Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Jurnalistin ölümündə adı keçən futbolçunun ailə üzvləri danışdı – FOTOLAR

Jurnalistin ölümündə adı keçən futbolçunun ailə üzvləri danışdı – FOTOLAR

Ötən ilin ən səs-küylü hadisələrindən biri də jurnalist Rasim Əliyevin öldürülməsi oldu. Jurnalist “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun qohumları tərəfindən döyülmüş, yerləşdirildiyi xəstəxanada bir gün sonra dünyasını dəyişmişdi. R.Əliyev xəstəxanada olduğu müddətdə verdiyi son müsahibəsində onu döyənlərin futbolçunun qohumları olduğunu demişdi.
2015-ci ilin avqust ayının 8-də baş verən hadisədən 4 gün sonra Cavid Hüseynov, bibisi oğlu Elşən İsmayılov və hadisədə iştirak etdiyi deyilən 4 nəfər həbs edildi. Artıq 7 aya yaxındır davam edən məhkəmə prosesinin sonu yaxınlaşır. Fevralın 22-də hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Prokuror jurnalistin ölümündə təqsirləndirilən Elşən İsmayılov və Arif Əliyevin hər birinə 14 il, Camal Məmmədova 12 il, Samir Mustafayev və Kənan Mədətovun hər birinə 11 il 6 ay həbs cəzası istəyib. Cavid Hüseynovun barəsində isə ayrıca icraata cinayət işi açılıb.
Jurnalistin ölümündə təqsirləndirilən şəxslərin hər birinin ən ağır cəza alması üçün ölkə rəhbərliyinə bir neçə dəfə müraciət edilib. Hadisə baş verən ilk gündən təqsirləndirilən şəxslərin başındakı əsas fiqur kimi Cavid Hüseynov göstərilirdi. Futbolçu jurnalistin döyülməsində sifarişçi kimi göstərilsə də sonradan o, ifadələrində hadisədən xəbərsiz olduğunu, Rasimi döymək planının bibisi oğlu Elşən İsmayılov tərəfindən hazırlandığını deyib. Elə E.İsmayılov da ifadəsində bunu təsdiqləyib. Hadisə Elşənin bir neçə dostu ilə birlikdə Rasim Əliyevlə aralarında olan söyüş söhbətini həll etmək üçün Bayıl qəsəbəsinə gəlməsi ilə baş verib. Bu zaman onlar dörd nəfər olublar. Bayıl da isə onlarla görüşən Samir Mustafayev olub.
İndi hər kəs jurnalistin ölümündə təqsirli bilinənlərin layiqli şəkildə cəzalarını almasını istəyir. Təqsirli olanların…
“Yeni Müsavat” qəzetində öldürülən jurnalistin ailə üzvlərinin geniş müsahibələrinə dəfələrlə yer verilib. Həmçinin Cavid Hüseynovun ailə üzvləri də qəzetimiz vasitəsi ilə baş verən hadisə ilə bağlı öz fikirlərini ictimaiyyətə çatdırıblar.
Bu dəfə də Samir Mustafayevin ailə üzvlərini dinlədik. S.Mustafayevin ailə üzvləri ilə birlikdə yaşadığı Bayıl qəsəbəsindəki evlərində görüşdük. Jurnalistin ölümündə təqsirləndirilənlərdən biri olan Samirin ailə üzvləri onun günahsız olduğunu deyir. Mustafayevlər ailəsi bunu sübut edən bir çox faktların da olduğunu bildirir.
Samirin atası: “Əgər oğlumun zərrə qədər də səhvi olsa idi, sizin, Rasimin ailəsinin qarşısına çıxmağa üzüm olmazdı”.
Söhbətə ilk olaraq S.Mustafayevin atası Şakir Mustafayev başlayır. O, əvvəlcə oğlunun Cavid Hüseynov və onun qohumları ilə əlaqələrinin olmamasında danışır: “Samir nə Elşəni tanıyırdı, nə də onunla birlikdə gələnləri. Cavid Hüseynovu da futbolçu kimi tanıyır və heç bir əlaqələri yoxdur. Həmin gün Pərviz adlı şəxs Samirə zəng vurub ki, bibim oğlu Elşən Bayıla gələcək. “Bayıl” marketin yanında bir nəfərlə görüşüb çay içəcəklər. Samirdən marketin yerini göstərməsini və onlarla getməsini istəyib”.
Elşən İsmayılov Pərviz adlı şəxsin bibisi oğlu olub. Pərvizlə Samirin tanışlığı isə futbol karyeraları ərəfəsində yaranıb. Samir Mustafayev həbs edilməmişdən əvvəl həvəskarlar liqasında çıxış edən “Sabunçu” futbol klubunda oynayırmış. Elşənlə birlikdə görüşə gələnlərin heç biri Samiri tanımırmış.
S.Mustafayevin atası deyir ki, Cavid Hüseynov, Elşən İsmayılov və digər təqsirləndirilənlərin hamısı məhkəmədə verdikləri ifadələrində Samiri tanımadıqlarını deyiblər: “Pərviz də məhkəmədə ifadə verib. Samirin həmin şəxsləri tanımadığını və onlarla görüşünü özünün təşkil etdiyini bildirib. Sonrakı ifadəsində isə bir az fərqli danışaraq dava olacağını bildiyini və tərəfləri sakitləşdirməsi üçün Samirə xəbər verdiyini deyib. Cavid və digərləri də Samiri tanımadıqlarını təsdiqləyiblər”.
Tərəflərin tanışlığından sonra baş verənləri isə Şakir Mustafayev belə danışır: “Videogörüntülər də var. Samir hadisədən xəbərsiz olaraq ora gəlib. Rasimi vuranda Samir onu yerdən qaldırır. Sonra Rasim qaçaraq oradan uzaqlaşır. Hal-vəziyyət belədir. And olsun Allaha ki, oğlum günahsızdır. Əgər oğlumun zərrə qədər də olsa səhvi olsa idi sizin qarşısınıza, Rasimin ailəsinin qarşısına çıxmağa üzüm olmazdı”.
Rasim Əliyevlə Samir Mustafayevin evləri eyni qəsəbədədir. Ailələr arasında bu hadisədən əvvəl heç bir əlaqə olmayıb. Mustafayevlərin ailə üzvləri Rasimin yas mərasimlərində iştirak ediblər, bir neçə dəfə də onun ailə üzvləri ilə görüşüblər.
“Bir neçə dəfə Rasimin anası və digər qohumları ilə görüşmüşük. Rasimin anası dedi ki, videogörüntülərə mən də baxmışam. Onlar da Samirin günahsız olduğunu qəbul edirlər. Lakin anası mənə dedi ki, əgər oğlunuz günahsızdırsa, buna məhkəmə qərar versin” – deyə Şakir Mustafayev ailələr arası görüşdən danışarkən deyir.
Bütün faktların oğlunun günahsız olduğunu göstərdiyini deyən Ş.Mustafayev dəfələrlə Baş Prokurorluğa, Prezident Administrasiyasına müraciət etdiklərini bildirir: “Həbs olunanlar oğlumun günahsız olduğunu deyir, videogörüntülər də bunu sübut edir. Ölkə başçısı da işin tam şəkildə araşdırılmasını və günahkarların cəzalandırılmasını tapşırıb. Axı bütün faktlar oğlumun günahsız olduğunu sübut edir. Rasimi döyənə də, oğluma da eyni cəzanı verirlər. Bu hansı ədalətdir? Oğlumun günahsız olduğunu Rasimin ailəsinin vəkili Əsabəli Mustafayev də təsdiqləyib. Əsabəli Mustafayev bizim vəkilimiz Bəxtiyar Hacıyevə deyib ki, Samir günahsızdır və onu heç nədə ittiham edə bilməz. Baş prokurorun müavini Namiq Əsgərovun qəbulunda olmuşam. Bizə deyiblər ki, iş qanuni şəkildə araşdırılacaq və günahkarlar müəyyən olunacaq. Prezident Administrasiyasında da məni və digər təqsirləndirilən şəxslərin ailə üzvlərinin qəbulu oldu. Bizi qəbul edəndə dedilər ki, həmin şəxslərdən bir nəfərin günahı yoxdur. O da Samir Mustafayevdir”.
Samirin anası: “Axı bir insanın haqsız yerə illərlə həbsdə yatmasına necə göz yummaq olar?
Rasim Əliyevin dəfnindən sonra S.Mustafayevin anası da jurnalistin ailəsinə başsağlığı verməyə gedib. Qadının sözlərinə görə, Rasimin anası Teyfurə Əliyeva onları qarşılayıb və aralarında çox normal danışıqlar olub: “Rasimin anası ilə görüşmüşük. Yas mərasiminə də getmişik. Anası ilə görüşüb, baş verənləri danışmışam. Allah şahiddir ki, necə olubsa, elə də danışıram. Oğlumun günahsız olduğunu, baş verənlərdən xəbərsiz olduğunu danışmışam. Teyfurə xanım da bunu bilir. Ancaq dedi ki, məhkəmə nə qərar versə, odur. Əgər Teyfurə xanım da Samirin günahsız olduğunu desə, oğlumu bəlkə də xilas edə bilərik. Lakin Teyfurə xanım jurnalistlərin qınağından çəkindiyini deyir. Axı bir insanın haqsız yerə illərlə həbsdə yatmasına necə göz yummaq olar?”.
Mərhum jurnalistin anası ilə görüşə Samir Mustafayevin qonşusu Sima xanım da gedib. “Rasimin anasına dedim ki, dərdinə qurban olum. Biz səni başa düşürük. Övlad itkisini sən yaşamısan. Biz də anayıq, səni başa düşürük. Hamı günahkarların cəzalanmasını istəyir. Ancaq siz də bilirsiniz ki, Samir günahsızdır”– bu sözləri Rasim Əliyevin anası ilə görüşən Sima xanım deyir.
Məlum olan məsələlərdən biri də Rasim Əliyevlə görüşə gələn şəxslərdən üçünün – Elşən İsmayılov, Arif Əliyev və Camal Məmmədovun qohum olmasıdır. Həm də eyni ərazidə – Bakıxanov qəsəbəsində yaşayırlar. Samirə görüşlə bağlı məlumat verən Pərviz də bu şəxslərlə qohumdur.
S.Mustafayevin anası deyir ki, oğlunu bu söhbətə çağıran adam – Pərviz azadlıqda olduğu halda oğlu həbsdədir: “Samiri ora kimin çağırdığı məlumdur. Pərvizin bu işdən xəbəri olub. Samiri çağırıb, amma nə baş verdiyini ətraflı deməyib. Əgər oğlumun bu işdə zərrə qədər də olsa günahı varsa, getsin cəzasını çəksin. Amma and olsun Allaha ki, bu uşağın günahı yoxdur. Bunu hamı bilir. Ancaq çarəsiz vəziyyətdə qalmışıq”.
Samir Mustafayevin nənəsi, şəhid anası Hilal Mustafayeva bir neçə dəfə prezidentə, Mehriban Əliyevaya və baş prokurora məktub göndərdiyini deyir. Bununla nəvəsinin günahsız olduğunu sübut etmək üçün kömək istəyib.
Samirin bacısı Səmriyə Məşədova da qardaşının günahsız olduğunu, lakin bunu sübut edə bilmədiklərini deyir. Rasimin yas mərasimlərində iştirak etdiyini deyən S.Məşədova jurnalistin anası ilə görüşdüyünü bildirir:“Rasimgilin evinə getmişik. Başsağlığı verdik. Əgər qardaşımın günahı olsaydı, biz hansı üzlə ora gedərdik? Rasimin ailəsi  də Samirin günahsız olduğunu bilir. Biz onlara gedəndə soruşdular ki, kimin adamıyıq. Samirin ailə üzvləri olduğumuzu deyəndə məclisdə iştirakımıza icazə verdilər. Bilirik ki, Cavidin və digərlərinin ailə üzvləri ilə görüşmək istəmirlər. Çünki onlar bilirlər ki, övladlarının ölümünə günahkar olan kimdir”.
Samir Mustafayevin qardaşı Teymur Mustafayev deyir ki, qardaşı hadisədən bir neçə ay əvvəl nişanlanıb. Lakin yaxın qohumlarından biri vəfat etdiyindən toyu təxirə salıblar.
İndi Samir Mustafayevin ailə üzvləri övladlarının günahsız olduğunu sübut etməyə çalışırlar. Bunun üçün ölkə rəhbərliyinə, Rasim Əliyevin ailəsinə müraciət edirlər. Onlar övladlarının günahsız yerə həbs olunmasını istəmirlər. Elə Rasim Əliyevin günahsız yerə öldürülməsini qəbul etmədikləri kimi…


Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın