Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Kəmaləddin Heydərov operativ əməliyyat müşavirəsi keçirdi

Kəmaləddin Heydərov operativ əməliyyat müşavirəsi keçirdi

Sentyabrın 4-də Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi ilə əlaqədar rayonun Dandıx kəndinin ərazisində yaradılmış qərargahda əməliyyat müşavirəsi keçirilib.

Azinforumşaz Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, müşavirədə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin rəhbər şəxsləri, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı, aidiyyəti dövlət qurumlarının və rayonunun hüquq mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

Əməliyyat müşavirəsində qərargahın rəhbəri, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev məruzə ilə çıxış edərək bildirib ki, hazırda yanğınların söndürülməsi işləri üç istiqamətdə – Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə aparılır. Görülən operativ tədbirlər nəticəsində yanğın nəzarət altına alınıb. Abrıx kəndi yaxınlığındakı dağın meşə massivində yanğının söndürülməsi məqsədilə zirvəyə doğru 9 kilometr uzunluğunda yollar açılıb və texnikanın hərəkətinə şərait yaradılıb. Yanğının ətraf kəndlərə və yaşayış məntəqələrinə keçməməsi üçün bütün zəruri tədbirlər görülür. Yanğınsöndürmə avtomobilləri ərazilərdə fasiləsiz olaraq növbə çəkir.

E. Mirzəyev məlumat verib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən, Mülki müdafiə qoşunlarından, Xüsusi Riskli Xilasetmə Xidmətindən, Aviasiya dəstəsindən və Şimal-Qərb Regional Mərkəzindən, ümumilikdə, 520 nəfər şəxsi heyət, 36 ədəd texnika və 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürülməsinə cəlb olunub.

Əməliyyat müşavirəsinin sonunda fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yanğının tez bir zamanda söndürülməsi məqsədilə müvafiq tapşırıq və tövsiyələrini verib. Nazir yanğın bölgəsində Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin şəxsi heyətinin sayının 630-a, texnikanın sayının isə 51-ə çatdırılması barədə göstəriş verib.

Eyni zamanda rayonun hüquq mühafizə orqanları nümayəndələrinə baş vermiş yanğın hadisələrinin araşdırılması üçün zəruri tədbirlər görmələrinin vacibliyini diqqətə çatdırıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın