Azinforum.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, sənətçi yaşlı sənətkarların musiqimizə laqeyd yanaşdığını dilə gətirib:

“Musiqimizdə anarxiya hökm sürür. Habil Əliyevdən sonra heç bir sənətkarımız musiqimizin təəssübünü çəkmir, ictimai qınaq yoxdur. Belə olanda hərcmərclik yaranır. Kiməsə irad tutanda sənin özünə problem yaratmağa başlayırlar. Hər kəsin əqidəsi var”.

A.Ağayev bütün partiyaların üzvlərinə hörmətlə yanaşdığını qeyd edib. Xalq artisti aparıcı Lamiyyə Ələkbərqızını da ona qarşı haqsızlıqda ittiham edib:

“Ola bilər ki, bu kişi müxalifətdə bir partiyanın üzvüdür, mən iqtidar partiyasının. Əsas odur ki, sağlam insan olsun. Bu yaxınlarda YAP-ın xətti ilə konsertə getdim. YAP-ın qarşısında dörd saat oturmuşam, dörd saat sonra Siyavuş Novruzova deyiblər ki, Ağadadaş gəlməyib. Lamiyyə adlı bir qız var e, xallı, o deyib. Gördüm konserti bağladılar, oturub maşınıma getdim. Qəddar zarafat ediblər, haqqını da alacaqlar”.

Sənətkar bildirib ki, bu, ona qarşı qərəzdir:

“Burada mənə qarşı qərəz var. Bunu məhkəmədə sübut edəcəyəm. İstərdim ki, buna hər kəs münasibətini bildirsin”.

Xalq artisti Arif Babayev, Teymur Mustafayev, Canəli Əkbərov kimi sənətkarları da laqeydlikdə qınayıb:

“Niyə çıxıb danışmırlar? Mən danışıram, oluram pis. Hər kəs öz sahəsində mübarizə aparmasa, musiqimiz daha bərbad hala düşəcək”.

Sənətkar Alim Qasımovu da qınayıb:

“Alim Qasımov, dünyaya meydan oxuyursan. Qardaş, niyə danışmırsan? Danış, iradını bildir də”.