xörəyə Nehrəmdə “plov” deyirlər və “plov”u Nehrəmdə axır çərşəmbə günü yox bayram axşamı, yəni martın 20-də bişirirlər. Bayram axşamı bişirilən bu “plov”dan da yenə ən yaxın kişi qohumlar (ata, evi ayrı olan oğullar və qardaşlar) qadın qohumlara (anaya, evi ayrı olan qız övladlara və bacılara) pay göndərirdilər. Bu payın üstünə əgər “Yeddiləvin”də xələt qoyulubsa, yaddan çıxan bir şey olmayıbsa əlavə heç nə qoyulmazdı. Pay aparana isə yalnız bayram yumurtası verirdilər.
 
Xanbəzəmə
Növruz bayramında Nehrəmdə keçirilən tədbirlərin ən maraqlısı və coşğulusu Xanbəzəmə mərasimidir. Xanbəzəmə mərasimi bəlkə də xalqımızın tarixi, mədəniyyəti, dövlətçiliyi, idarəetmə sistemi ilə yanaşı bir çox digər gələnək və görənəyini itib-batmaqdan qoruyan, özündə yaşadan və milli özünüdərkə xidmət edən ən böyük folklor nümunələrindən biridir.
Xanbəzəmə mərasimi bayramın ilk günü, yəni martın 21-də səhər saatlarında keçirilir və təxminən üç-dörd saat davam edir. Xanbəzəmə mərasimi keçiriləcək meydan əvvəldən bəzədilir. Xan üçün hamının görə biləcəyi hündür bir yerdə xüsusi taxt qurulur. Taxt həm xalı-xalçalarla bəzədilir, həm də taxta  Novruzun bütün nümətlərindən istifadə olunmaqla düzəldilmiş gözəl xonçalar düzülür. Meydanın başqa bir hissəsində isə yenə hamının görə biləcəyi bir sahədə çalğıçılar, pəhlivanlar və Novruz bayramının simvolu olan kosanın və keçəlin fəaliyyəti üçün yer müəyyənləşdirilir. Yuxarıda qeyd etdim ki, Novruz bayramı günü xəstələri və yenicə gəlin köçmüş xanımları ( xatırladım ki, Nehrəmdə təzə gəlinlər yeni evliliyin yaratdığı xoş ovqat pozulmasın və gözə gəlməsin deyə bir neçə gün ailə üzvlərindən başqa heç kimin üzünə çıxmazlar) çıxmaqla hamı Xanbəzəmə mərasimində iştirak edir və mütləq təzə geyinib gəlirdi. Məncə bu sadəcə bayram olduğu üçün deyil. Çünki, yalnız bayram olduğu üçün hamı təzə geyinmiş olsaydı o zaman digər bayramlarda (Ramazan bayramında, Qurban bayramında, sovet bayramlarında və yaxud da toy mərasimlərində) da təzə geyinmə halı olardı. Amma çox qəribədir ki, Xanbəzəmədən başqa heç bir bayram və şənlikdə əhalinin hamısının təzə geyinmə halı olmur. Məncə burda əhalinin hamısının təzə geyinməsi, əsasən Xanın görüşünə daha səliqəli, daha gözəl görünümdə gəlməklə, Xana hörmət, ehtiram və sevgi ilə bağlıdır. Buradaca qeyd edim ki, hamı bütün işlərini, hətta bayramın ən mühüm görənəyi olan “görüş”ü belə təxirə salaraq, sonraya saxlayaraq Xanbəzəmə mərasiminə gəlir.
Sovet dövründə bizə bəy və yaxud xanın yaraşıqsız, yöndəmsiz, mədəniyyətdən və insanlıqdan uzaq, yekəxana, ədalətsiz, hər işi öz istəyinə və xeyrinə həll edən, çox zalım, qəddar və insafsız, həddən atrıq riyakar və yalançı, pulgir, acgöz və tamahkar olduğu aşılanırdı. Çox acınacaqlı haldır ki, bu gün də bəy və xan haqda yaradılan təsəvvür sovet dövründə aşılanandan fərqli deyil. Ancaq qəribədir ki, Novruz bayramında Nehrəmdə keçirilən Xanbəzəmə mərasimindəki Xan bütün yuxarıda dediklərimizin əksinə təqdim olunur.
1. Xan olaraq kəndin ən boy-buxunlu, qollu-biləkli, enlikürək, yaraşıqlı və gur səsli kişilərindən biri seçilirdi.
2. Xan çox alicənab, ağıllı, yer-yurd bilən, ədalətli, qorxmaz, gözü-könlü tox, əliaçıq, kimliyindən asılı olmayaraq hamıya diqqətli və həssas, yüksək mənsəb sahiblərinə, ətrafındakılara və yaxınlarına qarşı çox ciddi və qətiyyətli, rəyətə-camaata qarşı  cox səbrli, mehriban və qayğıkeş kimi təqdim olunur.
Burda bir neçə məsələni qeyd etmədən keçməkj olmaz. Məsələnin birincisi odur ki, bəs bu mərasimin ssenarisini, təşkilatçılığını kim və ya kimlər edirdi? Çox maraqlıdır ki, burda nə kağız üzərində ssenari yazılırdı, nə də ayrıca zallarda məşqlər edilirdi. Bu mərasimin ssenarisi xalq tərəfindən xalqın yaddaşına yazılıb. Mərasimin ən gözəl ssenarisi xalqın gələnəyi və görənəyidir. Camaat bu mərasimə o qədər hazır idi ki, bəzən çayxanada, bəzən camaatın toplaşdığı kənd içində, bəzən isə o ərəfədə olan toyda məsələ müzakirə olunar qərar verilərdi. Ən son variantda isə bayrama dörd beş gün qalmış əvvəlki illər Xanbəzəmə mərasimində iştirak edənlərdən biri uyğun bildiyi adamları bir yerə toplar, məsləhət-məşvərət eliyər, öz aralarında iş bölgüsü aparıb dağılışardılar. İş tapşırılan adam isə bütün məsuliyyəti ilə öhdəsinə götürdüyü işi ləyaqətlə yerinə yetirməyə çalışar və başqalarından yardım istəməkdən, məsləhət almaqdan çəkinməzdi. Xanın necə seçilməsi də maraqlıdır. Xanın kim olması üçün əvvəllər Xan olmuş adamlarla,  bu mərasimdə yaxından iştirk edənlərlə və nüfuzlu  adamlarla məsləhətləşmələr aparılar ümumi rəyə uyğun bir nəfər seçilərdi.
Xanbəzəmə mərasimi Nehrəmin ən qədim məhəlləsi olan Çaylaq məhəlləsində keçirilərdi (1990-cı ildən əhalinin çoxluğu nəzərə alınaraq bu mərasim kəndin stadionunda keçirilirdi). Çaylaqda kəndin bütün əhalisi toplaşıb Xan üçün qurulmuş səhnəni üzük qaşı kimi əhatyə alaraq Xanın gəlişini gözləyərdi. Yuxarıda qeyd edtik ki, Xan üçün xüsusi taxt qurulurdu. Meydanın bir tərəfində çalğıçılar Cəngi və müxtəlif çoşğulu musiqi çalır, güləşən, daş oynadan, ağırlıq qaldıran pəhləvanlar (bəzən isə kəndirbazlar da), kosa, keçəl və təlxəklər öz məharətlərini göstərərək camaatda əsl bayram ruhu, bayram coşğusu yaradırdı. Xan əsl xan geyimində və başında börk, faytonda və yaxud ən gözəl atın üstündə şux oturaraq, qürurlu görkəmdə, vəzir, vəkil və əyanları ilə birlikdə, xüsusi mühafizə dəstəsinin (xatırladım ki Xanın ətrafında olanların hamısı həm milli, həm də tutduğu mövqeyə uyğun geyimdə olur. Mühafizə dəstəsində olanlar da Xana yaraşan şəkildə milli geyinmiş say-seçmə cavanlardan təşkil edilir) əhatəsində meydana gəlir. Xan meydana gələndə hər yerdən alqışlar və Xana sevgi və hörmət bildirən müxtəlif  şüarlar səslənir. Xan taxtına keçənədək qulaq batıran alqış səsləri və sevgi şüarları ilə gurlayan meydan  Xanın taxtına oturması ilə bir andaca səssizliyə qərq olur. Hamı səssizcə Xanın hərəkətlərini izləyir. Xan əyan-əşrəfinə, ətrafındakılara kimsənin duymayacağı şəkildə müəyyən tapşırıqlar verdikdən sonar ayağa qalxır. Xan ilk öncə hamının eşidəcəyi uca səslə əhalini salamlayaraq bayramını təbrik edir, onlara xoş arzularını bildirir. Təbrikdən sonar Xan əhalinin ondan bir istəyinin olub-olmadığını soruşur. Bununla yanaşı vəzir-vəkilinə (vəkil əsasən qazı, məhkəmə vəzifəsini yerinə yetirir) də əhalinin vəziyyəti ilə maraqlanmağı tapşırır.
Baxmayaraq ki, bu bir şənlikdir və Xan da qanuni baxımdan heç bir səlahiyyət sahibi deyil, ancaq çox qəribədir ki, kimliyindən asılı olmayaraq hamı Xana tabe olar, Xanın bütün tələb və göstərişlərinə xüsusi hörmət və ehtiramla əməl edər, onun verdiyi cəzaları qəbul edirdi. Xan əhalinin şikayət etdiyi rəsmi səlahiyyət sahiblərini-kənd icra nümayəndəsini, bələdiyyə sədrini, məktəb direktorlarını, baş həkimi, iş adamlarını və s. (əvvəllər kənd sovetinin sədrini, kolxoz sədrini, ferma müdürini, anbardarı,mağaza müdirlərini, hətta rayonda işləyən vəzifəlilərdən şənlikdə iştirak edənləri belə) həm camaatın şikayətinə görə, həm də ona çatan məlumatlara görə, bunların heç biri olmadıqda isə onlardan vəziyyətlə bağlı məlumat almaq, yaxud da onların fikir və məsləhətlərini öyrənmək üçün hüzuruna çağırar, onlardan hər hansı məsələ ilə bağlı məlumat alar, onlarla məsləhətləşər, ehtiyac olduğu halda isə onları cərimələr, cəzalandırar  ya da mükafatlandırardı. Təsadüfi cığallıq etmək istəyən və yaxud da şənliyi daha da coşdurmaq məqsədi ilə Xanın çağrışına getməkdən boyun qaçıran olanda isə xüsusi cəza dəstəsinin üzvləri-fərraşlar həmin adamı 1-1.5 metr uzunluğunda çubuqlarla şallaq vura-vura Xanın hüzuruna gətirərdilər. Həmin adamın cəzası və cəriməsi könüllü gələnlərin, ya da çağışa uyanların cəzasəndan və cəriməsindən ağır olurdu. Hər bir şikayətdən, yaxud dinləmədən sonar Xan çalğıçılara, daş qaldıran və güləşən pəhləvanlara, bəzən olduqda isə kəndirbazlara öz məharətlərini göstərmələri üçün müəyyən tapşırıqlar verərdi. Hamının Xana tabe olduğu halda kosa, keçəl və təlxəklər isə bütün hərəkətlərində və danışıqlarında tam sərbəst olurdular. Onlar hətta istədikləri vaxt Xanı yamsılaya, onu məsxərəyə qoya, tənqid edə və ona irad tuta bilrərdilər.
Xanbəzəmə mərasimində vergi, yardım, cərimə və girov adıynan yüksək mənsəb sahiblərindən, imkanlı şəxslərdən və könüllülərdən bəzən böyük miqdarda pul toplanırdı. Burdaca qeyd edim ki, könüllü olaraq Xanın hüzuruna gələrək yardım edənləri, vergi verənləri və Xana pay gətirənləri Xan mütləq mükafatlandırır, onlara xonçalarda olanlardan müəyyən hədiyyələr verirdi. Xüsusi olaraq onu vurğulamaq istəyirəm ki, kimliyindən asılı olmayaraq hər bir adamın Xana gətirdiyi payın, veridiyi yardımın, verginin və cəzanın məbləği əyanlardan biri, əsasən vəkil tərəfində uca səslə hamıya bildirilirdi. Sonda isə Xan yığılan bu pulların böyük hissəsinin kəndin imkansız ailələrinə, bir qisminin isə mərasimin keçirilməsində əziyyət və xərc çəkənlərə paylanmasını təmin edirdi.
Yuxarıda qeyd etdik ki, Xan yüksək mənsəb sahiblərinə, öz ətrafına və yaxınlarına qarşı çox ciddi və qətiyyətlidir. Əgər şənlikdə hər hansı bir adam Xana vəzirinin, vəkilinin və ya hər hansı bir yaxının ədalətsizlik, haqsızlıq, saymazlıq, tərəfbazlıq etdiyini, yaxud da onu incitdiyini desə həmin adam ən azından hamının qarşısında tənbeh olunacaq, amma şahidlərlə sübut etsə həmin adam ağır cəza alacaq və böyük miqdarda cərimələnəcəkdi.
Şənlikdə ağırlıq qaldırma, daş oynatma və güləş yarışması keçirilirdi. Bu yarışmaların hər biri Cəngi və yaxud digər coşğu yaradacaq musiqinin müşayəti ilə olurdu. Mərasimdə əsasən təbil, nağara, qarazurna, bəzən isə saz, tar və kamançadan istifadə edilirdi.
Görüş
Nehrəmdə Novruz bayramının ən gözəl görənəklərindən (adətlərindən) biri də görüşdür. Görüş günü hər bir evdə süfrə açılır və Novruz bayramına aid bütün nemətlərdən bu süfrəyə düzülür (bu süfrə əvvəllər yerə sərilirdi, son zamanlar isə süfrə əvəzinə masa üzərinə düzülür). Nehrəmdə bayram günü, yəni martın 21-i səhər tezdən-saat səkkiuzdən kəndin bütün cavanları oncə qonşuluqda  sonar isə tayfada olan yaşlıları, ağsaqqal və ağbirçəkləri görməyə gedir. Bu görüşlər yaş ardıcıllığı ilə davam edir. Adətən cavanların və orta yaşlıların (əsasən 30-50 yaşı olanlar) qonşuluqadakı və tayfadakı ağsaqqal və ağbirçəklərlə görüşü Xanbəzəmə mərasiminə qədər qurtarır. Bu ona görə belədir ki, əlli yaşdan yuxarıların görüşünə gələnlər çox olduğu üçün onlar evdən çıxa bilmir və daha böyük yaşlıların görüşünə Xanbəzəmədən sonar, daha böyük yaşlılar isə özlərindən böyüklərin görüşünə sonrakı günlər gedir. Görüşünə gedilən kişidirsə ona əsasən ya tək bir alma, ya da alma ilə yanaşı bir cüt də corab aparılır, qadındırsa o zaman  görüş hədiyyəsi olaraq bir cüt corb, bir köynək, bir yaylıq (adi yaylıq, kalğayı və ya xud yun şal deyilən böyük yaylıq da ola bilər), müxtəlif geyim (üst köynəyi (kofta), oyma) və ya parça aparılır. Görüşə gedən kişidirsə o evin kişisinə bir alma, xanımına isə yuxarıda qeyd etdiyimiz hədiyyələrdən birini aparır və evdə olan digər adamlarla bayramlaşarkən isə şirinlik olsun deyə bir neçə konfetlə bayramlaşır. Görüşə gedən xanım olduqda isə o adətən evin kişisinə corab, evin xanımına yuxarıda qeyd etdiyimiz hədiyyələrdən birini və evdə olan körpələrə isə corab, yaxud geyim və boyanmış yumurta aparır, evdə olan digər adamlarla isə heç bir hədiyyə vermədən bayramlaşır. Əgər görüşə gələn  xanımdırsa və onun balaca (15 yaşa qədər) uşağı varsa ev sahibləri həmin uşağa bir hədiyyə qoyur (uşaq oğlan olduqda adətən mütləq boyanmış yumurta da qoyulur). Novruz bayramı günü Nehrəm kəndində hər bir kişi qarşısına çıxan tanıdığı bütün kişi cinsinə məxsus insanlarla şirinlik olsun deyə bir neçə konfet verməklə bayramlaşır. Əgər yaşlı bir adamın qarşısına çıxan uşaq və ya yeniyetmədirsə adətən belə hallarda yaşlılar konfet verərək bayramlaşır. Həmçinin də xanımlar bayram günü qarşılarına çıxan tanıdıqları bütün xanımlarla əli boş olsa belə mütləq bayramlaşırlar. Bayramlaşarkən isə biri “bayramın(ız) mübarək” dediyi halda digəri “yüz (yaxud da neçə belə) belə bayram görə(siz)sən” deyə cavab verir. Nehrəmdə kəndin böyüklüyünə, tayfaların böyüklüyünə və qonşuların və tayfanın hamısının bir birinin bayram görüşünə getdiyinə görə bu bayramlaşmalar bəzən bayramdan bir həftə, hətta on gün sonraya qədər davam edir.
Bünyamin Qəmbərli

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın