Bazar ertəsi , Aprel 22 2019
Ana səhifə / Şou Biznes / “Namiq aşıq deyil, ona görə də sazla şou göstərir” – Aşıq Toğrul

“Namiq aşıq deyil, ona görə də sazla şou göstərir” – Aşıq Toğrul

Aşıq Toğrul Ayrımelli “Yeni Müsavat” qəzetinin redaksiyasında qonaq olub.

Onunla sənətə gəlişindən, həmkarlarından və efirlərdə aşıq sənətinə göstərilən münasibətdən danışdıq: “Mənim dayım aşıq olub, onu dinləyərək böyümüşəm. Mən uşaq olanda hər həftənin şənbə günü Bakı radiosunda aşıq verilişləri efirə gedirdi. O qədər özümü o verilişlərdə təsəvvür etdim ki, bir də gördüm, aşıq olmağa hazıram. Səsim də yaxşı idi. Sonra atama yalvardım ki, mənə saz alsın, razılaşdı. Bakı şəhərinə gəldim, aşıq Ulduzun yanına getdim, onun işləri çox olduğu üçün Aşıq Azər Fərmayıloğlu ilə əlaqə saxladım, çox şeyi ondan öyrəndim”.

– Hazırda aşıq və muğam sənətinə efirdə çox yer verilmir. Bu, sizi narahat edirmi?

– İndi də aşıq verilişləri var, amma kimdir, onlara baxan? Həmin verilişlər gəncləri aşıq ruhuna kökləyə bilmir. Yeniyetmələr hazırda ancaq şou proqramlara alışır. Bizim bəlamız budur. Uşaqlar, gənclər efirdə müğənnilərin maşınlarına, evlərinə baxıb, həvəslənir, onlar kimi olmaq, elə danışmaq, geyinmək istəyir. Daha gəncləri sənət maraqlandırmır, onların qulağı bizim kimi sənətlə mayalanmayıb. Uşaqların qulaq yaddaşını valideyn formalaşdırmalıdır. Valideynlər aşıq musiqisinə, muğama qulaq assalar, uşaqların da zövqü formalaşar.

– Son zamanlar efirdə daha çox aşıq Samirə, Telli Borçalı, Əli, Namiq Fərhadoğlunu görürük. Onlar da çox zaman sənətdən danışmırlar. Məsələn, Telli Borçalı hər verilişdə 100 xəngəl yeməyindən, ərə getməməsindən, ərindən necə qorxmalı olmasından danışır. Siyahını uzatmaq da olar…

– Hər şeyi zaman bu vəziyyətə salıb. Telli Borçalını şou-biznes aşığı kimi tanıyırlar, amma onun çox gözəl sənəti var. Biz bunu bilirik, sadəcə olaraq, Telli sənət bilgisini ön plana çıxartmır. Şou-biznesi yığışdırsalar, bir çox aşıqlar dayandığı yerdə qalacaq. Amma Telli əsl aşıqlığı inkişaf etdirəcək. Samirə də savadlı aşıqdır, o, həm də pedaqoqdur. Aşıq Əlinin savadı 30 yaşlı aşığın deyil, 48 yaşlı aşığın savadına bərabərdir. Əli 8-9 dastan bilir. Namiq Fərhadoğlu isə aşıq deyil, instrumentalçıdır. Aşıq dastan danışar, danışmasa da bilər.

– Sazla şou göstərənlərə münasibətiniz necədir?

– Bəzilərinin sənəti var, bəziləri isə aşıq deyil. Sadəcə olaraq sazda ifa edə bilirlər. İstəməzdim ki, sazla o cür musiqilər ifa edilsin. Bunu əsasən Namiq edir, o da aşıq deyil, instrumentalçıdır. Bunu aşıq etsəydi, təəccüblənərdim, ondan küsərdim. Namiqdən isə inciməyə dəyməz.

– Aşıqların geyimi də tez-tez mübahisələrə səbəb olur. Əsasən də aşıq qadınların geyimi tənqid olunur…

– Geyim insanın abrıdır. Qadınlar qapalı, əlindəki saza uyğun geyinməlidir. Son illərdə kişilər kostyumdan istifadə edirlər, bu, normal haldır. Əvvəlki kimi aşıq geyimindən istifadə edilmir. Saz türkün özünü tanımasına səbəbdir. Hər geyimlə efirə çıxmaq olmaz. Sazın mənəvi dəyərini bilən ona xələl gətirməz. Son vaxtlar isə Aşıqlar Birliyi yeni aşıq geyimləri gətirib, mən də bəzən tədbirlərdə geyinirəm. Çuxadır, onun altından geyindiyimiz köynəkdir və papaqdır.

– Son illərdə aşıqlar əvvəlki kimi toylara dəvət almırlar. Sizi dəvət edən varmı?

– Hazırda aşıq sənəti asanlaşıb. 5 hava çala bilən özünü aşıq adlandırıb, toylara gedir. Əvvəllər isə hər kəs mən aşığam deyib, ortalıqda gəzə bilməzdi. Ondan aşıq havaları tələb edərdilər, deyərdilər ki, dodaqdəyməz, qıfılbənd, bəhri-divanı, gedərgəlməz, dildönməz oxu… Elə şeirlər var, baxırsan ki, aşıq dodağını tərpətmir, amma danışır. Əsl aşıqlar bunları bilir.

– Məlumdur ki, efirə əsasən qalmaqallı sənətçilər çıxarılır, populyar olmayanlardan isə pul tələb edilir. Efirlərlə bağlı problem yaşayırsınız?

– Yaşamıram. Özümü görmədiyim proqramlara çıxmıram. Dədə Ədalət deyirdi ki, mən sazı başımın üstünə qaldırıram, siz yerə endirirsiniz. Yerə endirənlərlə eyni proqramlara çıxmıram. Bundan əlavə, aşıq sənətindən anlayışı olmayan aparıcıların proqramlarına qatılmıram. Növbə ilə dövlət kanalına çıxırıq. Ondan başqa da dövlət tədbirlərində iştirak edirəm. Mən  heç vaxt deməmişəm ki, bütün verilişlərə çıxım, bütün tədbirlərdə oxuyum. Aşıq sənətinin vurğunlarının izlədikləri proqramlara çıxıram.

Könül,
Musavat.com


Həmçinin oxuyun

Zümrüd: “Bilsəm ki, ərim kiminləsə eşq yaşayır, onu…”

Tanınmış aktrisa Zümrüd Qasımova sənəti və şəxsi həyatı ilə bağlı suallarımızı cavablandırıb. Yenicag.az xəbər verir ki, …