Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Mətanət Əzizova ilə Erkin Qədirli arasında “homofobiya davası”… – QALMAQAL

Mətanət Əzizova ilə Erkin Qədirli arasında “homofobiya davası”… – QALMAQAL

M.Əzizova: “Erkin Qədirli homofobdur, nöqtə”
 
Erkin Qədirli: “Homofob deyiləm, özümü müdafiə etmirəm, elə bir ehtiyacım da yoxdur”
“Erkin Qədirli homofobdur”. Bu barədə hazırda Praqada yaşayan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova sosial şəbəkədəki statusunda yazıb.
Musavat.com xəbər verir ki, M.Əzizova REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirlinin bir müddət öncə homofobiya ilə bağlı yazdığı statusdan bir cümləni təhlil edərək, öz fikrini belə əsaslandırıb: “Erkin Qədirli yazır: “Homoseksualların polisdə, orduda, başqa güc qurumlarında, eləcə də uşaq bağçalarında, ibtidai və orta məktəblərdə işləməsinə qarşıyam”.
M.Əzizova eyni zamanda iddia edib ki, E.Qədirli birmənalı şəkildə homofobdur: “Erkin Qədirli homofobdur, nöqtə…” 
Musavat.com onu da nəzərə çatdırır ki, E.Qədirli sözügedən mövzuda olduqca geniş və əhatəli status yazıb. Onun homofobiya barədə fikirləri aşağıdakı kimidir: “Homofob söhbəti”nə dair izahım:
1. Anlayış problemi.
Anlamaq – daraltmaq deməkdir. Çox geniş qavramlar anlayış sayıla bilməz. Nəyisə gerçəkdən anlamaq üçün ona tərif vermək gərəkdir. Latınca “definitio” (tərif) – “son qoymaq”, “sərhəd çəkmək” mənalarını verən “definire” sözündən törəmədir. Yəni, anlayışın ağlabatan dərəcədə razılaşdırılmış çərçivələri olmalıdır. Yoxsa, hərə özündən bir məna çıxaracaq, söhbət də (diskurs) buna görə alınmayacaq. Əlbəttə, mənalar dəyişə, sərhədlər yenidən çəkilə bilir. Amma bunun da ağlabatan yolları var (olmalıdır). Üstəlik, zamana ehtiyacı var.
2. “Homofob” nə deməkdir?
Homofob – homoseksuallardan qorxan, onlardan iyrənən, onlara nifrət edən, onları təqib edən adama deyilir. Bu mənaların hamısının olmasına gərək yoxdur. Onlardan biri kimisə homofob saymağa yetərlidir.
3. Mən homofobammı?
Yox! Özümü müdafiə etmirəm, elə bir ehtiyacım da yoxdur. Sadəcə deyiləm, vəssalam. Çünki yuxarıdakı tərifdə sadalanan münasibətlərin heç birisi məndə yoxdur. Mədəni solun, çeşidli postmodernistlərin məsuliyyətsiz mənagenişləndiriciliyini qəbul etmirəm.
4. Məni niyə homofob adlandırır, bəziləri?
Müsahibələrimin birində bunları demişdim:
 
– homoseksullar da insandır;
– insan haqlarının mütləq əksəriyyəti onlara aid olunmalıdır;
– onların özəl həyatda nə etdikləri məni maraqlandırmır və heç kəsi də qayğılandırmamalıdır;
– homoseksuallığın açıq göstərilməsinə qarşıyam;
– homoseksualların polisdə, orduda, başqa güc qurumlarında, eləcə də uşaq bağçalarında, ibtidai və orta məktəblərdə işləməsinə qarşıyam;
– həmcins nikahlara və həmcins cütlüklər tərəfindən övladlığa götürməyə qarşıyam.
Bu qədər. Bunun kənarında, homoseksualların bütün maraq və haqlarının təmin olunmasına əngəl törədilməsinin əleyhinəyəm. İndi, gəlin, bu bəndlərə, qısa da olsa, bir-bir baxaq.
“Homoseksuallar da insandır” ifadəsi etirazlara səbəb oldu. Anlayıram. Başqa dillərə tərcümədə heç də yaxşı səslənmir. Amma mən fikirlərimi başqa ölkələrin deyil, öz ölkəmizin vətəndaşlarına öz dilimizdə və onun məna çalarlarına uyğun deyirəm. Mənə etiraz edənlərin çoxu, Avropadakı və Amerikadakı mühacirlərimizdir. Onların arasında neçəsinin homoseksual olması məni maraqlandırmır. Anlaşılan odur ki, onlar mühacirət etdikləri ölkələrin hazır həqiqətləri və azadlıqları havasına girib, buradakı çətinlikləri unudublar, ya da qəsdən nəzərə almırlar. Mən bu ifadəni – “homoseksuallar da insandır” – ölkəmizdəki duruma və dilimizin mənaötürücülüyü imkanlarına uyğun demişəm. Sözümün canı budur – homoseksuallara insani münasibət göstərilməlidir, onlar adam yerinə qoyulmalıdır və s. Çünki indi belə deyil, özünüz də bilirsiniz. Kontekstdən çıxarıb, başqa dillərə çevirib ölkəmizdəki diskursiv durumu nəzərdən qaçırmaqla bu mənanı asanlıqla (çox zaman qəsdən) itirirlər.
Homoseksualların özəl həyatına qarışmağı qətiyyən doğru saymıram. Bununla belə, homoseksuallığın açıq göstərilməsinə (public manifestation) qarşıyam. Söhbət konkret geyparadlardan gedirdi. Buna sonra qayıdaram.
Homoseksualların polisdə, orduda, başqa güc qurumlarında, eləcə də uşaq bağçalarında, ibtidai və orta məktəblərdə işləməsinə qarşıyam. Başqa iş və peşə sahələrində onlara məhdudiyyətlərin qoyulmasını doğru saymıram. Polis, ordu və başqa güc qurumları sərt intizam üzərində qurulur. Bu intizamın “kişilik qavramı”ndan doğduğu hər kəsə məlumdur. Kimsə bunu stereotip, ya da seksist düşüncə saya bilər. Amma bununla heç nə dəyişəsi deyil. Bu qurumların tarixi, ənənəsi və təcrübəsi belədir. Bilirəm, bəzi ölkələrdə bu mənalar dəyişir, amma bu, yalnız son zamanlar baş verir. Bizim cəmiyyət o zamanlardan hələ çox uzaqdır. Uşaq bağçalarında, ibtidai və orta məktəblərdə homoseksualların işləməsinə münasibəti valideynlərdən soruşun, görün nə deyəcəklər? Uzatmıram.
Həmcins nikahlar da, əslində, homoseksuallığın açıq göstərisidir. Amma, qeyparadlardan fərqli olaraq, bu işin xeyli hissəsi özəl həyata və uzunmüddətli münasibətlərə aiddir. Ciddi məsələdir, yəni. Homoseksualların bir-birini sevməsi, bir yerdə yaşaması və s. məni qətiyyən narahat etmir. Homoseksual cütlüklərə neytral baxıram. Amma nikah – başqa məsələdir. Nikah, bir hüquq təsisatı olaraq, sevgi, qarşılıqlı razılıq əsasında seks və başqa oxşar münasibətlərə aid deyil. Hüquq üçün bu münasibətlər yoxdur, gözə görünmür, ölçüyə gəlmir. Hüquqi anlamda ailə (nikah) münasibətləri bunlardan ibarətdir – əmlak münasibətləri, valideyn-övlad münasibətləri… Bütün başqa münasibətlər bu iki münasibətdən törənir. Homoseksualların özəl mülkiyyət haqları onsuz da var. Onlar nikahı sırf vərəsəlik və sosial müdafiə üçün istəyirlər. Bunun, həmişə də olmasa, başqa yolları var – vəsiyyət yazsınlar, ya da başqa müqavilə öhdəliklərini yaratsınlar. Toplumda nikaha hüquqdankənar olan emosional və mənəvi münasibətləri sarsıtmağa nə gərək var? Başqa ölkələrdə son zamanlar bununla da bağlı dəyişiklik baş verir, amma bizim cəmiyyət hələ belə zamanlardan çox uzaqdır.
Homoseksual cütlüklərin övladlığa götürməklə bağlı iddiaları çox eqoistikdir. Uşaq – oyuncaq, ya da ev heyvanı deyil. Gərəkdirsə, dövlət uşağı doğma (təbii) valideynlərin də əlindən ala bilər – onlar valideynlik borclarını düzgün yerinə yetirmirləsə… Burada əsas diqqət mərkəzi – uşaqların haqlarıdır. Homoseksual cütlük tərəfindən övladlığa götürülmüş uşağın öz həmyaşıdları tərəfindən (həyətdə, məktəbdə və s.) necə psixoloji təzyiqlərə məruz qalacağını dövlət düşünməlidir. Uşağın şəxsiyyətini sındıracaqlar, kim bilir, bəlkə intihara sövq edəcəklər. Dövlət bunun qarşısını necə alsın? Cəmiyyətimizin indiki şəraitində buna qətiyyən yol vermək olmaz!
5. Nəzəri biliklər və praktik ağıl.
Mən, yuxarıdakı məsələlərə aydınlıq gətirərkən, qəsdən diqqəti problemin sırf praktik tərəfinə yönəltdim. Nəzəri, ya da mənəvi söhbət etmədim. Nəyin yaxşı, ya da pis olduğunu demədim. Bizim cəmiyyətin durumunda bu məsələlərin praktiki baxımdan gerçəkləşə bilməyəcəyini vurğuladım. Mən işə siyasi gözlə baxıram. Siyasətdə ictimai rəyə qarşı açıq-aşkar çıxmaq, oturuşmuş dəyər və əxlaqi münasibətləri saymamaq – axmaqlıqdır. Elmi araşdırmalar, fəlsəfi yanaşmalar, estetik zövq və s. öz yerində, amma demokratik seçkilərdə seçicilərin “ortaq yaxşı” haqqında təsəvvürlərinə qarşı çıxmaq olmur. Ona görə də, mən, hər şeyi bir qırağa qoyaraq, sırf praktik ağıl baxımından yuxarıda sadalanan məsələlərə qarşıyam. Buna homofobiya deyirsinizsə, onda siyasət haqqında biliklərinizə yenidən baxın.
6. Radikallıq, yoxsa riyakarlıq?
Ölkəmizdə geyparadların icazəsini istəyənlər, buna qarşı çıxanlara çox zaman elə acıqlı hücum edirlər ki, zaman və məkan haqqında təsəvvürləri yoxmuş kimi görünməyə başlayırlar. Tutaq ki, geyparada icazə verildi. Kim çıxacaq o parada? Niyə riyakarlıq edirsiniz? Nəzəri söhbətlərin yeri deyil. Praktik danışaq. Hücum mənə deyil? Yaxşı, gəlin, hökumət mənəmsə, Yasamalda sizə geyparad üçün Şərifzadə küçəsini verirəm. Keçirin paradınızı görüm, necə keçirisiniz. 10 metr gedə bilməyəcəksiniz. Camaat özü sizə hücum edəcək, döyəcək. Gələcəksiniz, bəs, bizim təhlükəsizliyimizi qoru, bu dövlətin pozitiv öhdəliyidir. Elədir. İcazə verilmiş nümayişin iştirakçılarını qorumaq dövlətin pozitiv öhdəliyidir. Amma, yenə də siz işin praktik tərəfini nəzərə almırsınız. Sizi qoruyacaq polisi haradan alım? Polis də bu xalqın arasından çıxır axı. Hansı polis işçisi qeyparadın iştirakçılarını qorumağa razı olar? Polis əmrə tabedir, orası elədir. Amma iş bir tək əmr verməklə bitmir. Əmr, onu icra etməli olan adamın düşüncələrində, ya da təsəvvürlərində barışmaz ziddiyyət yaradırsa, ona kəskin, qarşısıalınmaz mənəvi əzab verirsə, həmin əmr, çox guman ki, icra olunmayacaq. Yaxşı, lap hesab edək ki, haradansa belə polis işçilərini tapa bildik, onlara təlim keçdik və onlar (çox yüksək maaşa və ya başqa mükafata görə) geyparadı qorumağa razılaşdı. Düşünün, orada çalışan polis işçiləri haqqında cəmiyyətin və xüsusilə polisin öz içində münasibət nə olacaq? Adamlar hər yerdə lağa qoyulacaq, təhqir olunacaq və s. Bir sözlə, heç kəs belə polis dəstəsində işləmək istəməyəcək. Odur ki, yenə də sırf praktik baxımdan, hazırki şəraitdə geyparad iştirakçılarının təhlükəsizliyini təmin etmək mümkün görülmədiyinə görə belə paradların icazəsinə yol verilə bilməz. Bugün ən təhlükəsiz çıxış yolu budur. Mən dediyim də budur. Burada moralizmə gərək yoxdur.
P.S. Mən bu statusda qəsdən öz dəyərlərimi ifadə etmədim. Ancaq kobud gerçəklikdən yazdım ki, dəyərlərimi bilib, yazıya emosional yanaşmayasınız. Siyasətdə bir çox işlərə “bugün və burada” gözüylə baxmaq gərəkdir. Bugün və burada başqa problemlər önəmlidir. Bununla söhbəti bağlayıram və bu mövzuya bir daha qayıtmayacağam”.
Musavat.com-un məlumatına görə, həm M.Əzizovanın, həm də E.Qədirlinin sözügedən mövzu ətrafında açdığı müzakirələr ciddi fikir ayrılıqlarına və təhqirlərə səbəb olub. Bəzi müzakirə iştirakçıları E.Qədirlini məhz bu yazdıqlarına görə homofob adlandırıblar, onu ittiham ediblər. Bir qisim sosial şəbəkə istifadəçiləri isə M.Əzizovanın bu məsələdə haqsız olduğunu iddia ediblər.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın