Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Jurnalist Qurban Qurbanova məktub yazdı

Jurnalist Qurban Qurbanova məktub yazdı

Müstəqil jurnalist Tural Səfərov  “Qarabağ” komandasının qazandığı qələbə münasibətilə həmin komandanın  baş məşqçisi Qurban Qurbanova açıq məktub ünvanlayıb. Azinforum.az həmin məktubu təqdim edir:

“Hörmətli Qurban Qurbanov!

Futbolla heç vaxt maraqlanmamışam. Demək olar ki, futbol oyunlarının heç birinə baxmıram. Amma dünən fərqli idi. Çünki “Qarabağ” oynayırdı. Və mən bu oyuna mütləq baxmalı idim. Oyun başlamamışdan əvvəl futbola hədsiz marağı olan 10 yaşlı kiçik dostum Səfərdən soruşdum ki, bəs “Qarabağ” udsa və yaxud uduzsa necə olacaq? O da hamının bildiyini mənə izah elədi. Açıq deyim ki, heç bir futbol komandasının qələbəsi məni belə sevindirə biməzdi. Amma bu komandanın adı yaralı yerimizdir axı. “Qarabağ”ın qələbəsi sayəsində böyük qələbənin işartılarını görür, ruhdan düşmür, Qarabağın da qələbəsinə inanırıq. Deməli, “Qarabağ” komandasının qalib gəlməsinə adi futbol qələbəsi kimi baxmamalıyıq.

Mənə elə gəlirdi ki, “Qarabağ” növbəti mərhələyə adlaya bilməsə ölkəmizin düşmənləri bizim Qarabağ məsələsində “uduzduğumuzu” fikirləşəcəklər. Ancaq komandamız buna imkan vermədi. Qurban Qurbanovun yetirmələri bütün dünyaya göstərdilər ki, əgər Qarabağ adı varsa Azərbaycanın uduzmağından söhbət gedə bilməz.
Komandamız UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək. Qarabağın adının belə çəkilməsini istəməyən, sanki unudulmasında maraqlı olan qüvvələr hirslərini boğub məcbur “Qarabağ” komandasının oyununa baxacaqlar. Komandamızın oyunlarını ekrandan və stadiondan seyr edənlər bu əzəli Azərbaycan torpağı haqqında da məlumatlı olacaqlar. Mənim üçün “Qarabağ” komandasının qələbəsinin ən önəmli tərəfi məhz budur. Ona görə də bir Azərbaycan vətəndaşı kimi sizə və bütün komanda üzvlərinizə öz təşəkkürümü bildirirəm.

Siz çox böyük bir missiyanı yerinə yetirirsiniz. Həm Azərbaycanı tanıdırsınız, onun gücünü, qüdrətini, yenilməzliyini bütün dünyaya göstərirsiniz, həm də qalib gəlməklə Qarabağın qələbəsinə olan inam işığını daha da gücləndirirsiniz. Sizdən dönə-dönə xahiş edirəm: o işığın zəifləməsinə imkan verməyin. Hər oyuna Qarabağa döyüşə gedər kimi çıxın.
Qalib gəlin ki, Qarabağ zəfərinə bir az da yaxınlaşaq.

Hörmətlə, Tural Səfərov”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın