Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Manaf Şirinov nələri açıqladı?

Manaf Şirinov nələri açıqladı?

2014-cü ilin ortalarından başlayaraq neftin qiyməti kəskin ucuzlaşmağa başlayanda bunun Azərbaycan iqtisadiyyatına birbaşa təsirləri çox keçmədən özünü göstərməyə başladı. Ən çox ziyan çəkən isə tikinti sektoru oldu. Azərbaycanda 2000-ci illərin ortalarından başlayaraq vüsət alan tikinti bumu səngidi, dövlət sifarişləri azaldı və bir çox inşaat şirkətləri hətta müflis olub sektoru tərk etdi.

Bəllidir ki, iqtisadi böhranlar şəraitində ancaq ən effektiv biznes modelini mənimsəmiş, sərt rəqabət şəraitində işləməyə hazır olan oyunçular davam gətirə bilirlər. Və bunlardan biri “Evrascon”, yaxud keçmiş “Azərkörpü” ASC-dir ki, ciddi maliyyə sıxıntıları ilə üzləşdiyi barədə xəbərlərə, işçiləri qarşısında müntəzəm olaraq yaranan əmək haqqı borclarına baxmayaraq menecment şirkətin həyat qabiliyyətini qoruyub saxlaya bilib.

Azərbaycanda mürəkkəb körpülərin və yol infrastrukturunun tikintisi üzrə ixtisaslaşmış  bu şirkət barədə mətbuatda əsasən neqativ xəbərlər oxumağa alışmışıq. İndi isə virtualaz.org şirkətin icraçı direktoru Manaf Şirinovdan həm problemlər, həm “Evrascon”un  fəaliyyəti və inşaat şirkətləri üçün hələ də davam edən bu böhran vəziyyətində gördüyü işlər barədə soruşub:

-Əvvəlcə qısaca “Evrascon” şirkətinin tarixçəsi haqda. Bu şirkəti Azərbaycanda son illər yağışdan sonra göbələk kimi artan və neft pulları azalan kimi elə qəfildən də yoxa çıxan çoxsaylı inşaat şirkətlərindən fərqləndirən nədir?

Təəssüf ki, doğrudan da son illər inşaat sektorunda bu sektordan ümumiyyətlə anlayışı olmayan, məqsədi ancaq ölkəmizdə yaşanan tikinti bumundan istifadə edib sürətlə varlanmaqdan ibarət olan bir çox təsadüfi adamlar, şirkətlər meydana çıxdı. Belələrinin dələduzluq əməllərindən əziyyət çəkən çoxsaylı vətəndaşların olduğu da hamıya məlumdur, mətbuat bu haqda tez-tez yazır. Belə vəziyyət əlbətdə ki, peşəkar inşaatçıları məyus edir. Çünki inşaatçının işi qurub-yaratmaqdan ibarətdir, bu, məsuliyyətli, ağır peşədir və insanlarda bu peşə sahiblərinə olan hörməti qoruyub saxlamaq lazım idi.

Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-yə gəldikdə bu şirkət on illiklər boyu ənənələri olan şirkətdir. 1968-ci ildə Bakı şəhərində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaranmış «Körpütikintidəstəsi-100» kimi fəaliyyətə başlayıb, 2001-ci ildə keçirilmiş özəlləşdirmədən sonra “Azərkörpü”yə çevrilib, Açıq Səhmdar Cəmiyyəti statusu alıb. 2013-cü ildə isə “Azərkörpü” ASC rebrendinq elan etdi və öz adını  Avro-Asiya İnşaat Korporasiyası «Evrascon» adı ilə əvəz etdi. Bu rebrendinqin əsas səbəbi şirkətin yaxın və uzaq xarici ölkələrdə keçirilən və deyərdim ki, olduqca sərt rəqabətin hökm sürdüyü tenderlərə qatılaraq yeni sifarişlər əldə etməsi idi.

Gördüyü işlərin yüksək keyfiyyəti  və ən mürəkkəb layihələri öhdəsinə götürmək hazırlığı sayəsində, “Evrascon” korporasiyası müxtəlif ölkələrdə özünü yaxşı tanıtdı ki, bu da adının daha universal bir adla dəyişdirilməsinə səbəb oldu.Fəaliyyət müddəti ərzində korporasiya həm Azərbaycanda, həm də ölkə xaricində müxtəlif obyektlərin tikintisi sahəsində böyük təcrübə qazandı. Hazırda korporasiyanın 5800 nəfərdən çox işçisi var.Onlar həm Azərbaycanda, həm də ölkə xaricində ən məsul tikinti və quraşdırma işlərinin yerinə yetirilməsi üçün cəlb olunan müxtəlif profilli yüksək ixtisaslı mütəxəssislərdir.

-Xarici ölkələrdə inşaat layihələrini qazanmaq Azərbaycanda daha çox dövlət sifarişləri ilə işləməyə vərdiş etmiş və rəqabətə alışmamışyerli şirkətlər üçün elə də asan məsələ olmamalıdır. “Evrascon” şirkəti nəyin sayəsində ölkə xaricindən sifarişlər alır? Burada hansı amillərin rolu var?

-Şübhəsiz ki, ilk növbədə bizim indiyədək Azərbaycanda həyata keçirdiyimiz layihələrin rolu var. Xarici sifarişçilər “Evrascon”-un Azərbaycanda mürəkkəb layihələri necə yüksək keyfiyyətlə və daha qənaətcil büdcə ilə həyata keçirdiyini görməsə bizim ölkə xaricindən sifarişlər almağımız mümkün olmazdı. Çünki inşaat sektorunda çox güclü, məşhur oyunçular mövcuddur və bu sahədə rəqabət kifayət qədər sərtdir. Digər tərəfdən bu layihələr əsasən iri beynəlxalq donorlar tərəfindən maliyyələşdirilir və onların da tələbləri kifayət qədər sərt olur.

Azərbaycanda ilk dəfə 2007-ci ildə, metronun indiki Koroğlu stansiyasının yaxınlığındakı yol qovşağı üzərində gərginləşdirilmiş dəmir-beton aşırım qurğusundan istifadə etməklə asma körpünü tikən məhz “Evrascon” şirkətidir. Özü də tamamilə yerli mütəxəssislərin köməyi ilə, xarici ölkələrdə bu cür layihələrə sərf edilən vəsaitdən qat-qat az vəsait hesabına. Biz kollektiv olaraq bu layihə ilə həmişə fəxr edirik.

2009-cu ildə isə qabaqcadan gərginləşdirilmiş dəmir-beton aşırım qurğusundan istifadə edərək respublikamızda dayaqlarının hündürlüyü 34 metr təşkil edən ən hündür körpü inşa etmişik.Bu gün, Azərbaycanın nəhəng inşaat meydançasını xatırlatdığı bir dövrdə, çox sahəli ixtisaslaşdırmaya malik olan Avro-Asiya İnşaat Korporasiyası «Evrascon» ölkədə genişmiqyaslı tikinti işlərində bilavasitə iştirak edən ən böyük şirkətlərdən biridir.

Fəxrlə deyə bilərəm ki, «Evrascon»-un tarixi ölkəmizin regionlarının inkişafıyla və nəqliyyat və hidrotexniki tikintilərin dayaq şəbəkəsinin tikintisiylə çox sıx bağlıdır.“Evrascon” ASC körpülər, avtomobil yolları, tunellər, hidrotexniki və meliorasiya qurğuları, energetika obyektləri, limanların tikintisində, neft sahəsinin tikintiləri, sənaye-mülki tikinti, svay özülləri və dərin özüllərin tikintisi, metal konstruksiyaların istehsalı və quraşdırılması sahəsində ixtisaslaşıb.

-O zaman şirkətin xarici layihələri barədə bir qədər geniş danışardınız. Çünki biz əvvəllər MDB mediasında dəfələrlə “Evrascon” şirkətinin həyata keçirdiyi layihələr haqda eşitmişik. Hazırda şirkətin hansı xarici layihələri var və işlər necə gedir?

-“Evrascon” hal-hazırda 3 xarici ölkədə tikinti işləri üçün elan olunmuş tenderlərdə qalib gələrək, əsasən yol, körpü, yol ötürücüsü, metro tikintiləri olmaqla, infrastrukturun reablitasiyasını və yenidənqurma işlərini həyata keçirir. Layihələr əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyələşdirilir.

Hal-hazırda Qazaxstan Respublikasında 4, Özbəkistanda 2 , Moldovada 3 layihə üzərində işlərimiz davam edir. Qazaxstandakı layihələrimiz əsasən “Qərbi Avropa–Qərbi Çin” Beynəlxalq Tranzit Dəhlizi üzərində olan yol və körpülərdir. Habelə Kızılorda vilayətində tikintisi davam edən 2 layihəmiz var. Həmin  layihələrdə çalışanlardan 39 nəfəri Azərbaycandan göndərilən mütəxəssislərdir.

Cənubi Qazaxstan vilayətində davam edən layihəmizdə ümumilikdə 26.5 km 1-ci dərəcəli beton yol, 3.7 km 1-ci dərəcəli asfalt yol, eyni zamanda 2 ədəd yol ötürücüsü, 3 ədəd körpü və kənd təsərrüfatı maşınları üçün 5 ədəd keçid inşa edilir. Layihədə   çalışanlardan 80 nəfəri Azərbaycandan göndərilən mütəxəssislərdir.Almata vilayətində (Çinlə sərhəddə) davam edən layihədə isə 4 ədəd yol ötürücüsü, 4 ədəd heyvan keçidi, 22 ədəd körpü inşa edilir və Xorqos çayında sahil bərkitmə işləri aparılır. Bu layihədə Azərbaycandan göndərilən 117 nəfər işçi çalışmaqdadır.

Özbəkistanda isə “Evrascon” şirkəti  “Regional Yolların İnkişafı Layihələri” çərçivəsində  1-ci  dərəcəli Guzar – Buxara – Beynu avtobil yolunun 40 kilometrlik  hissəsini beton örtüklü olmaqla inşa edir.  Bu layihədə çalışan 206 işçinin 38 nəfəri Azərbaycandan göndərilən mütəxəssislərdir. Habelə 1-ci dərəcəli Daşkənd-Oş avtobil yolunun 52 kilometrlik hissəsini beton örtüklü olmaqla, biz inşa edirik.

-Bəs Moldova? Axı bir müddət əvvəl bu ölkənin hökuməti “Evrascon” şirkətini yol inşaatı üzrə sifarişi ləngitməkdə günahlandırmışdı və deyəsən belə qərar verilmişdi ki, şirkəti layihədən kənarlaşdırsınlar…

-Bu məlumat həqiqətə uyğun deyil. Doğrudur, bizim Moldovada problemlərimiz yaranmışdı, amma bunlar “Evrascon” şirkətindən asılı olmayan, daha çox yerli bürokratiya ilə bağlı çətinliklər idi və işin ləngiməsinə gətirib çıxarmışdı. Hazırda “Evrascon” şirkəti Moldovada Dövlət Yol Administrasiyasının sifarişi əsasında 37.2 kilometrlik Hinçeşt–Lapuşna asfalt örtüklü, 3-cü dərəcəli avtomobil yolunu,  17.6 km-lik Kişnyov–Ungen–Skuleni avtomobil yolunu (1-ci dərəcəli) inşa edir. 22 kilometrlikKişnyov–Ungen–Skuleni avtomobil yolunda və əlavə olaraq  hər  3 layihə üzrə 13 ədəd körpünün təmir bərpa işləri davam etdirilir. Layihədə hal-hazırda ümumilikdə 330 nəfər çalışır, onlardan   46 nəfəri Azərbaycandan göndərilən mütəxəssislərdir. Biz həm Orta Asiyada, həm Moldovada  sadalanan layihələrin əksəriyyətini ilin sonuna qədər başa çatdırmağa çalışırıq.

Qazaxıstan, Özbəkistan, Mldova ilə yanaşı “Evrascon” Rusiya, Ukrayna və Türkiyə kimi böyük ölkələrdə də inşaat və montaj işlərində fəal iştirakımız var. Bizim həmin ölkələrdə nümayəndəliklərimiz fəaliyyət göstərir.

-Sadaladığınız rəqəmlərdən belə nəticə çıxır ki, “Evrascon”un xarici layihələrində işçilərin müəyyən qismini Azərbaycandan göndərilən işçilər təşkil edir. Bu məsələ sifarişçilərlə razılaşdırılırmı? Axı inşaat layihələrində hər ölkə xarici işçilər cəlb etməyə həvəsli olmur…

-Mən detallar barədə geniş danışmadan onu deyə bilərəm ki, doğrudan da xarici sifarişçilər inşaat layihələrində əsasən yerli işçilərin çalışmasında maraqlı olur və bunu başa düşmək olar. Lakin Azərbaycan şirkəti olaraq “Evrascon” hesab edir ki,  başlıca vəzifələrindən biri həm də vətəndaşlarımızın işlə təmin olunmasına öz töhfəsini verməkdir və bu baxımdan əlimizdən gələni edirik ki, Azərbaycan mütəxəssisləri bizim xarici layihələrimizdə də işləsin, yaxşı əmək haqqı alsın.Hal-hazırda şirkətimizin xarici layihələrində cəmi  1780 nəfər çalışır, onlardan 324 nəfəri Azərbaycanlılardır. Bunların əksəriyyəti öz işlərinin öhdəsindən yüksək səviyyədə gələn peşəkar mütəxəssislərdir.

-Bəs “Evrascon” şirkətinin ölkə daxilində hansı layihələri var və bu layihələrdə işlər nə yerdədir?

-Hazırda Azərbaycan daxilində həyata keçirdiyimiz layihələrdən biri Xızıda ümumi sahəsi 12 min 579 hektar olan suvarma sahəsinin qurulmasıdır. Bu, kənd təsərrüfatının inkişafına yönəlmiş olduqca mühüm layihələrdən biridir. Layihə üzrə birinci mərhələdə 7 min 111 hektar ərazidə suvarma sahəsi yaradılmalıdır ki, şirkətimiz bu mərhələ üzrə işləri başa çatdırıb. İkinci mərhələdə isə 5 min 468 hektarlıq suvarma sahəsi yaradılmalıdır, hazırda bu mərhələdə işlər davam edir.

Layihənin həyata keçirilməsi zamanı ən müasir avadanlıqlardan, süni yağış qurğularından istifadə olunub, müasir hidrantlar quraşdırılıb. Suvarma üçün müxtəlif diametrli borular çəkilib, uzunluğu 80 kilometrə yaxın beton üzlüklü su kanalları inşa olunub. 750 min kubmetrdən çox qazma işləri həyata keçirilib, 320 min kubmetrdən çox betontökmə işləri görülüb. Bir sözlə, kifayət qədər iri və vacib infrastruktur layihəsidir, hesab edirəm ki, işləri vaxtında, uğurla başa çatdırıb təhvil verə biləcəyik.

Digər layihəmiz Şəki rayonunun ərazisindən keçən Kiş çayı üzərindəki avtomobil körpüsünün bərpasıdır. Bildiyiniz kimi ötən il dalbadal baş verən güclü daşqınlar nəticəsində bu körpü dağıldı, yol infrastrukturuna ciddi ziyan dəydi. Möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən 2016-cı il 17 avqust tarixində təbii fəlakətin Şəkinin yol infrastrukturunavurduğu ciddi ziyanın aradan qaldırılması və 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün müvafiq sərəncam imzalanıb.

Tikilməkdə olan körpünün uzunluğu 88.2 metr, hərəkət hissəsi 8 metrdir. Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqəsədilə  hər iki tərəfdə 1.5 metr enində piyada səkiləri də daxil olmaqla ümumi eni 11 metrdir.Körpü orta dayaqsız, bir aşırımlı inşa olunacaq və çay yatağından hündürlüyü 7 metr təşkil edəcək. Bu isə öz növbəsində, gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını alacaq.

Körpünün kənar dayaqlarının tikintisi artıq yekunlaşıb və hazırda körpünün aşırım hissəsinin yığılması işləri aparılır. Layihə çərçivəsində çayda su axının təmizlənməsi və yaşayış məntəqəsini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma, svay əsaslı monolit beton istinad divarlarının 32 metrlik hissəsinin hündürlüyü artırılıb, sol sahildə isə 45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunub.

-Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi kimi strateji əhəmiyyətli layihə də “Evrascon” şirkətinə həvalə olunub. Bu layihədə işlər necə gedir, ləngimə varmı? Çünki bildiyiniz kimi layihənin həyata keçirilməsinə prezident İlham Əliyev birbaşa nəzarət edir, bu, Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından olduqca mühüm əhəmiyyət kəsb edən layihdir.  Yəni bu halda podratçı şirkətin üzərinə düşən məsuliyyət qat-qat böyükdür…

-Tamamilə doğrudur. “Evrascon” şirkətinin kollektivi ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu strateji əhəmiyyətli layihənin həyata keçirilməsində iştirak etməkdən qürur duyur. Biz üzərimizə düşən böyük məsuliyyəti dərk edirik və layihə çərçivəsində işləri yüksək keyfiyyətlə, vaxtında yerinə yetirməyə çalışırıq. Bildiyiniz kimi bu yaxınlarda layihənin sifarişçisi dəyişdi, işlərə nəzarət İqtisadiyyat Nazirliyinə həvalə edildi. Həmin vaxtdan etibarən işlər daha da sürətləndirilib, müəyyən ləngimələrə səbəb olan problemlər aradan qaldırılıb.

“Evrascon” şirkəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisinə dair müqavilənin bağlanmasından bu yana 2.8 milyon kubmetrə yaxın torpaq işləri görüb. Bərə Terminalı Kompleksinin tikintisini, gəmilərə hərəkət istiqaməti verən Naviqasiya Sistemini başa çatdırıb. İyunun 14-nə olan məlumata görə 2108 ədəd dəmir-beton svay, 201 ədəd metal svay vurub.

Səth sularının kənarlaşdırılması üçün 5 min metrdən çox uzunluğunda boru çəkilib. 22 kilometr uzunluğunda dəmir yolu xətti çəkib, 4300 metrə yaxın kanalizasiya şəbəkəsi boruları quraşdırıb, çirkab suların təmizlənməsi üçün qurğu quraşdırıb, 120 min kvadratmetrə yaxın sahəsi olan avtomobil yolları inşa edib. 7400 metrdən çox uzunluğunda içməli su boruları döşəyib. Yüksək gərginlikli hava xətləri çəkilib, daxili sahə elektrik təchizatı, işıqlandırma sistemi qurulub.  Ümumi sahəsi 9 min kvadratmetrə yaxın olan müxtlif təyinatlı binalar tikib. Digər işlər görüb və hazırda işlərimiz qrafik üzrə gedir, maliyyələşmə, mal və materialların alınması ilə bağlı heç bir problem yoxdur.

-Məlum olduğu kimi son vaxtlar dövlət vəsaiti hesabına tikinti sektoruna kapital qoyuluşları azaldılıb. Bununla bağlı bir çox inşaat şirkətlərinin sifarişləri də kəskin azalıb. “Evrascon” şirkəti də analoji vəziyyətlə üzləşirmi, sizi də işsizlik təhlükəsi gözləyirmi?

-İnşaat sektorunda sifarişlərin azalmasına baxmayaraq hesab edirəm ki, məsuliyyətli, aldığı sifarişləri yüksək keyfiyyətlə, vaxtında həyata keçirən şirkətlər üçün işsiz qalmaq riski yoxdur. Sadaladığım layihələrdən başqa “Evrascon” şirkətinin Azərbaycanda həyata keçirdiyi daha bir neçə iri infrastruktur layihələri, o cümlədən aqrar sektorun inkişafına yönəlmiş infrastruktur layihələri mövcuddur. Məsələn, Şabran aqroparkının tikintisini də biz həyata keçiririk. Bu layihə çərçivəsində  1700 hektardan çox sahəni əhatə edən ümumi suvarma sistemi qurulub, 5.2 kilometr uzunluğunda beton üzlüklü kanal çəkilib, 2 milyon kubmetrdən çox həcmdə qazma işləri görülüb və s. Hal-hazırda tikinti işləri qrafik üzrə davam edir.

-Vaxtaşırı olaraq “Evrascon” şirkətinin bu və ya digər layihələrdə çalışan işçilərinin əmək haqlarının gecikdirilməsi , nəticədə işçilərin etirazları barədə xəbərlər eşidirik. Bu problem niyə yaranıb və nə zaman aradan qaldırılacaq, işçilər vaxtlı-vaxtında əmək haqlarını ala biləcəkmi?

-Gizlətmirəm ki, bizdə əmək haqlarının gecikməsi problemi var, lakin bu, mətbuatda şişirdildiyi qədər deyil. Təəsüf ki, mətbuatda bizim kollektivin aranın qızmar istisi, qışın qarı-yağışı demədən hansı çətin şəraitdə ölkəmiz  üçün, iqtisadiyyatımızın inkişafı, insanlarımızın firəvanlığı üçün mühüm əhəmiyyət kəsb edən layihələrdə tər tökməsi haqda xoş söz eşitməkdənsə hansısa xırda problemlərin şişirdilməsi barədə eşidirik. Bu da bizi məyus edir.

Maaşların gecikməsinin səbəblərinə gəldikdə isə bayaq qeyd etdiyiniz kimi manatın iki dəfə devalvasiyaya məruz qalması, inşaat sektoruna da təsir edən ümumi iqtisadi çətinliklər bizdən də yan keçmədi. Nəticədə müəyyən maliyyə problemləri ilə üzləşdik və həmin gecikmə də buradan qaynaqlanır. Şükürlər olsun ki, bu problemin də öhdəsindən gəlməkdəyik, maaşların gecikməsi tədricən də olsa aradan qaldırılır, hazırda orta gecikmə iki aydan çox deyil.

Ancaq bu o demək deyil ki, bizim işçilərimiz aylarla heç bir vəsait almırlar, biz avanslar formasında da olsa onlara vaxtaşırı ödəmələr edirik. Əks halda uzun illərdir təcrübə toplamış peşəkar mütəxəssislərimizi işdə necə saxlaya bilərdik? “Evrascon” şirkəti məhz bu cür peşəkar mütəxəssislərin, kollektivin zəhməti hesabına ayaqdadır və təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də nüfuz qazanıb.(Virtualaz.org)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın