Ana səhifə / Şou Biznes / Milli Şura İrəvanı ermənilərə niyə vermişdi? – MÜSAHİBƏ

Milli Şura İrəvanı ermənilərə niyə vermişdi? – MÜSAHİBƏ

“Azərbaycan xalqına qarşı törədilən soyqırım cinayətinin səbəbi Bakı nefti idi”

Tarix üzrə fəlsəfə doktoru, professor, AMEA-nın Tarix İsitutunun direktor müavini Cəbi Bəhramovun AzVision.az-a müsahibəsi:

– İrəvan sözünün mənşəyi və şəhərin əsasının qoyulması ilə bağlı erməni qaynaqlarına müxtəlif iddialar mövcuddur. Guya, bu şəhər qədimdən erməni şəhəri olan Erebunidir, ona görə də Erevan adlandırılır. Bəzi qaynaqlarda isə Şah İsmayılın vəziri Rəvanqulu xanın adı ilə bağlayırlar. Tarixi həqiqət necədir?

– İrəvan sözünün mənşəyi orta əsrlərə aiddir. Azərbaycan Səfəvi dövləti ərazi inzibati nöqteyi-nəzərdən 14 bəylərbəyliyə bölünürdü. Azərbaycan Səfəvilər dövlətinin yarandığı ərazi bizim tarixi ərazilərimizdir. Azərbaycan Səfəvilər dövlətinin tərkibinə daxil olan tarixi Azərbaycan ərazisi 4 bəylərbəylikdən ibarət idi. Onlardan biri də Çuxur-Səəd bəylərbəyli idi. Bu bəylərbəyliyin mərkəzi isə İrəvan şəhəri idi. Bu şəhərin yerləşdiyi məkan bilavasitə I Şah İsmayılın 1504-cü ildə verdiyi qərar ilə Rəvanqulu xan tərəfindən 7 il ərzində tikilib və bu şəhərin adı onun adı ilə bağlıdır. Ona görə də İrəvanın ermənilərin iddia etdiyi kimi Erebuniyə aidliyinin heç bir tarixi və faktiki əsası yoxdur. Digər tərəfdən Erebuni bir tarixi abidə kimi yenə ermənilərə deyil, urartululara məxsusdur. Çünki, e.ə II minilliyin II yarısı-I minilliyin I yarısına aid qədim mixi yazılar da bunu təsdiq edir.

Bizim institutun nəşr etdiyi, görkəmli alim, mərhum Solmaz xanım Qaşqayın müəllifi olduğu “Qədim Azərbaycan tarixi mixiyazılı mənbələrdə” (Bakı, 2006-red) adlı əsərdə bu ərazilərin eradan əvvəl VII əsrə qədər Urartu dövlətinin nəzarəti altında olduğunu təsdiq edən mixi yazılı mənbələr var. Bu ərazi vaxtilə Azərbaycan ərazisində yaranan ilk mərkəzləşmiş dövlət, eradan əvvəl IX-VI əsrlərdə mövcud olan Manna dövlətinin ərazisi olub. Ona görə də ermənilərin buna hər hansı bir iddiasının əsası yoxdur. Çünki, ermənilərin bu ərazilərə Balkanlardan köçüb gəlməsi məsələsi tarix elmində sübut olmuş məsələdir. Bu məsələ istər Rusiya və sovet tarixşünaslığında, istər qədim dövr üzrə məşhur alim İqor Mixayloviç Dyakonovun, Vasili Vasileviç Struverin, istərsə də Azərbaycan alimləri İqrar Əliyevin, Solmaz Qaşqayın, Yaqub Mahmudovun, Allahverdi Əlimirzəyevin və digərlərinin əsərlərində sübut olunub.

Ümümən ermənilərin toplum olaraq Cənubi Qafqaza heç bir aidiyyatı yoxdur. Bundan başqa, Azərbaycan alimləri yüksək peşəkarlıq göstərərək, XX əsrin 70-ci illərində yapon alimlərinin tədqiqatlarından istifadə etdilər, oddontoloji tədqiqat üsulundan istifadə edərək, bölgədəki xalqların hansının yerli, hansının gəlmə olduğunu araşdırarkən, ermənilər gəlmə xalqlar arasında öz yerini tutub. Ona görə də konkret olaraq istər indiki Ermənistan ərazisinin, istərsə də Cənubi Qafqazın yerli xalqı olmaları ilə bağlı verdikləri bütün iddialarının heç bir elmi və tarixi əsası yoxdur.

– İrəvan xanlığı Rusiya işğalına qarşı sona qədər müqavimət göstərib. Bunun nəticəsidir ki, Rusiya tərəfindən sonuncu işğal olunan Şimali Azərbaycan xanlıqlarından biridir. Son İrəvan xanının rus işğalçılarına qarşı qəhramanlıq tarixi haqda nə deyə bilərsiniz?

– İrəvan xanlığı Rusiya tərəfindən asanlıqla işğal olunmayıb. İrəvan xanlığı bir çox Şimali Azərbaycan xanlıqlarından fərqli olaraq qəti şəkildə rus işğalını qəbul etmirdi və buna qarşı 24 il mübarizə aparıb. O zaman xanın əmri ilə ermənilər qalaya köçürülür ki, ruslarla əlaqəyə girməsinlər. Lakin çox təəssüflər olsun ki, 4-cü yürüş zamanı erməni xəyanəti nəticəsində xanlıq işğal olundu. Bu müddət ərzində rus çarı I Nikolay təəccüb içində olur ki, kiçik bir ərazini rus ordusu götürə bilmir. İşğaldan sonra general Paskeviçə İrəvanski ləqəbi verilir. Böyük miqdarda qızıl hədiyyə olunur. Onun adına sikkələr zərb olunur. Maraqlıdır ki, həmin sikkələrin üzərində İrəvandakı məscid və onların minarələrin şəkilləri vardır. Xanlıq işğal olunandan sonra 1827-ci ildə I Nikolay İrəvana gəlir və xan sarayının möhtəşəmliyindən vəcdə gəlir. Hətta burada A. Qriboyedovun “Ağıldan bəla” əsərini tamaşaya qoyurlar. 100 il sonra 1914-cü ilə qədər ermənilər həmin sarayı tədricən sökdülər. Hətta sonradan ermənilər I Nikolayın yatdığı otağı tualetə çevirdilər. Bu da ermənilərin öz ağalarına olan “səmimi” münasibətlərinin göstəricisidir. Rusların özü də bilirlər ki, ermənilər kimdir. Rus ordusunun əsgəri Permyakovla bağlı ermənilər baş qaldıranda ilk növbədə ermənipərəst rus alimləri birbaşa onları hədələdilər ki, nə atılıb-düşürsüz? Bu torpaqları biz işğal edib, sizlərə vermişik. Ora sizin torpağınız deyil.

– Ermənilərin Cənubi Qafqaza kütləvi surətdə köçürülməsi Türkmənçay müqaviləsindən sonra baş verdi. Bununla bağlı fikirləriniz maraqlıdır. Tarixi hadisələr o zaman necə cərəyan edirdi?

– Ermənilərin bu regiona kütləvi köçürülməsi Çar Rusiyasının Şimali Azərbaycanı işğal etməsi ilə bağlıdır. Ancaq, onların orta əsrlər və ya daha əvvəlki dövrdə köçməsi kimi faktlara çox az şəkildə rast gəlinir. Söhbət Azərbaycan Qaraqoyunlu dövlətinin hökmdarı Cahan şahın icazəsi ilə indiki Türkiyənin Sivas şəhərindəki erməni kilsəsinin katalikosluğunun 1441-ci ildə Eçmüədzin kilsəsinə köçürülməsi qərarından gedir. Təxminən 300-ə qədər din xadimi Eçmüədzin adlanan əraziyə köçürülüb. Amma, bütövlükdə ermənilərin Cənubi Qafqazda kompakt şəkildə yaşaması faktı olmayıb. Aərbaycan Səfəvilər dövlətinin hökmdarı I Sah Abbas (1587-1629) XVII əsrin əvvəlində qərar qəbul etmişdi ki, Eçmüədzini indiki İsfahan şəhərinin yaxınlığında yerləşən Culfa şəhərinə köçürsün. Söhbət İran Culfasından gedir.

O zaman ermənilər şah xəzinəsinə çox böyük miqdarda pul ödəyərək Eçmüədzinin orada qalmasına nail oldular. Amma, ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi Çar Rusiyasının Azərbaycanın şimalını işğal etmək məqsədi ilə həyata keçirdiyi siyasətin ümumi nəticəsidir. Hətta ermənilərin köçürülməsi üçün xüsusi komissiya yaradılmışdı və ona səfir Qriboyedov, ermənilərin nümayəndəsi Lazarev rəhbərlik edirdi. Köçürmə isə əsasən ilk mərhələdə Osmanlı (85 min), Qacarlar İranı (40 min) və Cənubi Azərbaycanın bir sıra şəhərlərindən, konkret olaraq Marağa şəhərindən həyata keçirilib. Hətta ermənilər 1978-ci ildə Ağdərə rayonunda Marquşavan adlanan ərazidə köçürülmənin 150 illiyi ilə əlaqədar abidə qoymuşdular. 1988-ci ildə isə bu abidəni dağıtdılar ki, guya onlar burada Adəm və Həvvanın dövründən yaşayırlar.
Bütün bu sənədlər, faktlar Rusiya arxivlərində öz əksini tapıb. Bu səndələr Tarix İnstituna gətirilib. Bizim yazdığımız və dövlət mükafatına layiq görülən, 8 dilə tərcümə olunan “İrəvan Xanlığı, Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı əsərdə çap olunub. Maraqlıdır ki, bu kitaba ermənilər tərəfindən heç bir etiraz olmadı. Digər bir tərəfdən biz onların öz mənbələrini, onların məşhur “Cambır” adlı qiymətli mənbəsini ələ keçirdik. Hansı ki, burada faktlar ağ kağıza qara hərflərlə yazılıb. Eyni zamanda şəxsən mənim əldə etdiyim, bir məqalədə rast gəldiyim kitab, hansı ki, ermənilərin Azərbaycanla bağlı planlarını əks etdirən əsərdir. Bu kitab 1895-ci ildə rus dilində nəşr olunub. Amma, kitab ermənilər tərəfindən bizim kitabxanalardan götürülüb. Görünür, bu vaxtilə Anastas Mikoyan tərəfindən verilən göstərişdən sonra baş verib. Amma, mən onun tərcüməsinin əlyazmasını tapdım. Bu tərcümə 1917-ci ildə “Açıq Söz” qəzetinin redaksiyasında İsmixanov soyadlı bir səxs tərəfindən çap etdirilib. “Erməni hərəkatının qısa tarixi” adlı bu kitabın müəllifi Kiqarmyantsdır. Bu kitabda ermənilərin Azərbaycan torpaqlarını ələ keçirmək üçün düşündükləri planlar, kimlərə, hansı dövlətlərə müraciət etdikləri qeyd olunub. Ona görə də biz iki mühüm və digər mənbələrdən istifadə edərək bu əsəri yazdıq. Birmənalı şəkildə deyə bilərəm ki, bizim tərəfimizdən son 100 ildə ermənilər və onların himayədarları tərəfindən həyata keçirilən saxtakarlıqlara baxmayaraq sübut olundu ki, İrəvan qədim Azərbaycan şəhəridir və ermənilərə verilən ətraf torpaqlar Azərbaycan xalqına məxsusdur.

Bu fikri təsdiq edən daha bir mühüm sənədi Sizə təqdim etmək istəyirəm. Bu Osmanlı sultanı IV Muradın 1635-ci ilə aid “Rəvan qalası fəthnamə”sidir. Osmanlı mənbəsi olan bu sənəddə İrəvan şəhərini, Azərbaycanın seçilmiş şəhərləri sırasında yer aldığına işarət edərək belə təsvir edirlər:

“âb-ı ru-yı məmalik-i İran u Turan, bab-ı Naxçıvan u Şirvan, rəşk-i mülk-i Azərbaycan olan qala-yı Rəvan”, yəni “İran və Turan məmləkətlərinin üzünün suyu, Naxçıvanın və Şirvanın qapıları, Azərbaycan mülkünün həsəd doğuran Rəvan qalası”.

Hərfən “üzünün suyu” olarak tərcümə edilən, məcazı mənada isə “ismət, şərəf, namus” anlamına gələn “ab-ı ru” epitetinin, Sultan IV Murad tərəfindən 1635-ci ildə bu şəhəri fəth etməsi münasibətilə yazılan “Rəvan qalası fətihnaməsi”ndə (Erdoğru M.Akif, “1635 Tarihli Revân Kkalesi Fetihnamesi”, Tarih İncelemeleri Dergisi, XIV, Izmir 1999, Ege Üniversitesi Edebiyat Fakültesi Yay., s.29) də məhz İrəvana aid edilərək zikr olunması diqqətə layiqdir. Mən fürsətdən istifadə edib bu sənədi təqdim etdiyinə görə t.ü.f. d. Fərəh xanım Hüseynə öz dərin təşəkkürümü bildirirəm.

– Türkmənçay müqaviləsin 15-ci maddəsinə əsasən ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi nəzərdə tutulurdu. Maraqlıdır, Osmanlı və Qacarlar İranı ermənilərin öz ərazilərindən Şimali Azərbaycan torpaqlarina köçürülməsinə necə razılıq verdilər? Bu dövlətlərin ermənilərin öz ərazilərindən çıxarılmasında maraqları nə idi?

– Qafqazın işğal planını hazırlayarkən Çar Rusiyasının kəşfiyyat orqanları, məmurları burada yaşayan xalqların hansının onlara meyilli olacağını, hansının yaşadığı dövlətə qarşı xəyanət yolunu tuta biləcəyini araşdırmışdılar. Çox qəribə bir məqamdır ki, burada yaşayan xalqların heç biri bu yolu tutmadı. Qacarlar İranı və Osmanlı imperiyasında yaşayan ermənilər bu yolu tutdular. Ermənilər bu ərazidə yaşamırdı. Ancaq, ermənilər ruslara söz verdilər ki, əgər onlara himayədarlıq edərlərsə, Çar Rusiyasının Qafqaza, Yaxın Şərqə çıxma planına yardım edəcəklər. Doğrudur, rusların Qafqaza gəlməsində gürcü çarı II İraklinin də “xidmətləri” var.

İstər Qacarlar İranı və istərsə də Osmanlı Türkiyəsinin hakim dairələri ermənilərin xəyanətkar xislətlərinə bələd olduqları üçün bu işdə maraqlı idilər. Amma Azərbaycan xalqı bu işğalçı yürüşə qarşı böyük müqavimət göstərib. Konkret olaraq 1803-cü ildə Gəncə Xanlığının göstərdiyi müqaviməti, yaxud milli tariximizdə İrəvan xanlığının tarixi müstəsna bir yer tutur. 24 il Çar hökuməti bu xanlığın ərazisini işğal edə bilmədi.

– İrəvanın Milli Şura tərəfindən ermənilərə güzəştə gedilməsi ilə bağlı bir sıra iddialar irəli sürülür. Tarixi gerçəklik nədən ibarətdir? Milli Şura İrəvanı ermənilərə niyə güzəştə getdi?

-İndi Ermənistan adlanan ərazi 1918-ci ildə 9 min kvadrat kilometr həcmdə Azərbaycan Milli Şurası tərəfindən güzəştə gedilib. Güzəştə getmənin hansı şərtlər daxilində baş verməsi tədqiqatlar nəticəsində bizə məlumdur. Yəni, güzəştə getmə zamanı Milli Şura xalqın fikrini nəzərə almayıb. Milli Şuranın 1918-ci il 29 may tarixində verdiyi qərar beynəlxalq hüquq nöqteyi-nəzərindən qeyri-legitimdir. İlk növbədə ona görə ki, Milli Şura xalqın adından çıxış edən bir orqan idisə, torpaq məsələsini həll edərkən referendum keçirməsi ilə bağlı müraciət etməli idi. Çox təəssüf ki, bu müraciət edilməyib.

– Milli Şura üzvlərindən İrəvanın güzəşt gedilməsinə etiraz edənlər olubmu?

– Əlbəttə. İrəvan quberniyasından olan 3 millət vəkili -Mirhidayət Seyidov, Rza Bağırov, Nərimanbəy Nərimanbəyov iki dəfə Milli Şurada bu qərara baxılması və İrəvan şəhərinin verilməsinə etiraz olaraq qaldırdıqları məsələ müzakirə olunmayıb. Bununla da Azərbaycan xalqının iradəsinin əksinə olaraq belə bir qərar qəbul olunub. Ona görə də biz Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bu hüquqdan istifadə edərək həmin qərarın qeyri-qanuniliyi haqqında məsələ qaldırmaq və onun ləğvi ilə bağlı təşəbbüs qaldıra bilərik.

– İrəvanın ardınca digər Azərbaycan əraziləri ermənilərə verildi. Bu necə baş verdi?

– 1918-ci ilin 29 mayında güzəştə gedilən ərazi, yəni, İrəvan şəhəri və ətrafındakı ərazinin həcmi 9 min kvadrat kilometr idi. Ondan əlavə 1921, 1929-cu illərdə Azərbaycanın qədim torpağı olan Zəngəzur-7.5 min kvadrat kilometr ərazinin 4 bölgəsi Ermənistana verildi. Bu ərazi Sovet hökuməti tərəfindən yenə də Azərbaycan xalqının irdəsinin əksinə olaraq Ermənistana verilib. Məsələ burasındadır ki, 1918-20 ci illərdə ermənilər burada 115 kəndi yerlə yeksan edib, azərbaycanlılara qarşı soyqırımı cinayəti törətmişdlər. Əgər 1918-ci ildə 9 min kvadrat kilometr verilmişdisə, sonradan Zəngəzur və onun 4 mahalı daxil olmaqla, əlavə olaraq Göyçə gölü ətrafındakı və Naxçıvan diyarı torpaqlarından, ümumi sahəsi 20.8 min kvadrat kilometr olmaqla Azərbaycan xalqının iradəsindən kənar Ermənistan verildi.

Bu məsələlər Milli Məclisdə müzakirə olunaraq, bu barədə verilmiş qərarın qeyri-legitim olması barədə qərar çıxarılmalıdır. İlk növbədə ona görə ki, ermənilər Azərbaycan xalqına qarşı soyqırım cinayəti törədiblər. Həmçinin 1988-1994-cü illərdə həyata keçirilən işğalçı müharibə nəticəsində Azərbaycan Respublikasının 946 şəhər və qəsəbəsi yerlə yeksan edilib. Xocalıda, Qaradağlıda soyqırım cinayətləri törədilib. Bütün bunları nəzərə alaraq beynəlxalq hüquq nöqteyi-nəzərindən bu məsələlərin Milli Məclisdə müzakirəsi, müvafiq qərarın qəbul edilməsi ilə bağlı əsas var. Buna qarşı heç kim etiraz edə bilməz. Çünki, güzəştə gedilərkən Azərbaycan xalqı tərəfindən yüksək humanizm və tolerantlıq nümayiş etdirilib. Bunun əvəzində isə Azərbaycan xalqı cinayət görüb. Ona görə də beynəlxlq hüququn normalarını, ilk növbədə Azərbaycan xalqının milli mənafeyini nəzərə alaraq bu torpaqların ermənilərə verilməsinin qeyri-qanuniliyi, bu ərazilərin geri qaytarılması haqqında qərarın qəbul edilməsinə çox böyük ehtiyac vardır.

Azərbaycan xalqına qarşı son 200 ildə törədilən cinayətlərə beynəlxalq hüququn bütün normalarını tətbiq etdikdə xalqımıza qarşı cinayətin törədilməsi faktı təsdiqlənəcək. Ən dəhşətlisi odur ki, Azərbaycan torpaqları ələ keçirilib, işğal olunub və işğal olunan ərazilərə, bu xalqa düşmən kəsilən zümrə köçürülüb. Həmin zümrənin əlinə silah verilərək Azərbaycan xalqına qarşı daha ağır soyqırım cinayətləri törətdirilib. Heç bir xalqın tarixində belə məqamlar yoxdur. Ona görə də 1918-ci ildə və 1921-1929-cu illərdə həmin ərazilərin ermənilərə güzəştə gedilməsi qeyri-qanunidir. Bununla bağlı məsələlər Tarix İnstitunda geniş şəkildə araşdırılıb.

– Yenidən Milli Şura məsələsinə qayıtmaq istərdik. Sizcə Şura tərəfindən İrəvanın ermənilərə verilməsinə zərurət vardımı? İrəvanın verilməsində məqsəd nə idi?

– Heç bir zərurət yox idi və verilməyə də bilərdi. Təəsüflər olsun ki, bu məsələdə də Milli Şuradakılar arasında birlik olmayıb. Bu torpaq məsələsi idi və siyasi, partiya mənsubiyyətinə baxmayaraq hamı orada iştirak etməli idi. Cümhuriyyət elan olunarkən 44 nəfər Seymin üzvü idi. İrəvan şəhəri verilərkən orada 28 nəfər nəfər iştirak edib. Onlardan 16-sı “hə” deyib, “8”-i bitərəf qalıb, 3 nəfər “yox” deyib, 1 nəfərin isə iştirakı məlum deyil. Ümumi say nöqteyi-nəzərdən götürərkən təəssüf ki, 16 nəfərin səsi ilə İrəvan ermənilərə verilib. Yəni, legitimlik gözlənilməyib. Bu baxımdan İrəvanın ermənilərə verilməsi üçün heç bir zərurət yox idi.

Ermənilərin özləri gözləyirdi ki, Azərbaycan nəyi güzəştə gedəcək. İrəvan əhalisin 95 faizi azərbaycanlı idi. Necə olur ki, yerli əhalinin rəyini almadan qərar qəbul edilir? Ona görə də İrəvanın verilməsinə kəskin şəkildə etiraz olub. Ona görə də biz tariximizi dəqiqliyi ilə bilib və bu gün 25 illliyini qeyd etməyə hazırlaşdığımız müstəqilliyimizi qorumaq üçün heç vaxt səhvə yol verə bilmərik. Çinlilərin “Keçmişini bilməyən xalqın gələcyi yoxdur” kimi məşhur bir ifadəsi var. Biz bütün keçmişimizi necə var, elə bilməliyik. O zaman buraxılan səhv, bir şəhərin və ətrafındakı torpaqların ermənilərə güzəştə gedilməsi bu gün Azərbaycan xalqı üçün həddən ziyadə baha başa gəlir. Bunun əziyyətini indiyə qədər bütün nəsillər çəkir. Heç kimi ittiham etmirəm.

Baxın, 1996-cı ildə ATƏT-in Lissabon zirvə toplantısı keçirilirdi. O vaxt Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsi sammitin yekun sənədində öz əksini tapmamışdı. Ulu Öndər Heydər Əliyevin atdığı bir diplomatik addım Azərbaycan xalqının mənafeyini yüksək səviyyədə müdafiə etdi. Milli Şuranı yaradanlar, hansı ki, Peterburq, Moskva və Avropanın digər ali təhsil ocaqlarında təhsil alan və Avropanı yaxşı bilən insanlar bilmirdi ki, belə bir qərarın sonu nə ilə bitəcək? İndi də anlamıram ki, bu qərarı necə qəbul ediblər. Fransa tarixinə nəzər yetirin. 1815-ci il Vyana konqrensində Taleyran ona nail oldu ki, Fransanın ərazisi bölünmədi və 1792-ci il sərhədlərinə qaytarıldı.

Ermənilər İrəvanın verilməsinə qədər azərbaycanlılara qarşı soyqırım cinayəti törətmişdilər. Ona görə də tam şəkildə hüquqmuz var ki, beynəlxalq aləmdə bu məsələni qaldırıb, Azərbaycan xaqlına qarşı cinayət törədilməsi faktını ortaya qoyub, 1918-ci ildə Milli Şuranın və 1921-ci ildə Sovet hökumətinin qəbul etdiyi qərarı ləğv edərək, o torpaqların geri qaytarılmasını tələb etmək lazımdır. Baxın, bu dəhçətli faciənin üstündən 98 il keçir. Bu çirk edən yara kimi Azərbaycanı incidirmi? İncidir.

– İrəvanın ermənilərə verilməsində Milli Şuraya hər hansı xarici təzyiq olubmu?

-Təbii ki, İrəvanın ermənilərə verilməsi ilə bağlı Azərbaycana beynəlxalq təzyiq də olub. Təzyiq Qərb dövlətləri və Osmanlı imperiyası tərəfindən olub. Bunu qardaş ölkənin alimləri də bilir. Biz bu məsələləri araşdırmışıq. Yəni, bu şəhərin ermənilərə verilməsi qeyri-qanunidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, beynəlxalq aləm cümhuriyyəti de-yure tanımadı. Səbəb isə Bakı nefti idi.

1917-ci ilin oktyabrından 1922-ci ilə qədərki dövrdə böyük dövlətlərin mübarizə apardığı əsas məsələ Bakı neftini ələ keçirmək idi. Kim Bakı neftini ələ keçirəcəkdisə, o da dünyanı idarə edəcəyini düşünürdü. Təsadüfi deyil ki, İngiltərənin baş naziri Uinston Çörçill məşhur ifadəsində deyir ki: “əgər neft krallıqdırsa, Bakı onun tacıdır”.

Çar Rusiyası ilə Sovet Rusiyasının Azərbaycan məsələsində mövqeyi eynidir. Azərbaycanın dövət müstəqilliyi məsələsi heç vaxt onların gündəliyində olmayıb. Ona görə də Cümhuriyyətin rəhbərlərindən, xüsusilə də Fətəli xan Xoyskinin bütün cəhdlərinə baxmayaraq Sovet Rusiyası Azərbaycanın müstəqilliyini tanımadı. Nəhayət, 1920-ci ildə içimizdəki xəyanətkarların bilavasitə yardımı ilə Şimali Azərbaycan işğal ol sundu. Ona görə də Azərbaycan xalqına qarşı törədilən soyqırım cinayətinin səbəbi Bakı nefti idi.

Təsəvvür edin, 1919-cu ildə Rokfeller ABŞ prezidenti Vudro Vilsonu Paris sülh konfransına yola düşərkən yanına çağırır və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyini tanımağı qadağan edir. Eləcə də 1920-ci ildə yeni seçilən prezident Uorren Hardinqə eyni qadağa qoyulmuşdu. Səbəb isə Nobellərin öz səhmlərini Standart Oyla satması idi. Yəni, əsas məsələ Bakı neftinə kimin sahib olması idi. Ona görə də bütün vuruşan dövlətlərin planı Bakı neftinə sahib olmaq idi.

Bu günki qondarma Dağlıq Qarabağ məsələsinin kökündə Bakı nefti durur. Çünki, 1992-ci il müstəqilliyin ilk ayları idi. Rusiya Fedarasiyası Müdafiə Nazirliyi yanında Müdafiə Tədqiqatları İnstitutu təsis olunur və bu institutun ilk hazırladığı sənədlərdən biri Rusiyanın cənub sərhədlərində onun milli təhlükəsizliyinə təhlükə törədə biləcək konseptual qaydalar haqqında qərar qəbul edir. Bu qaydalarda 4 bənd var.

Birinci, Azərbaycan müstəqil dövlətə olaraq öz neftindən necə istifadə edəcək. Bununla bağlı ilk növbədə qərar qəbul olunur ki, Xəzərin hüquqi statusunu heç vəchlə tanımamaq.

İkinci, əgər Azərbaycan bu hüququndan müstəqil istifadə edərsə, bura gələn Qərb investorlarını çıxarmaq üçün qüvvə tətbiq etmək.

Üçüncü, Azərbaycan Respublikası ilə Türkiyə arasındakı ərazi yaxınlığını maksimum dərəcədə uzatmaq.

Dördüncü, Gəncə və Yevlax istiqamətində erməni hərbi qüvvələrinin hərbi hücumunu gücləndirmək. İndi yeddi rayonun işğalı bu dörd bənddən üçüncüsüdür. Bu plan Rusiya Federasiyasını MN BQ yanında Müdafiə Tədqiqatları İnstitutunda hazırlanıb. Müstəqil dövlət olaraq Ermənistan heç vaxt bu qədər ərazini işğal etməyə və bu müddətə işğalda saxlamaq qüdrətinə malik deyildi. Bizim ordumuz əslində erməni hərbi formasını geyinən rus hərbiçilərinə qarşı vuruşub. Bu danılmaz bir həqiqətdir.

– Cümhuriyyət dövründə İrəvanın ermənilərə verilməsi məsələsi parlamentdə müzakirə olunubmu?

-Bir faktı qeyd edim ki,1918-ci ilin iyun və iyul aylarında hökumətdə bu məsələ və ermənilərin törtdikləri cinayətlər müzakirə olunub. Fətəli xan Xoyski və Məmməd Əmin Rəsulzadə arasında da bu haqda müzakirə aparılıb. Hətta, M.Ə.Rəsulzadənin belə bir ifadəsi var ki, “görünür, biz çox böyük bir səhvə yol vermişik”. Yəni, verdikləri qərarın nə qədər böyük səhv olduğunu gec də olsa başa düşmüşdülər. Qərb dövlətləri Osmanlı Türkiyəsinə qarşı min il apardıqları mübarizə nəticəsində ermənilərin simasında özlərinə burada-Azərbaycan torpağında dayaq tapdılar. Ona görə də Milli Şuranın qərarını hüquqi sənəd kimi götürürlər. Biz isə bu sənədi ləğv etməlik.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın