Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / “KİV-də bəzən yanlış şərhlər verilir” – Vergilər naziri

“KİV-də bəzən yanlış şərhlər verilir” – Vergilər naziri

Azərbaycan Respublikası vergilər naziri Fazil Məmmədov Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən danışıb.

F.Məmmədov AzərTAc-a müsahibəsində ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsi və bu inkişafın stimullaşdırılması üçün büdcə-vergi mexanizmlərindən fəal istifadə olunduğunu bildirib: “Ölkə başçısının vurğuladığı kimi, indi Azərbaycan iqtisadiyyatı yeni situasiyada inkişaf edir. Vergi orqanları üçün bu situasiyanın xüsusiyyətlərindən biri də odur ki, neft gəlirlərinin azalması ilə büdcəyə vergi daxilolmalarının da azalmasına baxmayaraq, büdcəmizin sosial yönümlüyünün saxlanılması, nisbətən aztəminatlı təbəqələrə, kiçik və orta sahibkarlara göstərilən dövlət dəstəyinin artırılması, ümumi biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər büdcəyə vergi daxilolmalarının artırılmasını tələb edir. Ona görə də vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün Vergilər Nazirliyi tərəfindən ciddi vergi-büdcə təhlilləri aparılıb, müvafiq dövlət qurumları ilə razılaşdırlmaqla Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə konkret təkliflər verilib. Bu dəyişikliklər Milli Məclisdə geniş müzakirə olunaraq, 2015-ci ilin dekabrın 7-də Azərbaycan prezidentinin fərmanı ilə təsdiq edilib.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyəti vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət edir. Dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişləndirilməsinin təşviqi də bu gün qarşımızda duran əsas vəzifələrdəndir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər sırasında ilk olaraq, fiziki şəxslərin əmək haqlarına verilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsini göstərmək istərdim. Bilirsiniz ki, dövlət başçısının apardığı sosial-iqtisadi siyasətə uyğun olaraq hər il ölkə üzrə yaşayış minimumu və əmək haqları davamlı olaraq artırılır. Vergi qanunvericiliyində buna qədər qüvvədə olan güzəştlərin tətbiqi mexanizmi elə idi ki, aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əmək haqlarının artırılması nəticə olaraq həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olurdu. Nəticə etibarilə muzdlu işçi həmin artımdan bəhrələnmirdi. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən əsas iş yerində aylıq gəliri 2500 manatadək və illik gəliri 30.000 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisindən vergi güzəştinin tətbiqi nəzərdə tutulur və nəticə etibarilə bundan sonra işçi əməkhaqqı artımından tam bəhrələnəcək.

Sözügedən dəyişiklik ölkədə həyata keçirilən sosial siyasətə uyğun olaraq əhalinin gəlirlərini artırmaqla onların maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək və əmək haqlarının leqallaşmasını təşviq edəcək. Bu vergi güzəştindən həm dövlət sektorunda, həm də özəl sektorda çalışan 500 mindən artıq insan faydalana biləcək.
Dəyişikliklərin mühüm bir qismi sadələşdirilmiş vergi ilə bağlıdır. Xüsusilə qeyd etmək istərdim ki, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan 200.000 manatadək artırılıb. Məcburi ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması dövriyyəsi 200.000 manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə imkan verəcək ki, bu da vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı, həmin vergi ödəyicilərinin vergi yükünün azaldılmasını təmin edəcək.

Digər mühüm məsələ, ticarət və ictimai iaşə sektorunun vergiyə cəlb edilməsindəki dəyişikliklərlə əlaqədardır. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir. Yəni, satış dövriyyəsi 200.000 manatdan artıq olduğu halda belə, məhz bu iki sahədə çalışan vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola biləcəklər. Yalnız bu halda, yəni ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin satış dövriyyəsi 200.000 manatdan artıq olduğu halda, əldə edilən ümumi hasilatın həcmindən ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi tətbiq ediləcək. Satış dövriyyəsi 200.000 manatdan aşağı olan bütün digər sahibkarlıq subyektləri, o cümlədən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri isə yenə də əvvəlki qaydada, yəni Bakı şəhərində vergilərini 4 faiz, digər regionlarda isə 2 faiz dərəcə ilə ödəyəcəklər.

Ticarət dövriyyəsi 200.000 manatdan artıq olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyə də bilərlər. Vergi Məcəlləsi onlara bu seçim hüququnu verir. Bu halda həmin şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınaraq ƏDV, ilin yekunlarına əsasən mənfəət (gəlir) və əmlak vergilərini (hüquqi şəxslər üçün) dövlət büdcəsinə ödəməlidirlər.

Fürsətdən istifadə edərək, bir mühüm məsələyə toxunmaq istərdim. Son zamanlar Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı kütləvi informasiya vasitələrində bəzi yanlış şərhlərin verildiyi, ticarət və ictimai iaşə sektorunda vergi yükünün artırılması ilə bağlı müəyyən fikirlərin yer aldığı müşahidə olunur. Mən qətiyyətlə bildirirəm ki, bu tamamilə yanlış məlumatlardır və ola bilsin ki, insanları bilərəkdən çaşdırmaq məqsədi daşıyır. Sözügedən dəyişiklik vergi inzibatçılığını sadələşdirməklə yanaşı, adıçəkilən vergi ödəyicilərinin vergi yükünün əhəmiyyətli şəkildə azaldılması, eyni zamanda ticarət dövriyyələrinin şəffaflaşması və vergitutma bazasının genişlənməsi ilə nəticələnəcək”

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın