Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Şou Biznes / Məzarlar gətirilməlidirmi?

Məzarlar gətirilməlidirmi?

Sabah Azərbaycan Cümhuriyyətinin elan edilməsinin 99-cu ili tamam olacaq.

Cümhuriyyəti elan edənlər, hökumətdə və parlamentdə təmsil olunanların sonrakı həyatı faciəli olduğu üçün bu gün onların heç birinin məzarı ölkəmizdə deyil.

Zamanla bu məsələ gündəmə gəlir, bəzi tədqiqatçılar məzarların gətirilməsinin, bəziləri isə məzar yerinin də tarixin bir parçası olduğu üçün toxunulmamasının tərəfdarıdırlar. Biz fikrimizi yazmadan öncə bəzi məzarların harada olduğunu yada salaq.

Milli Şuranın sədri Məhəmmədəmin Rəsulzadənin qəbri Ankarada Əsri məzarlığındadır. Ermənilər tərəfindən öldürülən baş nazir Fətəli xan Xoyskinin, parlamentin sədr müavini Həsən bəy Ağayevin qəbirləri Tiflisdə köhnə müsəlman məzarlığındadır. Botanika bağının ərazisində.

İkinci baş nazir Nəsib bəy Yusifbəylinin ölümü qaranlıq olduğu üçün ona aid heç bir məzar yeri yoxdur.

Əksinqilabla mübarizə təşkilatının rəisi Nağı bəy Şeyxzamanlının, ədliyyə və daxili işlər naziri Xəlil bəy Xasməhəmmədlinin, hərbi nazir, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanzadənin, maliyyə naziri Əbdüləli Əmircanın, Parisə göndərilən nümayəndə heyətinin üzvü Miryaqub Mirmehdiyevin, Fətəli xanın qardaşı Hüseynqulu xan Xoyskinin (qızının və xanımının da), parlamentin üzvü, “Azərbaycan” qəzetinin rusca versiyasının redaktoru Şəfi bəy Rüstəmbəylinin, yenə parlament üzvü Məhəmmədsadıq Axundzadənin, Kərim Odərin, həmçinin tanınmış siaysətçi, fikir adamı Əhməd bəy Ağaoğlunun qəbirləri İstanbulda Feriköy İslam məzarlığındadır.

Parisə göndərilən nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun, heyətin üzvü Ceyhun Hacıbəylinin qəbirləri Parisdə Sen-Klu məzarlığındadır. Heyətin digər üzvü Abbas bəy Atamalıbəyov 1971-ci ildə Klivlenddə vəfat edib.

Heyətin üzvü Əkbərağa Şeyxülislamovun qəbri Parisdə Bobinyi, Məmməd Məhərrəmovun qəbri isə Monparnas məzarlığındadır. Daxili işlər naziri olmuş, ermənilər tərəfindən qətlə yetirilən Behbud xan Cavanşirin məzarı İstanbulda Beşiktaşda Yəhya Əfəndi dərgahındadır.

Cümhuriyyətin işğalından sonra ölkədə qalan siyasilər isə 1930-cu illərdə repressiyaya məruz qaldıqları üçün məzarları sürgün yerlərində itmiş vəziyyətdədir.

Elcədə də, işğaldan sonra, II Dünya müharibəsi dönəmində də mühacirətə gedən şairlərin, hərbçilərin məzarları Türkiyənin müxtəlif bölgələrində və Almaniyadadır.

Göründüyü kimi, qürbətdə olan məzarlarımız çoxdur və bunlar Azərbaycan tarixində böyük xidmətləri olmuş şəxslərə aiddir. Ona görə də yenə haqlı sual ortaya çıxır.

Bu məzarlar gətirilməlidirmi?

“Gətirilsin” deyənlərin ən çox istinad etdiyi mənbə Rəsulzadənin Topçubaşovun məzarı üzərində söylədiyi nitqdəki bu cümlədir:“Çox çəkməz məmləkət qurtular və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına götürər və xatirəni əbədiləşdirər…”

Görünür, Topçubaşovun belə bir istəyi olub, hər kəs kimi o da doğulduğu torpaqda dəfn edilmək istəyib.
Amma fikrimizcə, bu məzarlar artıq Azərbaycan tarixinin bir parçası olduğuna, o dönəmi əks etdirdiyinə görə gətirilməməlidir, daha öncə edildiyi kimi təmirə ehtiyacı olan məzarlar müəyyənləşdirilib bərpa edilməlidir.

Necə ki, zamanında Topçubaşovun, Rəsulzadənin məzarları yenidən hazırlandı.

Topçubaşovun məzarının Parisdə, Rəsulzadənin məzarının Ankarada olması cümhuriyyətçilərin və Cümhuriyyətin sonrakı taleyinin bir parçasıdır. Mühacirət tarixi o məzarlarla bir bütündür.

Mayın 19-u biz Feriköy məzarlığını ziyarət edərkən bunun fərqinə bir daha vardıq. Bu məzarların burada olması həm də Türkiyə, Almaniya, Fransa tədqiqatçıları üçün də maraqlıdır. Məsələn, elə dünən bir türk tələbə Miryaqub Mirmehdiyevin məzarının İstanbulda olduğunu öyrəndikdən sonra onun həyatı ilə bağlı magistr dərəcəsində buraxılış işi yazmaq qərarına gəldiyini dedi.

Həm də nəzərə alaq ki, dünya üzərində hər yerdə azərbaycanlılar yaşayır, bu məzarlar sahibsiz deyil, onlar tərəfindən anım günlərində ziyarət edilir, xatırlanır.

Bizim vəzifəmiz bu məzarlarda yatan şəxsləri həmin ölkələrdə tanıtmaq, onların arxivlərini əldə etmək, barələrində yeni kitablar yazmaqdır. Bu zaman onların da ruhları şad olacaq.

Dilqəm Əhməd

Həmçinin oxuyun

“Elza, birincisi, get, ədəbiyyatla məşğul ol”

Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli arasında “İlhamə Quliyevanın taxtı” mövzusunda başlayan qalmaqal …

Bir cavab yazın