Ana səhifə / Şou Biznes / “Neft daşları”nda itkin düşənlərin ailəsinə yardım verilmədi

“Neft daşları”nda itkin düşənlərin ailəsinə yardım verilmədi

Baş nazir Artur Rəsizadə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların və itkin düşənlərin hər birinin ailəsinə Ehtiyat Fondundan 15 min manat birdəfəlik maddi yardım ödənilməsi ilə bağlı sərəncam imzalayıb.

Lakin birdəfəlik maddi yardım “Günəşli” fəlakəti ilə eyni gündə – dekabrın 4-də “Neft daşları”nda qasırğa zamanı itkin düşən 3 neftçinin ailəsinə şamil edilməyib.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban “Neft daşları”nda itkin düşən 3 neftçiyə birdəfəlik maddi yardım verilməməsinə etiraz edir: “Bu sərəncam “Neft daşları”nda öz vəzifə borcunu yerinə yetirərkən iş başında həlak olan 3 neftçiyə niyə aid edilməyib? Onlarin ailələrinin də 15 min manat birdəfəlik yardım alması üçün yanğın olmalı idimi?”

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlıda “Neft daşları”nda itkin düşənlərə birdəfəlik maddi yardım verilməsini istəyib.

Təşkilatın hüquqşünası Azər Quliyev isə virtualaz.org saytına açıqlamasında hər iki qəzanın eyni gündə baş verməsindən “Neft daşları”nda itkin düşənlərin gölgədə qalmasından narazılığını bildirdi:“15 min manat birdəfəlik maddi yardım ailələrin sosial vəziyyətini yaxşılaşdırmağa yönəldilib. Yəni bu yardıma dövlət qərar verir, buna görə də digər itkin düşənlərə şamil edilməyə bilər.  Lakin “Neft daşları”nda itkin düşənlərin ailələri də çıxılmaz vəziyyətdədir. Onların arasında ayrı-seçkilik qoyulması doğru deyil”.

Dövlət Neft Şirkəti mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə virtualaz.org saytına “Neft daşları”nda itkin düşənlərə digər şəkildə yardım göstəriləcəyini dedi: “Həmin neftçilərin ailələrinə kompensasiya və qanunla tənzimlənən digər yardımlar göstəriləcək. Sərəncamın onların ailələrinə şamil edilib-edilməyəcəyini isə hələlik söyləyə bilmərəm”.

Qeyd edək ki, “Neft daşları”nda itkin düşənlərin ailələri axtarış tədbirlərindən də narazılıq edirlər.

Onu da xatırladaq ki, dekabrın 4-də “Neft daşları” Neft-Qaz Çıxarma İdarəsinin 501 saylı özülündə baş vermiş qəza nəticəsində estakada döşəməsi üstündəki yaşayış köşklə birlikdə uçaraq dənizə düşüb.

Hadisə nəticəsində buxar aqreqatının maşinisti, 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları – 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov itkin düşüblər. Onların axtarışları hələ heç bir nəticə verməyib. Virtualaz.org

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın