Bazar , Noyabr 29 2020
Ana səhifə / Şou Biznes / Maddi böhrana görə restoranlar və müğənnilər qiymətdə endirim edəcəklərmi?

Maddi böhrana görə restoranlar və müğənnilər qiymətdə endirim edəcəklərmi?

10 gün sonra  toy mövsümü yenidən başlayır (Bilindiyi kimi, Aşura qətli ilə bağlı olaraq ölkə şiələri 60 gün, məhərrəm və səfər aylarında toy etmirlər).  Dolların məzənnəsinin manata nisbətən bahalaşması toy bazarına da təsirsiz ötüşməyəcək. Ölkəmizdə yaşanan iqtisadi böhranın restoranlara, şadlıq evlərinə və müğənnilərin toy qiymətlərinə necə təsir göstərdiyini, endirim edib-etmədiklərini öyrənmək üçün Musavat.com saytının əməkdaşı əvvəlcə restoranlar arasında sorğu keçirib. 
 
“Böyük saray” şadlıq sarayına dekabrın sonunda 150 nəfərdən ibarət toy etmək istədiyini bildirən əməkdaşımıza cavab verən xanım əməkdaş bir yerin qiymətinin 200 manatdan başladığını bildirib:
“Bizdə zallara görə qiymətlər müxtəlifdir. Qiymətlər 200-300 manat civarındadır. 200 manatdan aşağı yerimiz yoxdur. Zalımız geniş və təmizdir. Müştəri olaraq restoranımıza yaxınlaşsanız, daha ətraflı söhbət edə bilərik”.
“Neon” restoranın administratoru isə qiymətlərdə endirim olub-olmayacağı barədə məlumatsızdır:
“Bizdə qiymətlər 50 manatdan başlayır. Yaxşı olar ki, restoranımıza yaxınlaşasınız. Üz-üzə müştəri ilə danışanda endirim edirik. Təbii ki, qonaqların sayı da qiymətlərə təsir edir, müştərinin də maddi vəziyyətini nəzərə alırıq. Maddi böhrana görə qiymətlərin azaldılacağı haqda hələ ki, heç nə deyə bilmərəm”.
 “Badi-səba” restoranının əməkdaşı isə qiymətlərin müştərinin maddi vəziyyətindən asılı olaraq dəyişdiyini bildirdi:
“Bizdə qiymətlər müxtəlifdir. 35 manatdan başlayır, lakin 27 manata kimi endirim də edirik. Qiymətlərin aşağı salınacağı haqda isə dəqiq məlumatım yoxdur. Yəqin ki, müştərinin maddi durumunu nəzərə alacağıq”.
 “Maddi böhranı nəzərə alıb toy qiymətinizdə endirim edəcəksinizmi” sualı ilə müraciət etdiyimiz müğənnilərin cavabları müxtəlif oldu:
Əməkdar artist Lalə Məmmədova: “Bizdə müğənnilər əsasən şou proqramlardan və toylardan qazanırlar. Məhərrəmlikdə maddi gəlirimiz olmur. Böhrandan əlavə, 2 ay toya gedə bilməməyimiz maddi vəziyyətimizi aşağı salır. Mənim toy qiymətim yüksək deyil. Daima toy sahibinin maddi durumunu nəzərə alıram, bəzən isə toylarda pulsuz oxuyuram. Biz el şənliklərindən milyonlar qazanmırıq, bəziləri düşünür ki, müğənnilər lüks həyat yaşayır. Bizim əziyyətimizi nəzərə almırlar. Toyda qazandığımız qonorardan musiqiçilərin haqqını veririk, mahnı alırıq, klip çəkdiririk, geyimimizə xərcləyirik, ailəmizi dolandırırıq”.
Müğənni Nadir Qafarzadə: “Maddi böhran təbii ki, toy qiymətimə təsir edəcək. Mən baha qiymətə toya getmirəm. Həmişə mətbuatda xəbərlər yayımlanır ki, Nadir toya 10 min manata gedir. Məndən baha qiymətə toy aparan müğənnilərimiz də var. Toy qiyməti danışanda  toy sahibinin imkanını nəzərə alıram. Dəfələrlə olub ki, toyda pulsuz oxumuşam, ev sahibinin imkansızlığını nəzərə almışam. O adam məni sevir, toyunda görmək istəyir, amma imkanı yoxdur. Mən  maddi imkanları nəzərə alan insanam. Bu maddi böhran olmamışdan öncə də belə idi. Daima vergilərimi də ödəyirəm, qanun hamı üçün qanundur”.
Əməkdar artist Abbas Bağırovun köməkçisi isə mediaya müğənninin toy qiymətlərini açıqlamadıqlarını, bu mövzuda danışmaq istəmədiklərini bildirdi.
Müğənni Manaf Ağayev: “Maddi böhran hər bir azərbaycanlı kimi mənə də təsir edib. Təbii ki, insanların maddi durumunu nəzərə almaq lazımdır, qiymətlərdə endirim edəcəyəm. Toya ucuz qiymətə gedirəm, toy qonorarım çox deyil. Xalqı düşünmək lazımdır, məni toyunda görmək istəyən şəxsin qəlbini qıra bilmərəm”.






Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın