Şənbə , May 25 2024
Ana səhifə / Şou Biznes / “Nəsibə xanımın evində Xomeyninin şəkilini görməmişəm” – Aktyor

“Nəsibə xanımın evində Xomeyninin şəkilini görməmişəm” – Aktyor

Ölkəmizdə İrana meyilli şəxslər sosial şəbəkərlərdə saxta profillərlə mərhum Xalq artisti Nəsibə Zeynalova barəsində bəzi iddialar səsləndiriblər. Onların sözlərinə görə, vaxtilə guya Nəsibə Zeynalovanın evində “rəhbər” dedikləri Xomeyninin şəkli olub.

Azərbaycanın ilk şoumeni, Əməkdar artist Qorxmaz Əlilicanzadə bu haqda danışıb.

Onun sözlərinə görə, Nəsibə Zeynalova, ümumiyyətlə, siyasətdən uzaq olub:

“Nəsibə xanım “el anası” adını qazanmış bir sənətkardır. Hələ Azərbaycan incəsənətində heç bir qadın aktirsaya, müğənniyə belə söz deməyiblər. Nəsibə Zeynalovanın evinin adamı olmuşam.

Nəsibə xanımın İrana meyilliliyi qətiyyən olmayıb. Baxmayaraq ki, onun atası inqilab vaxtında İrana qohumlarının yanına getmişdi. Deyəsən, ticari dükanları olub, ona görə gedib. Qayıdanda gəmidə soyuqlayıb, xəstələnmişdi. Bir müddət sonra vəfat etmişdi. Nəsibə xanımın İran haqqında xatirələrini belə, eşitməmişəm. O, Vətənə bağlı bir şəxsiyyət idi. Üstəlik, Xomeyni vəzifəyə gələndə Nəsibə xanımın, artıq təxminən, 63 yaşı var idi. 63 yaşına qədər Nəsibə xanımı İrana bağlayan heç nə olmayıbsa, nə oldu ki, Xomeynidən sonra bağlandı?! Bu, mümkün olan şey deyil. Ümumiyyətlə, Nəsibə xanımın evində Xomeyninin şəkilini görməmişəm”.

Q. Əlilicanzadə deyib ki, Nəsibə Zeynalova ilə 1961-ci ildən qonşu olublar: “Onun oğlu bizdə, mən də onlarda böyümüşəm. Bu qədər yaxın olmuşuq. Nəsibə xanım axşam tamaşaya, məşqlərə gedəndə Cahangiri gətirib bizə qoyurdu, özü isə taksi çağırıb gedirdi. Qayıdanda da bizim qapıda düşürdü. Taksi sürücüləri elə bilirdilər ki, Nəsibə xanım bizim evdə yaşayır.

Rəhmətlik həyat yoldaşı Mütəllimlə, oğlu Cahangirlə çox əziz, bir ev olmuşuq. Onun söhbətlərində belə İran problemi, inqilab barədə heç nə olmayıb. Nəsibə xanımla səfərlərdə, məclislərdə olmuşuq. Dəfələrlər evində olmuşam, amma bir dəfə söhbət düşməyib ki, Nəsibə xanım Xomeynidən nəsə desin. Ümumiyyətlə, o, siyasətdən uzaq adam olub, siyasətə qarışmayıb.

Yadıma gəlmir ki, nə vaxtsa siyasətdən danışsın. Nəsibə xanım yaradıcı insan olub. Bəlkə, hansısa evdə qonaq olub, həmin evdə də Xomeyninin şəkli olub? Bəyəm dönüb deyəydi ki, bu kişinin şəklini çıxarın, sonra mən şəkil çəkdirim? Bu, söhbət deyil axı. Əvvəla, ölünün arxasıyca danışmazlar. İkincisi, bu, Nəsibə xanıma, onun şəxsiyyətinə, sənətinin varlığına böyük hörmətsizlikdir. Onun sənəti ölməzdir, hamımız gedəcəyik, amma Nəsibə xanımın sənəti qalacaq.

Nəsibə xanım Mahrux və Rübabə Muradovalar kimi “demokrat” olsaydı, deyərdim ki, demokratın dilində nəsə var. Amma heç köhnə iranlılar, demokratlar da Xomeyninin şəklini qəbul etmirlər. İrana meyilli olanlar bəzi yeni azərbaycanlılardır. Nə bilim, Allah bilsin…

Məni sabah İran səfirliyinə qonaq çağırsalar, Xomeyninin yanında şəkil çəkdirsəm, deməli, mən həbs edilməliyəm?! Bu, ayrı şeydir, İrana işləyən adamlar tamam ayrı. Ola bilər, elələrinin evindən Xomeyninin şəklindən başqa digər şeylər də çıxa bilər. İnsandır də, meylini ona bağlayıb. Demokratiyadır, belə düşünür, öz şəxsi işidir. Amma vətənini, Azərbaycan millətini, xalqını sevən adam belə hərəkət etməz. Əvvəlcə İranın tarixinə baxmaq lazımdır ki, Xomeyni və İran şahı Pəhləvi rejimi Azərbaycan xalqına nə zülmlər veriblər. Bunu göz önünə gətirəndə başa düşürsən ki, farslar bizə nə pisliklər ediblər. Hələ əsrlər boyu indiyə qədər İranda dilimizin yaşamamağı, dilimizə sərhəd qoyulmağı, istifadə edilməsinə icazə verilməməsi – bu zülmü bilən adam farsa qulluq etməz.

Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsi başqa məsələdir. İrana qonaq gedib-gələrəm, amma orada yaşamaram. Xalqa verilən zülmü, torpağın bölünməsini unutmaq olmaz. Bu, siyasət yox, namus, qeyrət məsələsidir. Vətən bizim namusumuzdur…” Pravda.az

Həmçinin oxuyun

“Ağlayıb deyir ki, məni niyə qoyub getdin, ana?”

“Gün keçdikcə anasını daha çox axtarmağa başlayır”. OLAY yazır ki, bu sözləri mərhum Əməkdar artist …