Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Mobil telefondan asılılığın fəsadları…

Mobil telefondan asılılığın fəsadları…

Mobil telefonlar artıq həyatımızın önəmli bir hissəsinə çevrilib. Əvvəllər əlaqə yaratmaq üçün nəzərdə tutulan bu cihazlar sonralar müxtəlif funksiyaları da yerinə yetirməyə başladı. Bu gün telefonları artıq planşet, xəbər saytlarını izləmə, elektron məktublaşma, sosial şəbəkələrdən istifadə vasitəsi kimi istifadə edirik.

Düzdür, bunun müsbət tərəfləri çoxdur və belə deyək ki, dünya ovcunun içərisində olur… Amma insanlar arasında getdikcə mobil telefon asılılığı da yaranır. Bu asılılığa təkcə gənclər deyil, artıq yaşlılar və uşaqlar da aludə olub. Yaşlı insanlar belə canlı ünsiyyətə deyil, internet üzərindən mobil telefonla əlaqə saxlamağa üstünlük verir. Bəs bu asılılığın hansı mənfi və müsbət tərəfləri var?

Ekspertlər bildirir ki, ilk növbədə mobil cihazlardan asılılıq insanlara fiziki baxımdan mənfi təsir göstərir. Bildirilir ki, bu cihazların yaratdığı şüalar hətta genlərin mutasiyasına səbəb ola bilər. Ümumiyyətlə mobil telefonlar radioqəbuledicilərdir və burda çox böyük radiodalğalar sayəsində maqnit sahəsi yarandığından xüsusən uşaq orqanizminə, yaşlı insanlara, hamilə qadınlara zərərsiz deyil.

Psixoloq Elnur Rüstəmov isə mövzuya bu cür şərh bildirdi: “Bundan əvvəl əgər asılılıq daha çox alkoqol, narkotik vasitələr nəzərdə tutulurdusa, bu gün internet, mobil telefonlardan asılı olmaq kimi psixi problemlə üz-üzəyik. Mobil telefon insanların bir-biriləri ilə ünsiyyət saxlaması üçün nəzərdə tutulub. Amma bu gün mobil telefon ünsiyyət kommunikasiya vasitəsi kimi deyil, daha çox məlumat almaq vasitəsi kimi istifadə edilir. Ola bilir ki, bir insan eyni vaxtda yazışaraq bir neçə insanlar ünsiyyətdə ola bilir. Beləliklə ağıllı telefonların ortaya gəlməsi ilə asılılıq yaranmağa başladı. Bu da internet üzərindən keçir. Yəni, insanlarda təkcə danışmaq deyil, internet asılılığı var. İnsanlar daha çox mobil telefonda internet işləməyəndə narahat olurlar. Əksər hallarda insanlar internet işləməyən məkanlara – kafe, restoran və s – girmək istəmirlər. Bax bu, asılılılıq, narahatçılıqdır. Bizi də narahat edən məqam, insanların ifrat informasiya ilə artıq yüklənməsidir. Hansı ki, o informasiyanın doğru-yanlış olduğuna insanlar özləri qərar verə bilmirlər. İfrat informasiya ilə yüklənmək insanların əhval ruhiyyəsinə təsir göstərir, bu da onun davranışlarına, iş əmsalına sirayət edir”.
Psixoloq qeyd etdi ki, problemin qarşısını yalnız maarifləndirici işlər aparmaqla almaq olar: “Diqqət etsək görərik ki, xaricdə insanların mobil telefonları çoxfunksiyalı deyil. Artıq onlar bu baryeri keçiblər, düşünürəm ki, bizimkilər də artıq onu keçə biləcəklər. Çünki problem artıq bizim qapının kandarındadır. Görürük ki, bu bizim həyatımızı idarə edir. Xüsusən çalışmalıyıq ki, uşaqlarımızı bu problemdən uzaqlaşdıraq. Uşağı da uzaqlaşdırmaq üçün gərək valideyn özü uzaqlaşsın”.

Sosioloq Əhməd Qəşəmoğlu isə bildirdi ki, mobil telefondan asılılıq insanları təbiilikdən kənarlaşdırır: “Bunların hamısı sanki “ilan zəhəri” dir. Bundan doğru istifadə edəndə dərmandır, artıq istifadə edəndə öldürücü təsiri olur. Yəni bunlar yaranıb ki, istifadə edək, onlar bizim həyatımızı asanlaşdıran vasitələrdir. Amma nədənsə insan asılı olur, onun öz təbii vəziyyəti pozulur. İnsan nə vaxt ki, təbii ahəngini pozur, hökmən cəzasını alır. Bu, artıq bir mənalıdır. Telefondan da asılılıq insanın həmin təbii vəziyyətini pozmağa gətirən bir vasitədir. Ona görə də birmənalı aydındır ki, bu ancaq ziyan verə bilər. Biz çalışmalıyıq ki, ondan öz təyinatına görə istifadə edək. Xüsusən də asılılıq insanlara psixoloji baxımdan təsir edir. Asılı olanda gecələr yuxusuz qalırıq, bunu da fəsadları olur. Asılı olduğumuz vaxt öz karyeramız, gündəlik üçün lazım olan nəyisə ona qurban veririk, onun əvəzinə isə biz texniki vasitədən asılı qalırıq. Bu da əlavə bir zərbə olur. Asılı olmaq istər fiziki, mənəvi, istərsə də karyera baxımından ancaq və ancaq ziyan verir. Asılılıq əlaməti nə vaxt gördüksə biz bilməyik ki, hökmən orda böyük bir problem var. İnsan nəhsini idarə etməyi bacarmalıdır. Bilməlidir ki, bir şeyə nəfsi çoxdursa onu tənzimlənməlidir”.  (Musavat.com)

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın