Ana səhifə / Şou Biznes / Məmur özbaşınalığı Bakı sakinini ev və azadlığından məhrum etdi

Məmur özbaşınalığı Bakı sakinini ev və azadlığından məhrum etdi

Bakı şəhər sakininin əmlak və vəsaitləri bir qrup məmur tərəfindən fırıldaqçılıqla qəsb edilib.
Paytaxtın Yasamal rayon sakini Süleymanova Sevda Fətəli qızı “Yeni Müsavat”a şikayət məktubu ilə müraciət edərək bildirib ki, bir neçə  məmur tərəfindən aldadılaraq ona saxta sənədlər verilib, nəticədə ev  və vəsaitlərindən məhrum qalıb. Onun dediyinə görə, bununla bağlı aidiyyatı orqanlara şikayət etdiyi üçün daim ölümlə təhdid edilir:
“2011-cil ilin avqust ayında “OMAKS 3” tikinti şirkətinin direktoru Emil Namazov mənə və yoldaşıma bildirdi ki, atasını həbsxanadan çıxartmaq üçün ona pul lazımıdır. Yoldaşım Qüvvətəli Süleymanov həmin zamanlarda qeyd etdiyim tikinti şirkətinin payçılarından biri idi. Yoldaşım daima Emil Namazovun uzun müddət həbsxanada olan atasına və onun ailəsinə kömək edib. Eyni zamanda “OMAKS 3” tikinti şirkətinə külli miqdarda vəsait qoyub və həmin vəsaiti hələ də geri ala bilmirik.
Beləliklə, Emil Namazov atasına görə bizdən xahiş etdi ki, Z.Xəlilov küçəsi, mənzil 69 ünvanındakı yaşayış evimizi girov qoyaraq 105 000 (yüz beş min) manat pul götürək. Buna görə atası da həbsxanadan dəfələrlə zəng edib yalvararaq, mənə və ailəmə ömür boyu can borcu olduğunu deyib bizi bu işə razı sala bildi. Qeyd edim ki, E.Namazov özünü ailəmizə yaxın dost kimi göstərmişdi. Razılıq belə oldu ki, mənzilimiz 9 saylı notariusda girov qoyulacaq, evin sənədləri pul verən şəxsə pulu geri qaytardıqdan sonra sənədlər olduğu kimi bizə  geri qaytarılacaq və bu haqda E.Namazov kağızda imzalayaraq mənə təqdim etdi”.
S.Süleymanova bildirir ki, aparılan proseslərin heç birində iştirak etməyib:
“Güvənimizi qazandığı üçün evin bütün sənədlərini E.Namazova verdim. Bu proseslərin heç birində iştirak etmədim. Onun dediyinə görə, istər notariusun müdiri, istərsə də makler İradə Vəliyeva və pul verən Emin Abbasovla yaxın dostdurlar və buna görə də bu işdə heç bir problem olmayacaq.
Onu da qeyd etmək istəyirəm ki, həmin sənədə notariusun dəhlizində imza atmışam. Həmin vaxt notariusda E.Namazovdan başqa heç kimi görməmişəm”.
S.Süleymanovun sözlərinə görə, sonradan ona qaytarılan mənzilin sənədləri saxta olub:
“2008-ci ildə həmin mənzil AFFA-da kirayədə olduğu üçün və 2014-cü ilin oktyabr ayına qədər ordan kirayə haqqı götürdüyümə görə sonradan İ.Vəliyeva və E.Namazovun mənə qaytardığı həmin mənzilin sənədləri saxta olub və mən bunu bilməmişəm. Aldığım məlumata görə, həmin mənzil qeyri-qanuni yolla İ.Vəliyevanın yaxın qohumu olan Ş.Vəliyevanın adına keçirilib.
Beləliklə, ötən ilin noyabr ayında özlərini bank işçisi kimi təqdim edən bir neçə şəxs evimə soxularaq mənzilimi zəbt etdilər, üstəlik, məni təhqir edib, ölümlə hədələdilər. Bununla bağlı olaraq 102 xidmətinə məlumat verdim. Lakin hüquq-mühafizə orqanları nədənsə bu məsələyə etinasız yanaşdılar. Məcbur olub Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etdim. Lakin heç bir təqdiqat işi aparılmadan, araşdırılmadan Polis İdarəsindən mənə çox qəribə bir cavab geldi.
Yeri gəlmişkən, bildirim ki, bütün bu işlərdə E.Namazova çox köməklik göstərən Bakı İcra Hakimiyyətinin hüquqşünası Cəlal Bağırovun səsini yazmışam. Səs yazısını sübut kimi hüquq mühafizə orqanlarına təqdim etsəm də ortada yenə də bir nəticə olmadı”.
S.Süleymanova həyat yoldaşı Qüvvətəli Süleymanovun təqsiri olmadan həbs oldunduğunu deyir. O, bütün bu olanlar üçün ölkə prezidentinə müraciət edib:
“Bütün bu işlərdə həyat yoldaşımı dolaşdıraraq haqsız yerə həbs etdilər. E.Namazov tez-tez mənə acıq verirmiş kimi deyir ki, “ərinin də torbasını yaxşıca tikdik”. Ailəmizin başına gələnlər haqda bütün dövlət strukturlarına müraciət etdim, lakin hələ də haqq  öz yerini tapmayıb.
Mətbuat vasitəsilə ölkə prezidentinə müraciət və xahiş edirəm ki, həyat yoldaşımın məhkəmə işinin obyektiv araşdırılmasına və ailəmizin əmlaklarının geri qaytarılmasına, cinayətkarların öz cəzalarına çatması üçün köməklik etsin”.

 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın