Cümə , Fevral 3 2023
Ana səhifə / Şou Biznes / “Neçə nazir gəldi getdi, mənə nə etdilər?” – Mətanət Əsədova

“Neçə nazir gəldi getdi, mənə nə etdilər?” – Mətanət Əsədova

Mədəniyyət naziri Anar Kərimov tutduğu vəzifədən azad olunub.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Anar Kərimov Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin edilmişdi.

Bəs görəsən, sənət adamlarının təyin olunacaq yeni nazirdən gözləntiləri nədir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Mətanət Əsədova artıq nazir postuna təyin olunanlardan heç nə gözləmədiyini bildirib:

“Mən artıq bu mövzuda nəsə deyə bilmirəm. Bu gün dövlət tədbirlərinə sənətkar, gözəl səs lazım deyil. Buna görə həmin tədbirlərdə mən olmuram. 

Guya digər mədəniyyət nazirlərindən nə gözlədim, işdən azad olunan nazirdən nə gördüm ki, başqalarından da nə isə gözləntim olsun? Mən artıq heç nə gözləmirəm. Posta kim gələcəksə, Allah can sağlığı versin, işində müvəffəqiyyətlər arzu edirəm. Neçə nazir gəldi getdi, Mətanət Əsədovaya nə etdilər? Mədəniyyət Nazirliyinin nəzdində olan sənətkar idim də, biri məni axtardımı, maraqlandımı? Bundan sonra nəyimə lazımdır? Allah hamısını var etsin. Kim gələr, kimi çıxararlar bunu “yuxarılar” bilər, mən heç birinə qarışmıram”.

Müğənni bu gün əsl sənətə dəyər verilməməsindən gileylənib və göz yaşlarına hakim ola bilməyib:

“Məni tədbirlərdə də, məclislərdə də gördülər, səsimi eşitdilər, sənətimin şahidi oldular. Azərbaycanda sənətə, gözəl səsə qiymət verən yoxdur. İllərdir mənim də heç bir fəxri adım yoxdur, çünki onlara oxumaq, səs, sənət lazım deyil. Tacir Şahmalıoğlu Qarabağın yanıqlı səsidir, Elman Namazoğlu simli alətlərin ustasıdır, onlara fəxri ad verdilərmi? Biz hamımız bir kateqoriyayıq hansımıza ad verdilər?! Bu mənim yaralı yerimdir. 

Səhnə fəaliyyətimin 32 ili tamam olub, bu bir igidin ömrüdür. Neynəməliyəm? Necə durum deyim? Mənim sənətim, səsim, səhnə performansım, görkəmim olmasa, gedib kiməsə müraciət edərdim, amma bunların hamısı məndə var. Onlar məgər bunu görmür?! Hər şeyi yaxşı görürlər. Cənab Prezident neyləsin, onların gətirib vəzifəyə qoyur ki, hər şeyi altlarına yığıb otursunlar? Mədəniyyət naziri sənətçi ilə maraqlanmalı deyilmi? İndiyə qədər heç nə olmayıb, bundan sonrakı nazirdən də heç nə gözləmirəm, kim nə istəyir etsin. Kim onlara xoşdur, çağırıb adı ona versinlər, daha heç nə istəmirəm. Təkcə Allahdan sağlam can istəyirəm, imkan versələr yaşayarıq”.

Həmçinin oxuyun

Natiq Dağlaroğlu onu bıçaqlayan şəxsdən 9 min pul alsa da, şikayətini geri götürmədi

Ötən il iyulun 2-nə keçən gecə Bakının Nizami rayonunda yerləşən “Altun saray” şadlıq evində məşhur …