Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / “Kamal Abdullayla şəxsi tanışlıqdan sonra əlim işdən soyudu” – Cəlil Cavanşir

“Kamal Abdullayla şəxsi tanışlıqdan sonra əlim işdən soyudu” – Cəlil Cavanşir

“YÜZ FAİZ ƏMİNƏM KI, EROTİK ŞAİR, EROTİK YAZIÇI DEYİLƏM”

Yazıçı-publisist Cəlil Cavanşirin AzNews.az-a müsahibəsini təqdim edirik:

– Cəlil, Oğuz rayonunda yaşayırsan… Orada necə gedir işlərin?
– Çətindir.

– Yenə maddi?
– Hə, daha çox maddi problemlər sıxır.

– Yaradıcılıqla məşğul ola bilirsənmi?
– Bu baxımdan özümü xoşbəxt hesab edirəm. Gündə 3-4 saat sırf yaradıcılığa vaxt ayırıram. Rayonun sakitliyi, təbiəti möhtəşəmdir. Düşünməyə, yazmağa əla şərait var. Eyni zamanda oxumağa, gündəmi izləməyə də vaxtım olur.

– Şeir, yoxsa nəsr yazırsan?
– Uzun müddətdir şeir yazmıram. Nəsr əsəri üzərində işləyirəm. Kiçikhəcmli bir romanımı artıq bitirmişəm. Hazırda hekayələr və başqa bir roman üzərində işləyirəm.

– Cəlil, tənqid eləməyə qorxuduğun adam var?
– Tənqid etməyə çəkindiyim, qorxduğum adam yoxdur.

– Yazmamaq sənin öz əlindədir, məsələn, yazmamaq imkanın varmı?
– Mən yazmağı sevdiyim üçün, yeganə bacardığım iş yazmaq olduğu üçün, ədəbiyyatı sevdiyim, yazdıqlarımın insanlara faydalı olduğunu düşündüyüm üçün yazıram. Qısacası yazmağa ehtiyacım olduğu üçün yazıram. Bir gün yazmağa ehtiyac hiss etməsəm yazmaya bilərəm.

– Yaradıcılıq Fakültəsinin Oğuz rayon filialında nə işlə məşğul olursunuz?
– Burada 50-yə yaxın tələbə təhsil alır. Eyni zamanda Bilik Evinin nəzdində “Oxucu klubu” və “Kino klubu” fəaliyyət göstərir. Mən ədəbi yaradıcılıq ixtisasından dərs deyirəm, filialda keçirilən dərslərin təşkilinə nəzarət edirəm, “Oxucu klubu” və “Kino klubu”nun toplantılarını, müəyyən tədbirləri təşkil edirəm. Bir sözlə, Oğuzlu gənclərlə işləyirəm. Maraqlı və zövqlü işdir.

– Bəs niyə darıxırsan? Tələbələrin həyatına məna qatmırmı?
– Darıxmağın işlə, yaşadığım məkanla əlaqəsi yoxdur. Mən hər yerdə darıxıram. Bunun iş-güclə, maddi vəziyyətlə, tələbələrimlə əlaqəsi yoxdur.

– Cəlil, mən bu fikirdəyəm ki, adamın şeirdə, ya nəsrdə parlaq bir istedadı yoxdursa heç yazmasın, çap olunmasın… İçindəki alayarımçıq istedad işığını da söndürüb ailəni, uşağını saxlayasan, məişət işlərilə məşğul olasan… Sən necə düşünürsən?
– Haqlısan. İstedadı olmayanlar onsuz da uzaqlaşıb məişət işləri ilə məşğul olurlar. Qapı-qapı düşüb ianə yığırlar, ev-eşik qurub oğul-qız evləndirirlər, prezident təqaüdü alıb bütün tədbirlərdə boy göstərirlər, qoyun-quzu saxlayıb, pendir-qatıq satırlar. Alayarımçıq istedad sahiblərinin yazdıqları da elə məişət işidir.

– Maraqlıdır, heç oxucuna vurulmusan, sevmisən?
– Oxucularımdan sevgi məktubları almışam, bunu dana bilmərəm. Amma “oxucumu sevmişəm” deyə bilmərəm. Təbii ki, sevdiyim qadınlar sonradan oxucum olublar. Ən azından onlara yazdığım şeirləri oxuyublar. Oxucum olan qadınlara eşq elan etmək mənlik deyil. Bu işlə məşğul olan xüsusi istedad sahibləri var. Oxucu sevgisi ötəridir. Çox nadir hallarda sevgisinə sadiq oxucuya rast gələ bilərsən. Məsələn, mənim bir misramdan təsirlənib eşq elan edən oxucu, bir-iki ay sonra sənə aşiq ola bilər… Ona görə də bu tip münasibətlərə isti yanaşmıram.

– Fikir var ki, əsl ədəbiyyat adamı evlənməməlidir, ailə-uşaq sahibi olmamalıdır. Sən də ailəlisən və uşaqların var. Bu fikrə münasibətin necədir?
– Hər kəsin öz həqiqəti var. Evlənib ailə sahibi olmaq, övlad dünyaya gətirmək seçimdir. Hansı yaradıcı adam evlənib, ailə həyatını davam etdirə bilirsə evlənsin.

– Ailədə səni yazıçı kimi necə dəyərləndirirlər? Xanımın istedadına inanırmı?
– Bu barədə heç maraqlanmamışam. Xanımım yazdıqlarımı maraqla, ehtiramla oxuyur, bəzən tənqidi fikirlərini də çəkinmədən deyir. Əsas odur yaradıcılığıma və mənə hörmətlə yanaşır, yazı-pozuyla məşğul olanda qapını çırpmır, vaxtında çayımı süzür, kofemi hazırlayır. Ümumiyyətlə isə kiminsə istedadıma inanıb, inanmaması məni narahat etmir. Biz həyat yoldaşımla 12-ci ildir ki, bir-birimizi tanıyırıq. O, mənim ədəbiyyata, yaradıcılığa münasibətimin dəyişmədiyini, çəkdiyim sıxıntıları çox yaxşı görüb və qiymətləndirir. Ədəbi mühiti də tanıyır, bəzi qələm adamlarını diqqətlə izləyir.

– Qan Turalı deyir ki, necə yazıb-yazmamağından asılı olmayaraq xanımın səni böyük yazıçı, hətta dahi hesab eləməlidir…

– Razıyam Turalla. Turalın bu fikrinin dərin və ciddi yozumları var. Azərbaycan ədəbiyyatında qadının güdazına gedən yüzlərlə istedad sahibi tanıyırıq. Xatırlayırsansa belə bir atalar sözümüz var : “Qadın adamı rəzil də edər, vəzir də”. Əgər qadın sənin əlyazmanı lazımsız kağız parçası kimi qayğanaq bişirdiyi tavanın altına qoyursa, sənin yazdığın kitabı külək çırpmasın deyə qapının, pəncərənin arasına qoyursa sən heç kimsən. Yaradıcı adamın məişət problemləri daha dözülməz olur, çünki yazıçı və yaxud şair bəzən bu qayğılarla maraqlanmır. Anlayışlı qadın, xırda məişət qayğılarına görə ərini narahat etməməlidir. Qlobal problemləri belə onun gözündə kiçiltməli, yazıçı ərinə arxa-dayaq olmalı, fədakarlığı öz boynuna götürməlidir. Əgər yaradıcılıqla məşğul olan insanı qadını anlamırsa, onun həyatı cəhənnəmdən fərqlənməyəcək.

– Cəlil, erotika mövzusu sənin yaradıcılığından qırmızı xətt kimi keçir. Hiss eləyirsən? Köşələrin, şeirlərin, romanın… Niyə belədir?
– Deməzdim qırmızı xətt kimi keçir. Məsələn ilk romanım tarixi mövzudadır və erotika ümumiyyətlə yoxdur. Çap olunan hekayələrimin doxsan faizində erotik detallar yox dərəcəsindədir. Erotik çalarlardan istifadə edirəm, amma yeri gələndə. Elə həyat detalları var ki, onları yazmağa ehtiyac duyuram. Erotika mənim üçün sadəcə vasitədir. Yaradıcı insan üçün bu cür xırda detallar ayıb sayılmır. İyrəndirəcək dərəcədə açıq-saçıq yazmadığımı bilirəm. Ümumiyyətlə erotika yazıçıya, şairə mahiyyəti açmaq üçün köməkçi vasitədir. Amma yüz faiz əminəm ki, erotik şair, erotik yazıçı deyiləm. Belə bir məqsədim də yoxdur. Yeri gələndə, ehtiyac hiss edəndə istifadə edirəm, vəssalam.

– Eşitdiyimə görə Kamal Abdullanın yaradıcılığından elmi iş yazmısan…
– Kamal Abdullanın yaradıcılığından yox, “Yarımçıq əlyazma” romanı haqqında tənqidi-elmi-publisitik araşdırma yazmışam. Keyfiyyətcə yazılan elmi işlərdən qətiyyən geri qalmır. “Yarımçıq əlyazma”nın şifrələri” təxminən 200 səhifəlik kitabdır. 3 il ərzində yazıdığım kitabın son redaktə işlərini 5-6 ay öncə bitirmişəm.

– Nə vaxt çap elətdirməyi planlaşdırırsan?
– Bu barədə konkret planım yoxdur.

– Əvvəldən belə bir təcrübən olubmu, yoxsa ilk cəhddir?
– Təbii ki, olub. 4-5 ildir bəyəndiyim romanlar və müəlliflər haqqında yazılar yazıram. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı haqqında yazmağa başlayanda, onunla şəxsi tanışlığımız yox idi. Ona görə bu işə girişəndə heç bir kompleks hiss etmirdim, rahat-rahat əsəri təhlil edib, paralellər aparır, tənqidi qeydlərimi yazırdım. Şəxsi tanışlıqdan sonra bir balaca işdən soyudum. Yanlış anlaşılmaqdan çəkindiyim üçün kitabın çapında da maraqlı deyiləm. 4-5 yaxın dostumun bu barədə məlumatı var, vəssalam.

– Hərdən sosial şəbəkədə müxalif ruhlu statuslar yazırsan, adam qorxusundan tir-tir əsir. Buna görə iş yerindən sənə irad-zad bildirmirlər ki?
– Qoruxulu nələrsə yazdığımı düşünmürəm. Yazdıqlarım gördüyüm, müşahidə etdiyim, razılaşmadığım naqisliklərin bir hissəsidir. Yazdıqlarım mənim vətəndaş mövqeyimdir. Mənim vətəndaş mövqeyimə, yazmaq azadlığıma mane olan istənilən yerdən üzüsulu uzaqlaşıram…

– Uşaqlarının ata kimi səndən narazılığı yoxdur ki?
– Bir-iki xırda epizodu nəzərə almasaq yoxdur.

– Bir-iki xırda epizod maddidirmi?
– Təəssüf ki, son vaxtlar xüsusən oğlumun müəyyən istəklərinə yox deməli oluram…

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın