Ana səhifə / Şou Biznes / Leyladan Benazirədək…

Leyladan Benazirədək…

Dünyada 700 mindən çox qadın türmədədir; xaricdə və Azərbaycanda məşhur məhbus qadınlar

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbsdən azad edilməsi ilə cəmiyyətdə xoş bir əhval yarandı. Xüsusən də mentaliteti nəzərə alanda azərbaycanlılar qadının türmədə olması faktına o qədər də tolerant yanaşmır.
 
Bununla belə, həbsxanalarımızda hələ də xeyli sayda qadın məhbuslar var. İstər siyasi, istər sıradan qadın məhbuslar…
“Yeni Müsavat” isə bu günə qədər dünyada və Azərbaycanda yolu türmədən keçmiş tanınmış məhbuslar barədə dosye hazırlayıb. Öncə dünya üzrə statistikaya nəzər salaq. Dünyada 700.000-dən çox qadın və qız həbsdə saxlanılır. London Cinayət İnstitutunun verdiyi məlumata görə, bu göstərici 2000-ci ildən sonra 50% artıb. Qadın məhbuslarının təxminən yarıdan çoxunu əsasən, 3 ölkənin əhalisi təşkil edir – ABŞ, Çin və Rusiya.
Tədqiqatçılar məhkumların qayğıya ehtiyacı olduğunu bildirib. Birbeck İnstitutunun direktoru Dr. Jessica Jacobson bildirib ki, bu məhbuslar çox həssas və köməksiz qrupdur və onlar cinayət qurbanı olub, özlərini günahlandırırlar.
Hesabatda deyilir ki, bir sıra ölkələr hesabat vermədiyindən, həmçinin Çinin məlumatları tam olmadığından göstərilən say yəqin ki, bundan çoxdur.
Bəs bu rəqəmlərin nə qədəri Azərbaycanın payına düşür? Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, Azərbaycanda cinayət törətmiş qadınların sayında ilbəil azalma müşahidə olunur. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, cinayət törətmiş qadınların sayında ilbəil azalma müşahidə olunur: “2010-cü illə müqayisədə 2014-cü ildə cinayət törətmiş qadınların sayı 2,4 dəfə azalıb. Belə ki, 2010-cü ildə 2 318, 2011-ci ildə 2 074, 2012-ci ildə 1 677, 2013-cü ildə 1 012, 2014-cü ildə 971 nəfər cinayət törətmiş qadın olub”.
Azərbaycanda məhkumluq həyatı yaşayan qadınların əksəriyyəti narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, dələduzluq və qətl cinayətlərində ittiham olunurlar. Onların əksəriyyəti külli miqdarda narkotikin sərhəddən gizli yolla keçirilməsinə görə saxlanılıb. Narkotik biznesi ilə məşğul olanlar şirnikləndirmə yoluyla – yəni asan yolla pul qazanmağı vəd edərək qadınlardan öz məqsədləri üçün istifadə edirlər.
İki siyasətçi qadından başlanan həbs dalğası… 
 
Keçək tanınmış qadın məhbuslara. Hələ 2002-ci ildə də o vaxtkı ADP fəalları Zəminə Dünyamalıyeva və Solmaz Ələsgərova da həbs olunmuşdu. Bir təxribat planının qurbanı olan siyasətçi xanımlar 6 sutka həbs cəzasına məhkum edilmişdi. Z.Dünyamalıyeva daha öncə əməkdaşımızla söhbətində bu həbsinin detallarını belə xatırlatmışdı: “Həmin vaxt prezident seçkilərinə hazırlıq ili idi və cəmiyyətdə aktivlik vardı. Aprelin 22-də isə ümumi müxalifətin qadın mitinqi oldu. Xatırlayıram ki, səhər iki qadını arxamızca saldılar. Öyrədilmiş bu qadınlar başladılar ki, bizim gül kimi cəmiyyətimiz var, bizdən nə istəyirsiz? Bu qadınlar hətta bizə əl qaldırdılar. Həmin anda da polislər çıxdı və guya asayişi pozmaq adıyla bizi həbs etdilər. 6 sutka həbsdə qaldıq”.
“Qar uçqunu”nun altında azadlığa çıxacağını gözləyən… məşhur məhbus qadın
Müsavat Partiyasının gənc fəalı Nigar Yaqublu da yolu həbsxanadan keçən müxalifətçi xanımlardan olub. Onu da 2012-ci ilin sentyabr ayında talesiz yol qəzasına görə həbs ediblər. 2013-cü ilin 19 dekabrında Abşeron Rayon Məhkəməsi onun barəsində 2.5 il azadlıqdan məhrumetmə cəzası verib. Elə həmin ilin 3 martında N.Yaqublu məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.
Gənc fəal son söz çıxışında həbsi ilə bağlı aşağıdakıları demişdi: “Heç bir xanıma, qıza həbsxananı arzulamaram. Heç kimin qoluna qandal vurulmasını istəmərəm. Arzulamaram ki, dəmir qapılar onun üzünə çırpılaraq örtülsün, dəmir qapının balaca pəncərəsindən əyilərək baxsınlar…”
Son illər Azərbaycanda baş verən siyasi həbslərdən ən qalmaqallısı isə heç şübhəsiz sabiq deputat Gülər Əhmədova oldu.  2013-cü il fevralın 13-də həbs edilən sabiq deputat barəsində 3 il azadlıqdan məhrumetmə cəzası verilsə də, 2014-cü ilin 5 may tarixində Apelyasiya Məhkəməsi həbs qərarını şərti cəza ilə əvəzlədi.
Həbsdə olduğu zaman G.Əhmədovanın verdiyi geniş müsahibələrdən birində türmə həyatı ilə bağlı ilginc fikirlər yer alırdı: “Mətbuatda yazıldığı kimi, burada lüks şəraitim yoxdur. Televizorum, telefonum da yoxdur. Su sarıdan çox korluq çəkirəm. İsti su həftədə iki dəfə olur. Soyuq su da böyük fasilələrlə verilir. Hərəkətsizlik ucbatından ciddi problemlərim yaranıb, ürək-damar sistemində olan ağrılardan ciddi əziyyət çəkirəm. Mənim bu günümə həsəd aparanlara Allah qismət eləsin… Kameradan görünən hissədə, damda barmaqlıqlar arasında bir quş yuvası var. Hələ indiyə kimi quşları bu qədər seyr etməmişdim. Onların azadlığına həsəd aparıram. Kimsə həbsxanaya düşübsə, heç vaxt kiminsə günahsız yerə bura düşməsinə razı olmaz. Kamera sanki insanı qəbir həyatına hazırlayır. Başqa heç nə ilə müqayisə etmək mümkün deyil. İnsan azadlıqda olarkən kiminsə həbsə düşməsini sıradan bir iş kimi qarşılayır. Lakin bu amansız həqiqətlə üzləşərkən azadlığın nə olduğunu başa düşürsən. Qadın üçün həbsdə olmaq yüz qat əzabdır. Dözmək mümkün deyil. Bəlkə də Allaha, haqqa olan inamıma görə hələ də yaşayıram”.
Həbsdən çıxandan sonra ilk geniş müsahibəsini də “Yeni Müsavat”a verəndə həbs günlərini məhz bu cür xatırlatmışdı: Mətbuat nümayəndələri həmişə danışırdılar, yazırdılar, yazırdılar… Mənsə bir qar uçqununun altında idim, sanki. Gözləyirdim ki, hər şey bitsin…”
Türmədə ölən Kunqurova…
Azərbaycan tarixində türmədə dünyasını dəyişən siyasi məhbus qadın da olub. Bu, ADP fəalı Faina Kunqurova idi. Yaxınlarının bildirdiyinə görə, polis onu guya şübhəli şəkildə dövlət başçısının korteji keçən yolun yaxınlığında dayandığına görə saxlayıb. Çantasına baxış zamanı polis oradan parlamentin sabiq spikeri və Demokrat Partiyasının o zamankı lideri Rəsul  Quliyevin şəklini tapıb. Bu da Kunqurovanın saxlanmasına əsl səbəb olub. Bundan sonra isə onu narkotik saxlamaqda ittiham ediblər.
2007-ci ilin 26 noyabrında türmədə dünyasını dəyişən Kunqurovanın qəfil vəfatının səbəbi məlum olmayıb. Qohumlarına isə onun ölüm səbəbini 4 gündən sonra bildiriblər. Qeyri-rəsmi məlumatlara görə, onun ölümünə səbəb aclıqdan orqanizminin həddindən çox zəifləməsi olub, amma qohumları ona daim yemək ötürdüklərini bildirirlər.  Kunqurova siyasi məhbus idi. İlk dəfə onu 2002-ci ildə  xuliqanlıq ittihamı ilə həbs ediblər. Lakin həbsə əsas səbəb Kunqurovanın  Rəsul Quliyevin müdafiəsi üçün keçirilən  kütləvi aksiyalarda fəal iştirakı olub. İki il sonra, 2004-cü il mayın 10-da Kunqurova beynəlxalq ictimaiyyətin və xüsusən Avropa Şurasının çoxsaylı və inadcıl tələblərindən sonra əfv olunub.  Mərhumun azyaşlı uşağı var idi.
Tanınmış məhbuslar arasında İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymaninin keçmiş həyat yoldaşı Şəmsiyyə Bəylərqızının da adı var. Son olaraq 2014-cü ilin 11 iyununda Sabunçu Rayon Məhkəməsində həbsxanaya qanunsuz əşya keçirməkdə günahkar bilinən Şəmsiyyə Bəylərqızının işi üzrə məhkəmə keçirilib və onun həbs müddəti artırılıb. İddiaya görə, Ş.Bəylərqızı Əfşar Süleymaninin 741 min ABŞ dolları məbləğində pulunu mənimsəyib.
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şikayəti əsasında Şəmsiyyə Bəylərqızı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. O, sabiq İran səfiri ilə ailə qurduğunu və ondan oğlu olduğunu bildirsə də, Əfşar Süleymani qadının onun etimadından istifadə edərək pulunu mənimsədiyini iddia edir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən Şəmsiyyə Bəylərqızı saxlanıldığı Bakı istintaq təcridxanasında qanunsuz əşya saxlayıb. Onun saxlanıldığı kameraya Penitensiar Xidmətin əməkdaşları baxış keçirib. Baxış zamanı kameradan Şəmsiyyə Bəylərqızına məxsus mobil telefon və digər əşyalar tapılıb.
Buna görə də Şəmsiyyə Bəylərqızının barəsində Cinayət Məcəlləsinin 317-2.2-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham verilib. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Şəmsiyyə Bəylərqızı 1 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü də birləşdirilərək, Şəmsiyyə Bəylərqızını barəsində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

 
Dünya tarixi də qadın siyasi məhbuslardan xali deyil. Onlardan ən yaddaqalan, parlaq sima Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko olub. O, ilk dəfə 2001-ci ildə Lukyanovskda 42 gün müddətinə həbs edilib. 2011-ci ilin 11 oktyabrında isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Timoşenko hökumətə başçılıq etdiyi vaxt dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərini aşmaqda və sair cinayətlərdə ittiham olunurdu. Y.Timoşenko hazırda azadlıqdadır.
Benazir Bhuttonun da adı məşhur qadın məhbuslar arasındadır. Benazir Bhutto müsəlman ölkələri içərisində ilk qadın lider kimi tanınır. Oksfordu bitirdikdən sonra ölkəsinə qayıdan Bhutto atasının həbs olunaraq edam olunmasından sonra bir müddət ev dustağı kimi saxlanılmışdır. 1984-cü ildə xaricə çıxmaq icazəsi alaraq Britaniyaya gedir. Sürgündə atasını qurduğu müxalif Pakistan Xalq Partiyasına liderlik etdi.
Bhutto 2 dəfə Pakistanın prezidenti seçilib. 1999-cu ildə Pərviz Müşərrəfin hərbi çevriliş edərək hakimiyyətə gəlməsindən sonra ölkəni tərk etmək məcburiyyətində qaldı. 2007-ci ildə 2008-ci ildə keçiriləcək seçkilərdə iştirak etmək üçün Pakistana qayıtdı. Lakin 2007-ci ildə sui-qəsd nəticəsində həyatını itirdi.
Aung San Suu Kyi Myanma Milli Demokratiya Birliyinin lideri, düşüncə məhkumu kimi tanınır. 1989-cu ildən 2010-cu ilə kimi Birmada ev məhkumluğu yaşayıb. Bir demokratiya fəalı və siyasətçi kimi o hakimiyyətdə olan hərbi xunta üçün təhlükə hesab olunub. Bu səbəbdən də, onu uzun müddətli azadlıqdan məhrum ediblər.
Həbsdə olduğu zaman o yalnız 5 dəfə həyat yoldaşını görüb, sonra həyat yoldaşı vəfat edib. 1990-cı ildə onun partiyası parlament seçkilərində parlamentdəki yerlərin 81%-ni və səslərin isə 59%-ni qazanmış və bununla da Baş Nazir postuna sahib olmaq imkanı əldə edib. Lakin hərbi diktaturanın səyi nəticəsində o bu posta sahib ola bilmədi. 21 il ev həbsliyindən sonra, nəhayət, azadlığa çıxdı və 2012-ci ildə Nobel Sülh Mükafatına layiq görüldü.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın