Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” qəbul edilib.
Proqrama uğun olaraq tədrisə cəlb edilmiş aztəminatlı, sağlamlıq imkanları məhdud uşaqların məktəbli geyimi və ləvazimatları ilə təmin edilməsi diqqət mərkəzindədir.
Azinforum.az Naxcivantv.az-a istinadən xəbər verir ki, 15 sentyabr- Bilik Günü münasibətilə bu kateqoriyadan olan uşaqlara məktəbli geyimi və ləvazimatları təqdim olunmuşdu. Bu dəfə isə məktəblilər qış geyim dəstləri ilə də təmin olunublar.
Naxçıvan şəhərində və rayonlarda bu münasibətlə keçirilən tədbirlərdə Təhsil naziri Məmməd Qəribov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial reabilitasiyası, onların təhsilə cəlbi məqsədilə yaradılan şəraitdən bəhs ediblər.
Naxçıvan şəhərində və rayonlarda keçirilən tədbirlərdə ümumilikdə sosial müdafiəyə ehtiyacı olan 407 məktəbliyə pulsuz olaraq qış geyim dəstləri təqdim olunub. Distant tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud 24 uşağa qış geyim dəstləri evlərində verilib.
Tədbirdə iştirak edən sağlamlıq imkanları məhdud uşaqların valideynləri göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlıqlarını bildiriblər.