Ana səhifə / Şou Biznes / Mikayıl Cabbarov qoca rektorlarla bacarmadı

Mikayıl Cabbarov qoca rektorlarla bacarmadı

Mikayıl Cabbarovun təhsil naziri təyinatı bir çox gözləntilərə yol açmışdı.

Bir çoxları hesab edirdilər ki, bununla təhsil sistemində uzun illərdən bəridir yığılıb qalan çoxsaylı problemlərin həlli istiqamətində ciddi addımların atılmasının şahidi olacağıq. Xüsusilə Azərbaycan təhsilinin yeni standartlara uyğunlaşdırılması yönündə cəhdlərin olacağına dair ümidlər böyük idi. Amma əksər təhsil ekspertlərinin fikrincə, ötən müddət ərzində bu cür ümidlər əsasən elə ümid olaraq da qalıb. Özəlliklə ali təhsildə ciddi müsbət dəyişiklərin baş verməməsi təəssüf doğurur. Mikayıl Cabbarov nazir təyin edilərkən onun universitetlərin rəhbərliyində yeniləşdirmə aparacağı deyilirdi. Bildirilirdi ki, bu, ali məktəblərin müasir dünya standartları səviyyəsinə qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Amma hazırkı mənzərə ondan ibarətdir ki, gənc təhsil naziri xüsusilə yaşlı rektorların əvəzlənməsi məsələsində cəmiyyətin gözləntilərini doğrultmayıb.

Fikrimizi əsaslandırmaq üçün nümunələrə baxaq. Bir neçə ay əvvələdək Azərbaycan Texniki Universitetinin (o, bu postda 16 il işləyib), hazırda isə Qafqaz Universitetinin rektoru olan Havar Məmmədov 71 yaşındadır. Azərbaycanın ilk və köklü ali məktəblərindən biri olan Bakı Dövlət Universitetinə rəhbərlik edən Abel Məhərrəmovun isə 67 yaşı var. Məhərrəmov rektor postunda 18 ildir ki, çalışır. Slavyan Universitetinin rektoru Nurlana Əliyeva təqaüd yaşını çoxdan ötüb. O, 71 yaşındadır.Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun isə 66 yaşı var.

Memarlıq və İnşaat universitetinin rektoru Gülçöhrə Məmmədova 64 yaşındadır, O, 17 ildir ki, bu postu tutur.

Göründüyü kimi, Azərbaycanda yaşı 65 və onun üzərində olan kifayət qədər rektor var. Ekspertlər hesab edirlər ki, bu, onların rəhbərlik etdikləri ali məktəblərin müasir təhsil texnologiyaları ilə ayaqlaşmasına və yeni dövrün standartlarına uyğunlaşmasına mane olur. Onların fikirləri ilə razılaşmamaq mümkün deyil. Eyni zamanda bunun da səbəbini bilmək mümkün deyil ki, Mikayıl Cabbarov nazir təyin edildikdən sonra vəd etdiyi yeniləşmə niyə yubanır, bu vəd yaşlı universitet rektorlarının əvəzlənməsində özünü nə üçün biruzə vermir?

Ən maraqlısı isə odur ki, Cabbarovun rektorların fəaliyyətinə konkret münasibətini ayırd etmək də çətindir. Məsələn, o, müsahibələrinin birində qeyd edir: «Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisələri Təhsil Nazirliyinə tabedir. Yənu həm akademik nöqteyi nəzərdən, həm də tədris prosesində bu, belədir. Amma təhsil o sahədir ki, o dəyərdir ki, bu sahədə həmin o münasibəti texniki tabelik kimi qəbul etmək və bu tabeliyi gözləmək olmamalıdır. Burada aparılan diskussiyalar da, verilən qərarlar da, olunan tənqid də bir məqsəd daşımalıdır və bu məqsəd Azərbaycan təhsilinin keyfiyyətinin artırılması, müvafiq ali təhsil müəssisəsinin fəaliyyətinin təkmilləşməsindən ibarətdir. Bu günkü gündə bir təhsil naziri kimi mən rektorlarla münasibətlərdən şikayətçi deyiləm. Kiminsə işini biz daha yüksək qiymətləndirirk, kiminsə işini o qədər də yox. Hardasa biz hesab edirik ki, subyektiv səbəblər daha çoxdur və onların aradan qaldırılmasında universitet rəhbərlərinin rolu daha çox olmalıdır».Nazirin dediklərindən anlaşılan odur ki, Mikayıl müəllim həm bir yandan universitetlərdəki nöqsanların həllini əsasən onların rəhbərlərinin fəaliyyətində görür, həm də rektorların fəaliyyətindən şikayətçi olmaq istəmir. Bu təzadlı münasibəti izah etmək çox çətindir. Ancaq görünən odur ki, gənc təhsil naziri xüsusilə də yaşlı rektorların nüfuzundan, gücündən çəkinir və onlarla arasının pozulmasını istəmir. Bu Azərbaycanın ali təhsil sisteminin yeniləşməsi və müasir təhsil standartlarına uyğunlaşması baxımından zərərli olsa belə!

unikal.org

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın