Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Nəzrin Cavadzadə: “Ünvanıma o qədər qəzəbli rəylər yazıldı ki…” – FOTO, VİDEO

Nəzrin Cavadzadə: “Ünvanıma o qədər qəzəbli rəylər yazıldı ki…” – FOTO, VİDEO

“Bestyle” onlayn dərgisinin fevral buraxılışı Azərbaycan əsilli türkiyəli aktrisa Nəzrin Cavadzadənin fotosu ilə açılır. Jurnal 2013-cü ildən yayımlanır və əsasən məşhur insanların, kino ulduzlarının, şou-biznes nümayəndələrinin həyat və fəaliyyətini işıqlandırır.

“Bu ayın qonağı qısa zamanda möhtəşəm uğurlara imza atmış, içərisində yer aldığı bütün layihələrdə adını yaddaşlara yazmağı bacarmış bir şəxsdir. Oynadığı seriallarda və filmlərdə olduqca bacarıqlıdır. Bu – kiçik yaşlarından Türkiyəyə köçmüş və bildiyi dillər sayəsində hər kəsi valeh edə bilmiş, fərqli və gözəl ada sahib Nəzrindir. Aktrisalıq fəaliyyətində olduğu kimi, şəxsi həyatında da ən xırda detallara əhəmiyyət verən biridir. Hər gün artan mükafatlarının sayını görüncə, ona həsəd aparmamaq mümkün deyil” – “Bestyle” Nəzrin Cavadzadə ilə müsahibəsini bu formada tədqim edir.

Yeni “Aşk tesadüfleri sever 2” türk filminin ilk təqdimatı yanvarın 29-da İstanbulda baş tutdu. Filmdə əsas qadın rolunu Nəzrin Cavadzadə oynayıb.

AYNA-ya eksklüziv açıqlamasında aktrisa təəssüratlarını bölüşür: ““Aşk tesadüfleri sever” adlı ilk filmin uzun müddət əvvəl çəkilməsinə baxmayaraq, türkiyəli tamaşaçılar onu hələ də xatırlayır və sevirlər. Buna görə ikinci filmin necə qəbul ediləcəyini həyəcanla gözləyirdik. Lakin bütün kollektivin – rejissorların, ssenaristlərin və aktyorların işi hədər getmədi. Film uğurlu alındı, hər halda Türkiyə mediası belə yazır. Yanvarın 31-dən etibarən o, artıq Türkiyənin kinoteatrlarında nümayiş olunur”.

Nəzrin bizi daha bir xəbərlə heyrətləndirdi. Belə ki, filmdəki bütün mahnıları o, özü ifa edir: “Mən bir neçə dəfə teatr tamaşalarında oxumuşam, hətta akkordeonda da ifa etmişəm. Ancaq səhnədə oxumaqla filmdə oxumaq fərqlidir. Çox həyəcan keçirdim. Bir neçə ay vokal dərsləri aldım. Hətta bir neçə dəfə başqalarından xəlvət Bakıdan olan yaxın qohumlarımın qarşısında çıxış etdim. Vokal müəllimimin sözlərindən sonra isə özümə inam yarandı, “Qız, sən peşəni səhv seçmisən. Oxumağa başla, albom çıxar” – dedi” (gülür – müəll.).

Filmin təqdimatı Türkiyənin bir çox böyük şəhərlərində: Ankara, İzmir, Bursa, Əskişəhər, Antalya, Adana, Mersində keçiriləcək. Bu gün isə Parisdə baş tutacaq.

Aktrisa hazırda “Yasak elma” serialında çəkilir. Yeri gəlmişkən, bu, onun ilk mənfi roludur.

“Mən çoxdan özümü yeni ampulada sınamaq istəyirdim (gülür – müəll.). Mənim, demək olar ki, bütün qəhrəmanlarım güclü xarakterə malik müstəqil qadınlardır, həm də hədsiz dərəcədə müsbətdirlər. Mən çoxdan mənfi rolda oynamaq istəyirdim, nəhayət, belə bir fürsət ələ düşdü. Şahika (serialdakı qəhrəmanın adı) çox hiyləgərdir, mən onu sevmirəm, amma “pis qız” rolunu oynamaqdan həzz alıram. Təəssüf ki, izləyicilər həmişə filmdəki mənlə həyatdakı məni fərqləndirə bilmirlər. Qəzəbli şərhlər o qədər idi ki, hətta bir ara bu roldan imtina etməyi düşünürdüm. Ancaq sonra başa düşdüm ki, Şahikaya qarşı bunca nifrət yarada bilmişəmsə, deməli, doğrudan da yaxşı aktrisayam”, – müsahibimiz danışır.

“Aşk tesadüfleri sever 2” filminin Bakıda da təqdimatının olub-olmayacağına gəldikdə, Nəzrin indiyə qədər belə bir təklif almadıqlarını bildirdi.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …