Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Mağazalarda alıcılara qeyri-ərzaq sellofanları təqdim olunur – TƏHLÜKƏ

Mağazalarda alıcılara qeyri-ərzaq sellofanları təqdim olunur – TƏHLÜKƏ

İnsanlar tərəfindən gündəlik istifadə olunan sellofanlar haqqında maraqlı faktlar ortaya çıxıb. Bu gün istər ərzaq bazarlarında, istərsə də iri marketlərdə ərzaqların qoyulması üçün nəzərdə tutulan sellofanlar əvəzinə qeyri-ərzaq sellofanlarından istifadə olunur. İri market və ticarət obyektlərində geniş istifadə olunan həmin qeyri-ərzaq sellofanları sağlamlığımız üçün olduqca zərərlidir.

Alıcılardan biri şikayətlənərək deyir ki, mağazalarda ərzaqları qeyri-ərzaq sellofanlarına qoyurlar: “İstər marketlərdə, istərsə də yarmarkalarda aldığımız məhsulları elə paketlərə qoyurlar ki, onlardan iy gəlir. Bilirəm ki, həmin sellofanlar ərzaq üçün yararlı deyil. Bu, insanın zəhərlənməsi deməkdir”, – deyə alıcı qeyd etdi.

Bəs, görəsən, bu gün niyə ərzaq deyil, qeyri-ərzaq sellofanlarına üstünlük verilir? Apardığımız araşdırmadan məlum oldu ki, bunun bir sıra səbəbləri var. Əsas məsələ qeyri-ərzaq sellofanlarının ərzaq üçün nəzərdə tutulmuş sellofanlardan daha ucuz başa gəlməsi ilə bağlıdır.

Uzun illərdir sellofan istehsalı ilə məşğul olan Ceyhun Mikayılov deyir ki, Azərbaycanda hazırda ərzağa yararlı sellofanlardan, demək olar ki, istifadə olunmur. “Bizim istehsal etdiyimiz sellofanlar da qeyri-ərzaq üçün olanlardır. Amma onun da fərqləri var. Həmin sellofanların hazırlandığı polietilenin hansı ölkədən gətirilməsindən asılı olaraq qiymətlər dəyişir. Adətən həmin maddə Azərbaycana İran, Türkiyə, Rusiyadan gətirilir. İrandan alınan polietilen daha ziyanlıdır və ondan hazırlanan sellofanlardan pis qoxu gəlir. Amma oradan alınan polietilen digər ölkələrə nisbətən ucuzdur və odur ki, sellofanlar da ucuz başa gəlir və ucuz qiymətə də satılır”, – deyə istehsalçı bildirdi.

Ceyhun Mikayılovun verdiyi məlumata görə, sellofanlar kiloqram ilə satılır və 150 kiloqramdan az verilmir. 150 kiloqrama neçə ədəd sellofanın hazırlanması isə istehlakçının hansı növ sellofan sifariş verməsindən asılıdır. Belə ki, bu növlərə “mayka”, “pinqvin”, “zibil” və s. növlər aiddir.

Həmsöhbətimiz bu gün daha çox qeyri-ərzaq sellofanlarına üstünlük verməyin əsas səbəbini devalvasiyadan sonra onların qiymətinin bahalaşmasında görür. “Əgər dollar qalxmazdan əvvəl 150 kiloqramı 2,8 manata verirdiksə, bu gün onu 3,2 manata veririk. Ərzaq üçün nəzərdə tutulan sellofanların qiyməti isə iki dəfə qalxaraq 150 kiloqramı 4 manat olub. Odur ki, onu alan yoxdur”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, ucuz sellofanlardan istifadə onların pulsuz olması ilə bağlıdır: “Sellofanların pulsuz olması bir tərəfdən istehlakçılar üçün xeyirli olsa da digər tərəfdən isə bu, ətraf-mühitin intensiv çirklənməsinə, istehlakçıların tədricən zəhərlənməsinə gətirib çıxarır”, – deyən AİB sədri əhalini belə sellofanlardan az istifadə etməyə çağırdı.

AİB sədri onu da qeyd etdi ki, kağız və parça paketlərin istehsalı baha başa gəldiyindən ticarət obyektləri sellofanlara üstünlük verir. “Ən ziyanlısı isə broyler toyuqlarının üzərində olan sellofanlardır. Kənd təsərrüfatı Nazirliyi həmin istehsalçılara yazılı məktub göndərsə də onlar buna əhəmiyyət vermirlər”, – deyə Eyyub Hüseynov əlavə etdi.

Qurum rəsmisinin sözlərinə görə, sellofanlar PVS və polietilen əsaslı olur. Ən ziyanlısı PVS əsaslıdır. Onların çoxu İran və Çindən gətirilir və pis qoxusu var. Həmin sellofanlar ərzaq üçün nəzərdə tutulmur.

Sovet dövründə isə bazarlarda əsasən kağız paketlərdən istifadə edilirdi. Bundan başqa, əvvəllər xüsusi həsir zənbillər var idi ki, bu həm rahat, həm də təhlükəsiz idi. Hazırda bir sıra xarici ölkələr sellafonların istifadəsindən imtina edib. Məsələn, ABŞ və Yeni Zelandiyada ərzaqlar üçün yalnız kağız paketlərdən istifadə olunur. Rusiyada isə hər iki – sellofan və kağız paketlərdən istifadə olunur. Sellofanlar isə orada çox nazikdir. Hətta tullantı kimi təbiətə də çox ziyan vurmur və tez çürüyür.

Mağazalarda istehlakçılara təqdim olunan bu qeyri-ərzaq sellofanları onların sağlamlığına ziyan vurmaqla yanaşı, onların hüquqlarının pozulması deməkdir. Buna rəsmi qurumlar da nəzarət etməlidirlər. Ucuzdur deyə insan orqanizminə ziyan olan ərzaq sellofanlar əvəzinə istehlakçılara qeyri-ərzaq sellofanlar verən marketlərə və satıcılara qarşı ciddi tədbirlər görülməlidir. Bundan başqa, kartonları təkrar emal edərək kağız torbalar istehsal etmək olar. Bununla da həm təbiəti çirklənməkdən, həm də sağlamlığımızı qorumuş olarıq. Anespress.com

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın