Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Müxalifət Respublika Günündə Rəsulzadəni andı – FOTOLAR

Müxalifət Respublika Günündə Rəsulzadəni andı – FOTOLAR

Antiböhran koalisiyasına daxil olan müxalif partiyalar Respublika Günü münasibətilə Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət ediblər. Yürüşdə siyasi partiyaların yüzlərlə fəalları iştirak ediblər.

Abidə önünə yürüş zamanı digər siyasi qurumlardan Gələcək Azərbaycan Partiyasının tədbiri gedirdi və antiböhran koalisiyası gözləmədən həmin tədbirə qatılıb.

Koroğlu uverturası ilə başlayan tədbirdə GAP sədri Ağasif Şakiroğlu çıxış edərək, iştirakçıları təbrik edib. Partiya sədri aparıcılığı KXCP sədri Mirmahmud Mirəlioğluna verib.

KXCP sədri çıxışında birlik nümayiş etdirdiklərini bildirərək, ağsaqqal kimi aparıcılığı ona verdiyinə görə GAP-ın gənc sədrinə təşəkkür edib:“Hər kəsi bu günlə bağlı təbrik edirəm. Biz bu bayraqla fəxr edirik. Rəsulzadə və Elçibəyin yolunu davam etdirməliyik. Birlik nümayiş hər zaman etdirməliyik. Bayramınız mübarək olsun”.

ADP sədri Sərdar Cəlaloğlu çıxışında Azərbaycan xalqını təbrik edib: “Düşündüyümüzdən gözəl bir gündür. Bayraq o zaman enməz ki, insanların qəlbində, şüurunda daim yüksəlsin. Cümhuriyyət elə bir mühitdir ki, orada yalnız saf toxumlar olur. Keçən ilə nisbətən bu il insanlarımız daha çox ziyarətə gəliblər”.

AĞ Partiya sədri Tural Abbaslı çıxışında bütün təzyiqlərə baxmayaraq, Rəsulzadənin ziyarətinə gələnlərin Cümhuriyyət ideyalarının sönmədiyini sübut etdiyini söyləyib.

Azyaşlı Əli Əhmədovun Cümhuriyyət günü və Rəsulzadə ilə bağlı çıxışı alqışlarla qarşılanıb.

AXP sədri Pənah Hüseyn iştirakçıları təbrik edərək, 99 il öncə Rəsulzadənin rəhbərliyi milli inqilabın baş verdiyini bildirib:“1988-ci ildə başlayan milli azadlıq hərəkatı ilə 99 il öncənin Cümhuriyyəti quruldu. Lakin o da şimaldan gələn təhlükə ilə süquta uğradı, artıq üçüncü inqilab ərəfəsindəyik. Bunu bəlkə də, siz etdiniz gənclər. Bu tarix mütləq olacaq. Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan”.

Azadlıq partiyasının sədri Əhməd Oruc 99 il öncə əsası qoyulan ideyaların hələ də davam etdiyini qeyd edib:”Biz Cümhuriyyəti quran o şəxslərin ruhuna minnətdarıq. Bu gün də mübarizəmiz davam edir. Bundan sonra da davam edəcək. Hər birinizə uğurlar arzulayıram”.

Sonda KXCP sədri Ramazan ayı münasibətilə hər kəsi təbrik edərək, oruc tutanlara niyyətlərinin qəbul olunmasını arzulayıb. Tədbirdən sonra Rəsulzadənin Novxanı qəbiristanlığında dəfn edilən yaxınlarının məzarları da ziyarət edilib, məzar önünə gül dəstələri düzülüb.

Tədbir Azərbaycanın dövlət himni ilə yekunlaşıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın