Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Şou Biznes / Məmurların maşınlar üçün xərcləri – Şok rəqəmlər

Məmurların maşınlar üçün xərcləri – Şok rəqəmlər

Prezident İlham Əliyev məmurlara xarici avtomobillərdən düşüb, Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan “LİFAN”a minməyi tövsiyə etdi. Bu avtomobillərin qiyməti markasından asılı olaraq 7-22 min manat civarındadır.

“Qafqazinfo” xəbər verir ki, “Bizim Yol” qəzetinin bu mövzuda hazırladığı materialda bildirilir ki, Dövlət Statistika Komitəsinin saytında büdcədən xidməti avtomobillərin alınmasına vəsait ayrıldığı barədə statistikanı araşdırılıb. Məlum olur ki, belə bir statistika mövcud deyil. Sadəcə ölkədə olan minik avtomobillərinin illər üzrə sayı verilib, onların arasında təkcə şəxsi minik avtomobilləri ayrıca göstərilir. Buradan bəzi ipucları əldə etmək olar.

Məsələn, 2014-cü ildə 1,100,124 minik avtomobilinin 1,048,094-ü şəxsi minik avtomobili olub. 52,030 avtomobilin də xidməti və şirkətlərə aid olduğunu bizə güman etmək qalır. 2000-cı ildə 332,026 minik avtomobilindən 319,297-si şəxsi, 12,729-u qeyri-şəxsi olub. 2001-2005-ci illərdə çox da sürətli olmayan artan templə qeyri-şəxsilərin sayı 12,250-dən 15,268-ə çatıb. 2006-cı ildə birdən-birə iki dəfəyə yaxın artım qeydə alınıb – 23,631 ədəd. Bu say 2007-ci ildə 27,555, 2008-ci ildə 31,493, 2009-cu ildə 33,360, 2010-cu ildə 36,025, 2011-ci ildə 38,850, 2012-ci ildə 42,163, 2013-cü ildə 43,777, 2014-cü ildə 52,030 olub. Keçən ilə dair məlumat yoxdur. Məmurlar çox bahalı avtomobilləri tenderdə almırlar, daxili müqavilə ilə götürürlər. Buna sübut Satınalmalar Üzrə Dövlət Agentliyinin keçirilmiş müsabiqələrin reyestr məlumatlarıdır. Aparılan araşdırmalarda məlum olur ki, 2010-2014-cü illərdə 36,025-dən 52,030-ə qədər artan qeyri-şəxsi avtomobilə qarşı cüzi sayda tender keçirilib.

Məsələn, 2010-cu ilin baza məlumatlarına görə Maliyyə Nazirliyinin Cəlilabad rayon Maliyyə İdarəsi “Performance Center Co” MMC-dən 15,000 manatlıq nəqliyyat vasitəsi alıb.

Nazirliyin Şabran və Ağdam rayon idarələri də eyni qiymətə, eyni şirkətdən nəqliyyat götürüblər.

Binəqədi Rayon İcra Hakimiyyəti 15,480 manata Şəfiyev Şahin adlı fiziki şəxsdən, Əmlak Məsələləri Dövlət Komitəsinin “Hyundai Avto Azerbaijan” MMC-dən 29,900 manata nəqliyyat vasitəsi aldığı yazılır.

Bu, bir nəqliyyat vasitəsinin dəyəridir, çünki cəmdə qeyd olunmayıb. Səhiyyə Nazirliyi Qubadlı Rayon Mərkəzi Xəstəxanası “Performance Center Co” MMC-dən 16,000 manata avtomobil alıb.

Qax Rayon İcra hakimiyyəti 35,000 manata Elnur  Mustafayevdən nəqliyyat götürüb. Fiziki şəxslərdən, şirkətlərdən alınan avtomobillər təzə, yoxsa “ikinci əl” olub, aidiyyatı qurumlar buraxılış illərinə baxıb müəyyənləşdirə bilərlər…

İdarə və təşkilatlar daha çox avtomobillərin ehtiyat hissələri, təmirinə pul sərf edib, bir də onların sığortasına. Bunların bəziləri bazada əksini tapıb. Məsələn, Mərkəzi Bank əsas vəsaitlər, nağd pul və nəqliyyat vasitələrinin sığortalanmasını 234,995 manata “Paşa Sığorta”ya həvalə edib. MB nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə də “Urud” firmasına 123,000 manat verib.

Nəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması çox vaxt nəqliyyatın özündən baha-başa gəlib. “Bakıelektrikşəbəkə” ASC “Sintez” MMC-dən 604,152 manatlıq avtomobil hissəsi alıb.

Daxili İşlər Nazirliyi 451,705 manatlıq avtomobil ehtiyat hissələri, 403,805 manatlıq da avtomobil şinləri alıb və beləliklə 855,510 manat ehtiyat hissələrinə gedib. Vergilər Nazirliyi 22 min manatlıq avtomobil yağı alıb, amma nə vaxt avtomobil alıb, tender məlumatı yoxdur.

Maraq üçün təkcə bir ildə ehtiyat hissələrinə xərclənən pulları hesabladıq. Nəzərdən qaçırmadıqsa 2,722,307 manatı müxtəlif təşkilatlar ehtiyat hissələrinə xərcləyib.

Tenderlərin məzmunundan çıxış edərək demık olar ki, dövlət qurumlarında ucuz avtomobilləri rəsmiləşdirib, bahalı avtomobillər üçün hissələr alırlar. Üst-üstə götürəndə tenderlərdə alınan avtomobilin dəyəri, hissələrə xərclənən vəsaitlərdən azdır – 658,315 manat nəqliyyat vasitəsinə qarşı 2,722,307 manatlıq ehtiyat hissəsi. Guya məmurlar köhnə avtomobil istifadə edirlər, əsas vəsaiti də onların təmiri və hissələrinə xərcləyirlər. Əslində belə deyil, avtomobilləri 4-5 il sürüb balansdan çıxarırlar. Sonrakı illərdə də eyni statistika təkrarlanıb, daha çox ehtiyat hissələri alınıb, sığortalanmaya pul gedib. Yüksək sığorta məbləği əsasən bahalı maşınlara sərf olunur, 10-15 min manatlıq avtomobillər göstərilən sığorta məbləği ilə ziddiyyətlidir.

“Azərsu” ASC bir ildə 6,630,618 manatlıq xidməti və xüsusi təyinatlı maşın alıb. 2011-ci ildə “Revanş” MMC adlı şirkətdən 209,654 manatlıq “KİA Sportage” avtomobilləri alınıb. Bu avtomobillərin Azərbaycanda rəsmi distribütoru eyniadlı şirkətdir, “Revanş” MMC-nin isə internetdə boş bir “Facebook” səhifəsindən başqa haqqında məlumat yoxdur.

“Grand Motors” MMC-dən də 1,000,074 manatlıq minik və yük avtomobili əldə edilib. Sonra təzədən “Grand Motors” MMC, “AS Texnika” MMC, “Gəncə Avtomobil Zavodu” İB, “İmprotex Truck and Buses” MMC-yə də 5,420,890 manatlıq bir sifariş verməklə su təchizatı və kanalizasiya sisteminin istismarına tələb olunan xüsusi təyinatlı maşın və mexanizmlər satın alınıb.

Sonrakı ildə “Toyota” avtomobilinin alınması da yenə 56,451 manata (“Revanş” MMC) başa gəlib. 2013-cü ildə də 70 min manat, daha sonra 59,000 manata “Toyota Avalon” markalı avtomobil alıb.

Dövlət Sosial Müdafiə Fondu minik avtomobillərinə 552,249 manat sərf edib. DİN 235,281 manatlıq ehtiyat hissəsi, 64 min manatlıq da “Niva” markalı avtomobil alıb.

Daha sonra yenə avtomobil ehtiyat hissəsi “İlqar-MR” MMC-yə düz 500,851 manatlıq tender qazandırıb.

Bu firmanın adı “dövlət qurumlarından iri məbləğdə tender götürənlərin siyahısı”ndadır. Nazirlik 171,690 manata şin və akkumulyator batareyaları, 339,984 manata da sürtgü materialları alıb. Əlavə olaraq yenə 624,182 manat şinlərə, müxtəlif adda ehtiyat hissələrinə də 800,709 manat (“Muravto” MMC) xərcləyib.

Bakı Metropoliteni iki “Kia Optima” və bir “Lexus” markalı avtomobilə 213,580 (“Duet” firması) manat verib. Avtomobilin birinin qiyməti 71,193 manata düşür…

Dövlət Sərhəd Xidməti 787,428 manata minik avtomobilləri, zirehli və inşaat texnikaları üçün avtoşinlər, 200,927 manata minik, 339,984 manata da yük avtomobillərinə ehtiyat hissələri alıb.

2014-cü ildə Hesablama Palatası “Toyota Bakı Mərkəzi” MMC və “Lexus Bakı” MMC-dən 200,000 manatlıq nəqliyyat vasitələri alıb. Palata onun-bunun büdcəsini yoxlayır, vəsaitlərin səmərəli xərclənib-xərclənmədiyinə qiymət verir, özü isə gedib harada bahalı avtomobillər var, onlardan yapışıb. Dövlət Sərhəd Xidməti 7 ədəd Niva “Shevrolet” avtomobili üçün “Performance Center co” MMC-yə 94,380 manat ödəyib.

 

Həmçinin oxuyun

Manafın qızı ikinci həyat yoldaşından da ayrıldı – VİDEO

Manaf Ağayevin qızı Səmayə ikinci həyat yoldaşı Taleh Hüseynovdan da ayrılıb.Müğənninin kürəkəni bu gün keçmiş …

Bir cavab yazın