Ana səhifə / Şou Biznes / Nənəm çox bic qadındır – Şərif Ağayarın yeni romanından parça

Nənəm çox bic qadındır – Şərif Ağayarın yeni romanından parça

“Qafqazinfo” yazıçı Şərif Ağayarın yeni çapdan çıxmış “Arzulardan sonrakı şəhər” romanından bir parçanı təqdim edir.  

Çəhrayı atlar tez-tez yuxuma girməyə başlamışdı. Elə tez-tez ki, bunun yuxu, yoxsa gerçək olduğunu ayırd edə bilmirdim.

Mən o atları lap balaca vaxtı üfüq boyu uzanıb gedən yaşıl təpəliklərdə görmüşdüm. Qüruba enən günəşin zərif şüaları altında çəhrayı rəngə çalırdılar. Uşaqlığım deyəndə gözümün önünə bu yaşıl təpəliklər, bu yaşıl təpəliklərdə gəzişən çəhrayı atlar gəlir. Atların ağzını kimsə məftillə bağlamışdı, otlaya bilmirdilər. Otlamaq istəyəndə məftil çənələrini kəsir, qanadır, qan quruyub yumşaq tüklərin ucunda qaysaq bağlayırdı.

Atlar qışqıra bilmir, kişnəyir, arada fınxırıb öskürür, bir də burunlarında, boğazlarında danışır, deyinirlər. Ağzı bağlanmış atlardan səs-səmir gəlmirdi; ya lal idilər, ya da uşaq olduğuma görə mənimlə danışmırdılar. Mən də yaxınlaşıb onları tuta bilmirdim, saçlarını sığallaya bilmirdim, ağızlarındakı məftili aça bilmirdim. Buna görə əzab çəkir, bəzən oturub ağlayırdım. Əgər o atları tutub ağızlarındakı məftili açsam, bir daha yuxuma gəlməz, məni ağlatmazdılar. Bunlar bir yana, dərdimi kiməsə deyə bilmirdim. Çünki balaca idim, gördüklərimi danışmağa söz tapmırdım. Ona görə qohumlar yığışıb məsləhət elədilər ki, məni şəhərə gətirib, əsəb həkiminə göstərsinlər.
Xəyal dünyamda adını Arzular qoyduğum bu şəhərə ilk dəfə beləcə gəlmişəm və gördüyüm gündən bir könüldən-min könülə aşiq olmuşam.

Göbəyimi kəsib bura atıblar elə bil. Səkiləriylə yeriyəndə özüm salmışammış kimi arxayınam. Küçədə-bayırda qayğılı-qayğılı dolaşan adamların adını bilməsəm də üzdən hamısı tanışdır. Hardasa mütləq görmüşəm; ya bazarda, ya məktəbdə, ya dövlət tədbirlərində, ya məhərrəmlik mərasimində, ya valideyn iclaslarında, ya çayxanada… Məni də soruşan olsa çoxu adımla xatırlamaz, balaca avtovağzalda bekarçılıqdan gah təsbeh çevirən, gah krossvord yazan, gah da arxa oturacağa yayxanıb mürgüləyən taksi sürücüləri “Hə, o arıq, qarayanız uşaq… Nənəsiylə bax o binada qalır”, – deyib yaxınlıqdakı dördmərtəbəni göstərər, sifətlərinə ciddi görkəm verib əlavə edərlər: “Deyəsən, gəlmələrdəndir!” Düz deyirlər, mən doğrudan da avtovağzaldan azca aşağı, dördmərtəbəli binada nənəmlə yaşayıram, özüm də gəlməyəm. Biz üç il əvvəl şəhərin təxminən on-on beş kilometr qərbində yerləşən yaşıl təpələrin arasındakı kənddən köçüb gəlmişik. Gözümü açandan bizim yerlərdə müharibə gedir. Kəndimiz işğal olunmasa da oralarda yaşamaq təhlükəlidir.

Arzular şəhərində hamımız həyata keçməyən çoxlu arzularla yaşayırıq. Arzulardan sonra da bir şəhər var və biz bütün arzularımıza çatanda o şəhərin sakinləri olacağıq. Bəs adı nədir o şəhərin, harda yerləşir? Bilmirəm. Bircə onu bilirəm ki, orda hər şey ürəyimcədir, nə deyirəm o olur. O şəhərin tanrısı mən özüməm. Yaxınlığında eynən kəndimizdəki kimi yaşıl təpəliklər var, ordakı atların ağzını heç kim bağlamayıb, rahatca otlayır, kişnəyir, fınxırıb-öskürür, nəhəng dalğalara bənzəyən sonsuz yaşıllığın içində xoşbəxt xəyal kimi üzürlər. Qocalıq, xəstəlik, ölüm deyə bir şey yoxdur, adamlar qayğısız, mehribandır, küçə itləri gecələr kədərlə ulamır, ağaclar yarpağını tökmür, müharibələr, yanğınlar, təbii fəlakətlər baş vermir. Hətta evlər də uçmur, maşınlar da xarab olmur. Məncə, Arzulardan sonrakı şəhərin adını tapsam, yerini də taparam və ora asanlıqla gedə bilərəm. Ona görə həmişə axtarıram. Günlərin bir günü mütləq tapacağam.

Əsəb həkiminə nənəmlə gəlmişdim. Heyf, nənəmi yaxından tanımırsınız. Belə insanlarsız dünya darıxdırıcı olardı. Əslində, mən Arzular şəhərini həm də nənəmə oxşatdığım üçün sevirəm. Onun kimi sevimli, onun kimi bezdiricidir. Arzular şəhərindən də eynən Nənəm kimi yayda toz, qışda palçıq iyi gəlir. Nənəmdən başqa heç kimim, Arzular şəhərindən başqa heç nəyim yoxdur. Elə nənəm özü də Arzular nənəsidir. Gələcəyim üçün elə planlar qurur, sanarsan ömür yaşamayacam, uzunmüddətli layihə həyata keçirəcəm.

Arzulardan sonra bir şəhər, nənəmdən sonra bir qadın vardı. Mən nə o şəhəri, nə o qadını tanıyırdım, amma hər ikisinə bütün varlığımla can atırdım. Günlərin bir günü nənəmdən sonrakı qadını tapdım, tez də itirdim. O da həyata keçməyən arzu olaraq qaldı və Arzular şəhərinin əbədi sakininə çevrildi. Müdhiş ayrılıq içimdəki mağmınlığın əbədi hakimiyyətini qurdu. Bəli, mənim içimdə üç fərqli insan var: birincisi kefcil, ikincisi mağmın, üçüncüsü əzazildir. Bu xasiyyətlərimdən hansının nə zaman işə düşəcəyini özüm də bilmirəm. Uşaq vaxtı Hindistana aid kitablarda yekə bir əlin insanı göydən marionet kuklalar kimi iplə idarə etdiyini görmüşdüm. Məndə də belədir. Bütün daxili dünyam üç iplə göydəki yekə əlin baş, şəhadət və orta barmaqlarına bağlanıb. Hansı ip çəkilsə, o tərəfim üzə çıxır, hərəkətlərimə biçim verir. Sevgi dayanmadan mağmınlıq ipimi tərpədir, məni halbahal edirdi.

Əsəb həkiminin qəbul otağına çatanda nənəm növbədəkilərə məhəl qoymadan üstünə “Vraç” yazılmış qapını ustufca itələdi, donqar burnunu içəri uzadıb mızıldadı. Həkim “buyurun” deyəndə irəli durdu. Kaş yaxından görəsiniz nənəmi. Boyu balacadır. Cəmi 154 santimetr. Bir qarış boyuna rəğmən yerə-göyə sığmayan hikkəsinə görə ona ürəyimdə Miss 154 deyirəm. Dişlərinin çoxu tökülüb, qalanı əyri-üyrüdür. Ağzında qumbara partlayıb elə bil. Hirslənib danışanda ətrafa tüpürcək saçılır. Susub durduğu vaxt sanarsan ağzında tilişkəli sümük tutub. Belinin sağ tərəfi donqardır. Bu dünyada ən böyük arzularımdan biri nənəmin donqarını görməkdir. Amma mən onu nəinki çılpaq, heç başıaçıq görməmişəm. Bir evdə yaşasaq da, necə soyunub-necə geyindiyindən xəbərim olmur. Yatanda başına gecə yaylığı bağlayır. “Gecə yaylığı!” Belə də ad olar? Amma buna başqa nə ad verəsən? Yəqin, varlı ailələrdə qadınlar yatanda başlarına xüsusi geyim keçirirlər. Saçları əzilməsin, tökülməsin, inciməsin deyə. Daha nənəm kimi cırıq cında sarımırlar. Bununku nəsə başqa şeydir. Qıraqdan bostan oyuğuna oxşayır. Nənəmə görə, qadının başıaçıq gəzməsi qəbahətdir. Yüngül cuna da olsa örtməlidir. Hətta yatanda da! Yuxuda da başıaçıq gəzmək olmazmış. Nədənsə nənəmə elə gəlir ki, qadının geyim və davranış qaydalarını heç kim onun kimi dürüst bilmir. İnkişaf eləmiş şəhərlər, ölkələr, bu barədə yazılmış jurnallar, kitablar hamısı boş-boş şeylərdir. Bəli, məhz “boş-boş şeylər”. Başqa yaşlılar bir az yumşaq danışırlar: “Sən onlara fikir vermə, hər yerin öz adəti var.” Nənəmsə qətiyyətlidir: “Qələt eləyirlər! Onlar gavurdular! Danışıqları da pisdi, geyimləri də, niyyətləri də. Allah hamısına qənim olsun!”

Nənəm deyir, şəhərimizin on-on beş kilometrliyində gedən müharibəni də cəmi dünyanın gavurları törədib, birinin-beşinin işi deyil. Məqsədləri bütün müsəlmanları qırıb yer üzündən silməkdir. Çünki onlar şeytanın qoşunudur. Müsəlmanlar Allah yolunda vuruşurlar, ona görə sözü bir eləyib bu gavurların axırına çıxmalıdırlar.

Guya abır gözləyir, başını açmır, gəl ki, başqa nənələr kimi uzun tumanı da yoxdur. Ətəyi dizindən bir az aşağıdır. Ayağına qaloş geyinir. Ətəyinin altından mötərizə kimi əyri qılçalar başlayır. Məşhur dəvə və əyrilik söhbətini heç nəyi dəyişmədən nənəmə şamil eləmək olar. Bircə əlləri gözəldir. Elə yumşaq, elə isti, elə məhrəmdir ki! Onun əlləri olmasa bir gün də yola getmərik. Ən hirsli vaxtımda “Mənim balam!” – deyib saçlarıma sığal çəkdimi, o saat mağıllayıram. Nəsə bir hikmət var nənəmin əllərində. Sirrini hələ də aça bilmədiyim dərin bir hikmət. Mən nənəmin əyri ayaqları, donqar beli, sallaq döşləri, yaylığının altından çör-çöp yığını kimi sağa-sola çıxan, darağa, sığala yatmayan cod saçları, qumbara partlayan ağzı və qoz ləpəsinə oxşayan üzüylə deyil, hələ də cavanlıq təravətini itirməyən balaca əlləriylə qohumam. Nənəmi bütöv bir qlobus kimi təsəvvür eləsək, mənim vətənim onun əlləridir. Şimallı-cənublu iki vətən!

Arzulardan sonrakı şəhərin adı Nənəmin əlləri olsun, razıyam!

“Bu uşağın yuxusuna hər gecə ağzı məftillə bağlanmış atlar girir” – nənəm dedi qətiyyətlə, dodağını irəli uzadıb əlavə etdi:

“Özü də çəhrayı rəngdə!”

Həkim başını qaldırıb nənəmin düz gözlərinin içinə baxdı, deyəsən, onu ağlı çaşmış qoca zənn etdi. Nənəmsə israrla vəziyyəti anlatmağa çalışırdı:

“Axı at niyə çəhrayı rəngdə olsun? Olmazmı bu uşaq atları öz rəngində görsün?”

Həkim gülümsündü. İlahi, necə eybəcər idi. Onun yanında əyri-üyrü dişli, donqar belli nənəm dünya gözəli kimi görünürdü. Gicgahlarının üstündə qabaran saçları daz başının ətrafından buynuz kimi dikəlirdi. Sifəti çılpaq və geniş alından, qalın qaşlardan və çənəyə doğru qəfil uzanıb ağzının üstünü örtən qıllı burundan ibarət idi. Baxanda inanmırdın ki, danışa bilər. Onun ağzı toyuq götü kimi büzüşüb burnunun altında gizlənmişdi. Buna ağız yox, iri, ətli burunun altında balaca deşik demək daha doğru olardı. Yəqin yemək yeyəndə çətinlik çəkirdi.
Bir anlıq nənəmlə həkimi sevgi nağıllarının qəhrəmanı kimi xəyal edib gülümsədim. Kefcil damarım tutmuşdu. Lakin gülümsəməyimi məndən danışan yaşlılardan məharətlə gizləyə bildim. Arada istədim eybəcər xilaskarımı söyüb qaçam. İnanın, buna layiq idi. İki səbəbdən eləmədim: bir, nənəmdən çəkinirdim, iki, həvəsim yox idi. Bu qozbel qarı cır səsiylə məni azarlamağa başlayanda ya özümü, ya da onu vurub öldürmək istəyirdim. Əsəblərim oynayırdı. Elə bil qafa-tasımı laqonda ilə kəsirdilər. Ya da qulağımın arxasına drel dirəyirdilər. Nənəmin səsinə dözümüm yoxdur. O, bircə dəfə adımı deyib qıyya çəkdimi, bütün neyronlarım oyanır, qızmaqda olan suyun zərrəcikləri kimi biri-birinə qarışır. İllah da bu uzunburun eybəcərin yanında qışqırsa başım çönəcəkdi. Dinməməyə, buynuzlu eybəcərin suallarını cavabsız qoymağa qərar verdim. Fenondoskopu taxıb ürəyimi-filan yoxladı, təzyiqimi ölçdü, nəhayət, ən nifrət elədiyim an gəldi: tüklü və ətli burnunun altında büzüşmüş deşikdən “Boş saxla”, “Boş saxla” deyə-deyə fısıldayaraq çəkiclə dizimə-dizimə vurdu. Qəsdən boş saxlamadım ayağımı, heç hiss eləmədi. Deyəsən, fikri ayrı yerdəydi.

Dirsəklərimi də çəkicləyib diqqətlə üzümə baxanda məni gülmək tutdu. Onun burnunun içində iyrənc tüklər vardı.

“Nəyə gülürsən?” – toyuq götündən ölçüsünə uyğun gəlməyən amiranə səs çıxdı.

Başımı iki əlinin arasında sıxıb baş barmaqlarını qaşlarımın çatılan yerinə qoyanda onun həkim olduğuna inandım. Beynimin içində qəribə sakitlik yarandı: “Ağrı var?” Başımı buladım…

“Demək atlar, hə?” – bütün “əmək alətlərini” yığışdırıb öz-özünə deyinirmiş kimi soruşdu.
“Özü də çəhrayı rəngdə!” – nənəm qışqırdı az qala. Sanki atlar çəhrayı rəngdə olmasa hər şey qaydasındaydı və atların bu rəngə düşməsində günahkar məniydim. Dalınca səsi mərhəmət oyandıracaq qədər mülayimləşdi:

“Həkim, başına dönüm, görəsən pis xəstəliyi-zadı olmaz?” – nənəmin zəhləm gedən xasiyyətlərindən biri işi düşəndə adamlara yalvarmasıydı. Ürəkdən eləmirdi, ona görə ətim tökülürdü. Bazardan meyvə-tərəvəz alanda da qiyməti bir-iki qəpik aşağı salmaqdan ötrü dil tökürdü. Müharibədən, başımıza gələnlərdən, kasıblıqdan danışırdı. Təbii, mən utanıb aralanırdım, işini qurtaranda cingiltili səsi arxamdan çatırdı: “Gəl zənbillərə kömək elə!” Arıq biləklərim qırıla-qırıla ağır zənbilləri bazardan taa dördmərtəbəyəcən gətirir, həyətdə bir az dincimi alıb üçüncü mərtəbəyə, qaldığımız mənzilə qaldırırdım. Nənəmsə hıqqına-hıqqına ardımca gəlir, yükün altında aciz qaldığımı görüb deyinirdi: “Heç yeyəndə belə ağır olmur.”

Buynuzlu zırramaya da yalvarırdı nənəm. Deyirdi, uşağın bu cür xəstələnməsinə səbəb kəndimizi gülləboran edən gavurlardır. Ona görə xəyalları çaşıb, yaramaz şeylər düşünməyə başlayıb. Gör axı ağzı bağlanmış atlar hara, sənin yuxun hara? Onlar düz-əməlli atlar olsa yuxuna çəhrayı rəngdə gəlməzlər. Bir də lap gəliblər, nə olsun? Atdı də, onun rəngindən sənə nə? Lap ağzı da bağlansın. Bu gün bağlayıblar, sabah açarlar. Gərək bunu özünə dərd eləyəsən?

Nənəm səhv edirdi. Mən atları müharibədən əvvəl görmüşdüm. Hətta müharibənin çəhrayı atları yuxuda gördüyümə görə başlandığına inanmışdım.

“Bəlkə, atları həqiqətən görüb?” – həkim yenə fısıldadı.
“Yox əşşi! Çəhrayı rəngdə at olar?”

Həkim xeyli fikirləşdi, nənəm əli havada onun cavabını gözləyirdi. Həkim “Yox” deyən kimi davam elədi:

“Atan rəhmətlik! Bir də adamlar atların ağzını niyə bağlasın? Bu uşaq özündən uydurur hər şeyi. Yaman pis xasiyyəti var. Birdən adama elə suallar verir, çaşıb qalırsan.” – dəhlizdə növbə gözləyənlər eşitməsin deyə qapıya baxıb səsini qısdı – “Görəsən dəli olmaz ki? Nəslimizdə də var.”

“Xeyr, xeyr, elə deməyin. Hahaha! Gül kimi uşaqdı. Hələ, əksinə, çoxbilmişdi. Əmin ola bilərsiniz” – həkim ürəkdən güldü, güləndə uzun burnu əyilib ağzını tamam qapadı – “Sadəcə bir az həssasdı. Yetkinlik yaşını narahat keçirəcək. Əsəbləşməsin, ətrafda baş verənləri vecinə almasın, yetər”.

Həkim siyirməsindən cürbəcür rənglər həkk olunmuş qalın kağız çıxartdı, barmağını qırmızı rəngin üstünə qoyub soruşdu: “Bu hansı rəngdir?” Dinmədim. Əzazil Həsəndim bu an. Sualı təkrar etdi. Yenə dinmədim. Nənəm həkimə cavab vermək üçün yanımı dümsüklədi. Bir şey çıxmadı. Həkim danışmayacağımı görüb üzünü nənəmə tutdu:

“Rəngləri biri-birindən ayırır?”
“Nəyə görə soruşdun?” – nənəm gözlərini qıydı.
“Deyirəm, bəlkə daltonikdi.”
“Daltonik nədi?”
“Rəngləri biri-birindən ayıra bilməyənlərə deyirlər. Bəlkə atlar öz rəngindədir, bunun gözünə çəhrayı görünür.”

Nənəm duruxdu. Hiss elədim ki, o, adamın yuxu görəndə gözlərindən istifadə edib-etmədiyini düşünür. Nə qərara gəldisə, rəngbərəng lövhəni həkimin əlindən alıb gözlərimin lap yaxınına gətirdi: “Çəhrayı rəng hansıdır?”

Mən onun səsindəki həyasız qətiyyətdən əl çəkməyəcəyini anladım və barmağımı çəhrayı rəngin üstünə qoydum. Deyəsən, nənəm özü daltonik idi, mənə etiraz etməyə hazırlaşırdı ki, həkimin səsi eşidildi:

“Xıraşo!”
Balaca ağzı məmnunluq ifadə edib ahəngini qəfil dəyişdi:
“Dərslərin necədi?”

Səfeh! Guya ağır eşidirəm. Cavab vermədim. Başımı aşağı salıb atlar haqqında düşündüm.

“Yaxşıdı” – nənəm girdi araya – “Müharibəyəcən yaxşıca oxuyurdu. İndi məktəb dağılıb, hərə bir yana qaçıb. Biz də şəhərə köçmək istəyirik. Köçsək, burda məktəbə qoyacam.”

“Yaxşı oxuyursa, demək hər şey normaldı” – həkimin son sözü bu oldu, balaca kağıza bir-iki dərman adı yazıb nənəmə uzatdı, nənəm ovcunda sıxıb əzdiyi beşliyi xalatının döş cibinə dürtüşdürəndə həkimin bərəlmiş gözləri onun əlini axıracan müşayiət etdi.

Küçəyə çıxanda nənəmin kefi yaxşı idi. Deyəsən, ciddi xəstəliyimin olmadığına sevinirdi. Elə ədayla yeriyirdi, sanardın donqar onun yox mənim belimdədir. Dodaqaltı qımışmaqdan özümü saxlaya bilmədim. Buynuzlu həkimin yazdığı dərmanları almaq üçün aptekin qarşısında dayananda, dedim, almasın, içməyəcəm. Qışqırdı:

“Köpəyoğlu! Dolamısan məni? Bəs elədisə həkimə niyə gəldik?”

Nənəm nadir hallarda atamı söyür. Demək, lap hirslənmişdi.

“Sən məndən soruşdun ki, atların yuxuna girməsini istəyirsən, ya yox? Mən istəyirəm! Anladın? Onlarsız darıxıram. O atlar sənin bu zırrama həkimindən min dəfə maraqlıdır.”

“Dinməəə!!! ” – küçənin ortasında necə qıyya çəkdisə hamı dönüb bizə baxdı, utandığımdan götürüldüm. Nənəm dalımca qışqırdı ki, yaxşı, dərman-zad almıram, qayıt. Qayıtmadım. Qaçıb bazara doğru sıra ilə düzülmüş dükanların arasında gizləndim. Narahat deyildi, uzaqdan ona göz qoyduğumu, əsəbim, ərköyünlüyüm keçən kimi qayıdıb gələcəyimi bilirdi. Çox bic qadındır.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın