Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Mən polisin təyinatıyla bağlı baxışımı ifadə etmişəm”- Heydər Oğuz

“Mən polisin təyinatıyla bağlı baxışımı ifadə etmişəm”- Heydər Oğuz

Günün bəlkə də ən maraqlı xəbəri şair-publisist Heydər Oğuzun polislərə marş yazması oldu. Adətən, kəskin tənqidi yazıları, müxalif mövqeli şeirləri ilə tanıdığımız bu adamın birdən-birə hakimiyyətin ən böyük dayağını təbliğ edən marşı ağıla müxtəlif suallar gətirir. Biz də bu sualları şairin özünə yönəltdik.

Şair-publisistin Moderator.az-a müsahibəsini təqdim edirik.

-Heydər bəy, etiraf edim ki, marşınızı oxuyanda çox təəccübləndim. Yəqin ki, cəmiyyətimizdə mənim kimi təəccübləndirdiyiniz çox adam var. Bu təəccübün səbəbi sizə də məlum olmamış deyil: Hər kəs Heydər Oğuzdan indiyə qədər ən kəskin yazılar gözləyib və bu cür öyrəşib. Siz isə birdən-birə ictimaiyyətin önünə polisləri təbliğ edən marşınızla çıxdınız. Bir növ, ictimai gözləntiyə qarşı gedən bu addımınızı necə izah edərdiniz?

-Çox adamı təəccübləndirəcəyimi mən də hiss edirdim. Amma hər hansı bir qələm əhlinin yaradıcılıq sahəsində istinad etdiyi nöqtə başqalarının mövqeyi deyil, öz vicdanıdır. Qələm əhli yalnız öz vicdanının səsinə qulaq asanda ictimai fayda verən əsər yarada bilər. “Başqaları nə deyər, mənim yazıma necə baxar” kimi suallar daxili senzuranın alətləridir. Azad təfəkkürlü insan hətta senzuranın bu növünü belə qəbul etməməlidir. Əks halda, o, öz vicdanının səsinə yox, ona təlqin olunan basqılara boyun əymiş olar. Rejimdən qorxub nəsə yazmamaqla ictimai qınaqdan çəkinib yazı yazmamaq eyni dərəcədə buxovdur. Yaradıcı şəxs gərək bu cür buxovlardan azad olmağı bacara.

Açığını desəm, dövlətimizin müxtəlif qurumlarına marşlar yazmaq çoxdankı arzum olub. Hələ dövlətimiz yenicə qurulanda, sovet imperializminin əsarətində qurtulanda bu cür marşlar yazmaq düşüncəsi beynimdə formalaşmışdı. Müstəqillik qazandıqdan qısa müddət sonra Türkiyəyə təhsil almağa getdim və burada oxuduğum müddətdə bu arzum daha da formalaşdı. Qərara gəldim ki, bütün dövlət orqanlarına bir marş yazım. Əsasən də güc strukturları barədə. İndiyə qədər bu arzumu reallaşdırmamağımın səbəbi sizin də bəhs etdiyiniz həmin ictimai qınaq məsələsi oldu. Çünki ölkəm arzuladığım bir rejim tərəfindən idarə edilmirdi və edilmir. Dövlətin strukturları barədə yazacağım marş məddahlıq nümunəsi kimi səslənə bilərdi. Üstəlik, arzulamadığın bir sistemin ayrı-ayrı strukturlarına vəsfedici şeir qələmə almaq da asan deyildi. Mənəvi stimullar çatışmırdı. Fəqət istəsək də, istəməsək də, bu ölkə bizimdir. Onun polisi, əsgəri, hətta xüsusi xidmət orqanlarının əməkdaşları bizim xalqın övladlarıdır. Bu gün onlar öz təyinatlarını tam yerinə yetirməyə bilərlər. Ümidvaram ki, zamanla bu problem də aradan qalxacaq. Yeniləşən cəmiyyət özünün inzibati strukturlarının təfəkkürünü də dəyişdirəcək. Amma əvvəl-axır baş tutacaq bu prosesə tələb olunan zaman mənə də eyni lütfkarlıqla yanaşmır. İnsan ömrünün bir sərhəddi var və zaman bizim hər birimizi çiyinlərinə alıb yoxoluşa aparacaq. Bəlkə də tam arzuladığım dövlət strukturları mənim yoxluğumdan sonra formalaşacaq. Mən bu arzumu da özümlə qəbirə aparmalıyam?

Digər tərəfdən mən yazacağım marş və himnlərdə olanı yox, olmalı  olanı tərənnüm etmək istəyirəm. Yəni yazdığım marşlar həmin strukturların təyinatına həsr olunacaq. Əgər bu qurumlar öz təyinatına uyğun hərəkət etmirlərsə, günah onlara vəzifələrini xatırladan şairdə yox, qurumların özündədir. Mən qurumların təyinatını onlara xatırlatmaqla qəbahətli bir iş görmürəm. Əksinə, Daxili İşlər Nazirliyi mənim hədiyyə etdiyim marşı qəbul edib və onu əməkdaşlarına əzbərlədərsə, bu, polislərin beynində öz vəzifələrinə dair müəyyən sterotiplərin yaranmasına səbəb ola bilər və hərəkətlərini nizamlamağa kömək göstərər.

-Yəni hesab edirsiniz ki, bu cür marşların dövlət işçilərinin hərəkətlərini nizamlamasında müsbət mənəvi təsirləri olur?

-Əlbəttə, olur. Hər bir marş hansısa qurumun əxlaq kodeksinin bədiiləşmiş formasıdır. Məsələn, biri var, polis öz vəzifəsini quru cümlələrlə yazılmış mətnlərdən oxuya, biri də var, bunu şeir kimi əzbərləyə, beyninin dərinliklərinə yaza. Hər gün dayandığı sıralarda onu xüsusi musiqi altında özü səsləndirə və necə böyük dəyər daşıdığını anlaya. Musiqinin, şeirin gücü onlara təlqin edilən fikirlərin daha rahat mənimsəməsinə müsbət təsir göstərər…


-Düşünürsünüz ki, polislərə yazdığınız marş qarşıya qoyduğunuz bu missiyanı yerinə yetirə bilib?

-Buna mən qərar verə bilmərəm. Hər halda mən polisin təyinatına öz baxışımı ifadə etmişəm. Marşda göstərmişəm ki, polis haqqın müdafiəçisi, keçikçisidir. Haqq Allahın adlarından biridir. Deməli, polisin də əslində ilahi bir missiyası var: Haqqın qorunmasında əsgər rolu oynamaq missiyası. Polis özünü Allahın, ədalətin əsgəri hesab edərsə, düşünürəm ki, öz vəzifəsinə də qürurla yanaşar, ilahi ədalətdən kənara çıxmaz, vətəndaşlarla davaranışlarda buna əməl edər. Marşda ifadə olunduğu kimi, polis vətənin qorunmasında bir əsgər qədər önəmli rol oynayır. Əsgərin təyinatı sərhədlərimizi yağılardan, polisin vəzifəsi isə onu daxildən qorumaqdır. Bunu anlayan polis necə böyük missiya daşıdığının fərqində olarsa, öz vəzifəsinə biganə yanaşmaz, xalqın keşiyini daha yaxşı çəkə bilər. Yaxud Haqqın nahaq qarşısında keçilməz pərdəsi olduğunun sirrinə vaqif olan insan heç vaxt əks hərəkət etməz. Amma gərək buna həqiqətən də inana.

-Maraqlıdır, bu marşı ictimailəşdirərkən, necə bir reaksiya gözləyirdiniz və nə ilə qarşılaşdınız?

-Bilirdim ki, həm təqdir, həm də tənqid ediləcəyəm. Qarşılaşdığım təpkilər də, təxminən, gözlədiyim kimi oldu. Bir çox adamlar məni məddahlıqda günahlandırırlar. Amma onlar bir nüansı qəbul etmək istəmirlər ki, marş həcv deyil, təyinatın vəsfidir. Üstəlik, hansısa qurum barədə marş yazmaq hələ mövcud olana itaət etmək də deyil. Türkiyənin himnini yazan Mehmet Akif Ersoy heç vaxt o dövlətin siyasi xarakteriylə razılaşmayıb. Hətta onun idarəedilmə şəklini bəyənmədiyi üçün ölkədən çıxıb gedib. Ömrünün sonlarına qədər Misirdə yaşayıb. Mühacirət etdiyi Misirdə universitetlərdə müəllim işləyib. Ölümünə az qalmış geri döndüyü Türkiyədə həyatını itirərkən, bu böyük şairin dəfninə bir neçə yaxınından başqa heç kim getməyib. Bəzi qohumları belə bu dəfndə iştirak etməkdən boyun qaçırıblar. Halbuki, həmin vaxt bütün Türkiyə onun “İstiklal marşı”nı oxuyurdu. Səhərlər bütün televiziyalar, əsgərlər, bütün dövlət qurumları “İstiklal marşı”nı oxuya-oxuya işə başlayırdılar. Həmin vaxt elə həmin Türkiyədə şairi bir ovuc adam son mənzilə yola salırdı. Bunun səbəbi Mehmet Akif Ersoyun siyasi mövqeyi ilə bağlıdır.

Mehmet Akif Ersoy “İstiqlal marşı”nı ona görə yazmamışdı ki, hakimiyyətdən rəğbət görsün, mənfəət əldə etsin. Hətta mükafat kimi aldığı 500 lirəni yetimlərə, kasıb-kusuba paylamışdı. Ona görə bu marşı yazmışdı ki, Vətənini vəsf edirdi. İdealındakı görmək istədiyi Türkiyənin bədii obrazını yaradırdı. Özümü kiminləsə müqayisə etmək fikrindən uzağam. Mən, əlbəttə ki, Mehmet Akif deyiləm, heç ola da bilmərəm. Amma əmin olun ki, mənim də məqsədim polisdən “malades” eşitmək deyil. Mən də görmək istədiyim polisimin cizgilərini yaratmaq istəmişəm. Və əminəm ki, bir gün polis mənim arzuladığım kimi olacaq. Necə ki, Türkiyə indi Mehmet Akif Ersoyun arzuladığı məmləkətə çevrilib və şairin ruhunu sevindirir. Onun adı da bu dövlətin qurucusu ilə eyni çəkilir. Hətta indiki siyasi hakimiyyət Mehmet Akif Ersoyu Atatürkdən belə çox istəyir. Ümumiyyətlə, Türkiyə insanının Atatürkə münasibəti fərqlidir. Onu istəyən də var, istəməyən də. Amma bütün türkiyəlilərin hamısı onun himnini yazan Mehmet Akifi sevir və sevməyə də davam edəcək. Hər bir əsgər general olmaq istədiyi kimi, hər bir şair də Mehmet Akif Ersoy olmağa can atmalıdır. Kim məni nədə günahlandırırsa, günahlandırsın. Vicdanım və Allah bilir ki, mən kiməm. Bu da mənə yetər.

 

Redaksiyadan: Heydər Oğuzun birmənalı qarşılanmayan “Polis marşı”nı oxuculara təqdim edirik:

 

Polis marşı

 

Haqq – Tanrının adıdır,

Mənsə Haqqın əsgəri.

Xalqın keşiyindəyəm

Var olan gündən bəri!

 

Zillətin boğazında

Hüzurun pəncəsiyəm.

Azərbaycan polisi –

Haqqın güvəncəsiyəm!

 

Mən Vətənin içində,

Əsgərlər eşiyində,

Birlikdə bu ölkənin

Durmuşuq keşiyində!

 

Hər kəsin inam yeri,

Ümidi, Haqq səsiyəm.

Azərbaycan polisi –

Haqqın güvəncəsiyəm!

 

Evindən əmin əsgər

Məndən alıb gücünü,

Sərhədlərdə yağıdan

Alır  yurdun öcünü!

 

Sabitliyin qarantı,

Əminlik qüvvəsiyəm!

Azərbaycan polisi –

Haqqın güvəncəsiyəm!

 

Xalq rahat yatsın deyə,

Uyumadan gəzirəm.

Salıb çəkmə altına

Qaranlığı əzirəm.

 

Haqqın nahaq önündə

Keçilməz pərdəsiyəm!

Azərbaycan polisi –

Haqqın güvəncəsiyəm!

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın