Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Kütləvi çıxarış” kampaniyası Siyəzəndə

“Kütləvi çıxarış” kampaniyası Siyəzəndə

Azinforum.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən artıq 1 ilə yaxındır ki, davam etdirilən “kütləvi çıxarış” kampaniyası 7 oktyabr tarixində Siyəzən rayonunda keçirilib.
“Kütləvi çıxarış” kampaniyasının başlıca məqsədi vətəndaşın xidmətə çatması deyil, xidməti vətəndaşa çatdırmaq, vaxta qənaət, rahatlıq və çevikliyi təmin etməkdir. Qeydiyyat xidmətlərini bilavasitə yerlərdə və ünvanlarda “bir pəncərə” prinsipi əsasında əhaliyə təqdim etməklə vətəndaşların kampaniyadan geniş faydalanmasına nail olmaqdır.
Qeyd edək ki, kampaniya çərçivəsində komitənin yenicə tətbiqinə başladığı “bir pəncərə” prinsipi ətraflı izah olunub. Bildirilib ki, artıq torpaq sahələrinin və daşınmaz əmlakların qeydiyyatı yalnız bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində aparılır. Kadastr sənədləri, texniki inventarlaşdırma, plan-ölçü sənədlərinin əldə olunması üçün əlavə qurumlara müraciətlər və vaxt itkisi tamamilə aradan qaldırılıb.
Siyəzən rayonunda kampaniya zamanı 250-ə yaxın sakinə daşınmaz əmlakın və torpaqların qeydiyyatı ilə bağlı xidmətlər göstərilib. Belə ki, 150-ə yaxın vətəndaşa dövlət reyestrindən çıxarış verilib, 100-dən çox vətəndaşdan daşnmaz əmlaka, həmçinin torpağa dair qeydiyyat üçün zəruri sənədlər qəbul edilib.
Kampaniya çərçivəsində Siyəzən rayonunun bir sıra ahıl və fiziki məhdudiyyətli vətəndaşları birbaşa öz evlərindəcə qeydiyyat xidmətlərindən faydalanıblar.
Kampaniyadan yararlanan vətəndaşlar qeydiyyatda “bir pəncərə” sistemindən, əlavə vaxt itkisinin aradan qalxmasından, rahat, çevik və əlverişli xidmətlərdən razılıqlarını bildiriblər.
Bir ilə yaxındır davam edən sosial kampaniya çərçivəsində ümumilikdə 4900-dən çox vətəndaşa xidmət göstərilib. Bu rəqəm onun göstəricisidir ki, vətəndaşların daşınmaz əmlakın qeydiyyatına marağı sürətlə yüksəlməkdədir. Qeydiyyata alınmış daşınmaz əmlakın etibarlı və hüquqi təminatlı olması barədə ictimai fikir daha da kütləviləşir.
Xatırladaq ki, “Kütləvi çıxarış” kampaniyasında da “bir pəncərə” prinsipi tətbiq olunur. Belə ki, vətəndaşlar bir ünvanda sənədlərini təqdim edir, çıxarışlarını əldə edir, kadastr, texniki və ya torpağa dair digər sənədlərin alınması üçün başqa qurumlara müraciət etmirlər.
Qeyd edək ki, kampaniya ilə paralel olaraq komitənin mobil ofis xidmətləri də fəaliyyətini davam etdirir. Bu xidmətlə bağlı komitənin rəsmi internet səhifəsində (vətəndaşlar üçün bölməsində) respublika üzrə fəaliyyət göstərən mobil ofis xidmətinin aylıq qrafiki yerləşdirilir. Vətəndaşlar 148 saylı (daxili 5) çağrı mərkəzinə müraciət etməklə xidmətdən faydalana bilir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın