Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Mədəniyyət Nazirliyi Zurufçunun qalmaqallı konsertinə münasibət bildirmədi

Mədəniyyət Nazirliyi Zurufçunun qalmaqallı konsertinə münasibət bildirmədi

Müğənni Yaqub Zurufçunun Almaniyanın Köln, Hamburq, Frankfurt şəhərlərində keçirəcəyi konsert turları müzakirələrə səbəb olub.  Konsertlərin “paniranizm” və “panfarsizm” ideologiyasına xidmət etməsi barədə iddialar səsləndirən təşkilatlar konsertin boykot edilməsinə çağırış edib. 
Hollandiyada fəaliyyət göstərən “Avropa-Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri Elman Mustafazadə  konsertlə bağlı sosial şəbəkədə bəyanat yayıb: “2016-cı il aprel ayının 15-dən etibarən Köln, Frankfurt, Hamburq və digər şəhərlərdə Azərbaycan Respublikasının əməkdar artisti Yaqub Zürufçu, xalq artistləri Ramiz Quliyev (tarzən), Aftandil İsrafilov (qarmon ifaçısı) və Sadıq Zərbəliyevin (qoşanağara ifaçısı) iştirakı ilə “Persian Concert Produly Presents” və “Konserte bozorg azeri” adı altında konsert proqramları ilə çıxış edəcəklər. Bu, Azərbaycan milli mədəniyyətini və musiqisini “paniranizm” ideologiyasının quyruğuna calamaq və aşağılayıcı addım deməkdir. Nədən Azərbaycanın tarixi və əzəmətli dəyərləri özgələrinin gərəksiz bayrağı altında süslənməlidir? Nə üçün başqalarının mədəniyyət dəyərlərinin kölgəsində çabalamaq zorunda qalmalıdır? Yaqub Zürufçu “Kürdüstan” adlı marşla Azərbaycan və Türkiyənin ərazilərinə iddia edən “Böyük Kürdüstan” xəritəsi altında klipini yaymışdır. Bu addımın ardınca Almaniyada konsert proqramları ilə Azərbaycanın milli kimliyinə qarşı ermənilərin və farsların strateji hədəflərinə bağlamaq kimi təşəbbüsləri irəli sürüb”.

Elman Mustafazadə: “Yaqub Zürufçu “Kürdüstan” marşını Azərbaycan və Türkiyənin ərazilərinə iddia edən “Böyük Kürdüstan” xəritəsi altında yaymışdı”

Elman Mustafazadə daha sonra qeyd edib ki, bu tədbirləri Azərbaycan xalqının varlığının unutdurulmasına hesablanmış strateji niyyətlər kimi saymaq gərəkdir: “Yaqub Zürufçu Azərbaycan dövlətinin sayəsində peşəkar musiqi təhsili alıb. O, bu dövlətin prezidentinin humanizmi sayəsində vətəndaşlıq alıb və sənətçi kimi əməkdar artist fəxri adına layiq görülüb Deməli, Azərbaycanın çörəyini yeyən birisi fars şovinizminin 3-5 quruşuna görə milli kimliyimizi dəyişmək siyasətinə baş vurmaqla yanaşı, digər ünlü sənətçilərimizi də həmin çamura bulaşdırmaq kimi addımlar atır. O, Bakıda evlə təmin edilib. Azərbaycan vətəndası olmaqla yanaşı, “Əməkdar artist” tituluna layiq görülüb, dövlət təqaüdü ilə təmin olunub. Buna görə də aprel ayının 15-dən Yaqub Zürufçunun sponsorları ilə birgə düzənlədiyi konsertləri hamılıqla boykot etməyə çağırırıq. Azərbaycanımızın quzeyli-güneli vahid milli iradəsini ortaya qoymaq hər birimizin milli borcudur. Hamınızı bu boykot hərəkatına dəvət edirik”.
Musavat.com səsləndirilən iddialarla bağlı  Mədəniyyət və Turizm Nazirliyindən münasibət öyrənmək üçün nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədovla əlaqə saxlayıb. V.Şıxməmmədov deyib ki, nazirlik məsələyə münasibət bildirmək istəmir.
 
 

Tarzən Ramiz Quliyev: “Hazırda konsertin proqramı əlimdədir, bütün çıxışlar Azərbaycan musiqisini təbliğ edir”

Konsertdə çıxış edəcək xalq artisti, tarzən Ramiz Quliyev musavat.com-a bildirib ki, konsertdə çıxış etməsi dəqiqləşməyib: “Səsləndirilən fikirlərdən xəbərim var. Hazırda konsertin proqramı əlimdədir, bütün çıxışlar Azərbaycan musiqisini təbliğ edir. Çox maraqlı konsert olacaq. Bundan başqa heç nə deyə bilmərəm. Konsert və iddialar barəsində Yaqub Zurufçu ilə  danışın. Onu da qeyd edim ki, konsertdə çıxış edib-etməyəcəyim məlum deyil”.
 
 
Diasporla İş üzrə Dövlət Komitəsinin Analitik-informasiya şöbəsinin müdiri Elşad Miraləm bildirib ki, bayramla bağlı tətil olduğu üçün qurum məsələyə münasibət bildirə bilmir: “Hazırda Bakıda deyiləm. Bayram tətili olduğundan rəhbərliklə əlaqə saxlamaq imkanım məhduddur. Məsələ ilə bağlı bəzi məqamları da dəqiqləşdirmək lazımdır. İş günü olmadığına görə bu da çətindir. Daha sonra məsələylə bağlı açıqlama verəcəyik”.
Qeyd edək ki, Y. Zurufçu Musavat.com saytına açıqlamasında səfər ərəfəsində olduğunu, Azərbaycana döndükdən sonra bu məsələ ilə əlaqədar açıqlama verəcəyini bildirib: “Konsertin təşkilatçıları iranlılardır. Onlar İrana geri döndükdən sonra bir problem yaşamasınlar deyə afişalar o cür təqdim olunub”.  Musavat.com

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın