Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / İslam Həmrəyliyi Oyunları ərəfəsində ölkədə təhlükəsizik tədbirləri GÜCLƏNDİRİLİR

İslam Həmrəyliyi Oyunları ərəfəsində ölkədə təhlükəsizik tədbirləri GÜCLƏNDİRİLİR

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyə hazırlıqlarları artıq yekunlaşdırır. Bunun üçün Bakının ən müxtəlif nöqtələrində yerləşən stadionlar, idman arenaları və qurğuları hazır vəziyyətə gətirilib. Oyunlarla bağlı küçələrə, prospektlərə xüsusi zolaqlara çəkilib. Həmin zolaqlarla yalnız oyunlar üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq. Mayın 1-dən 25-nə qədər aidiyyəti olmayan maşınlar zolağa girsə, 40 manat məbləğində cərimə olunacaqlar. Artiq hökumət İslamiadaya hazırlıqla bağlı hotellərdə “Halal standartı” layihəsinə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm Assosiasiyası ilə birgə hotellərdə və turizm mərkəzlərində tətbiq olunacaq halal standartları hazırlayıb və tətbiq etməkdədir. IV İslam Həmrəyliyi Oyunlarına 50 müsəlman ölkəsindən idmançı və turistlər gələcək. Azərbaycanda məscidlərin elektron axtarış sistemi hazırlanıb. “GoMap” portalı Qafqaz Müsəlmanları İdarəsinin saytı üçün Azərbaycan məscidlərinin axtarış xəritəsini təqdim edib. Xəritədə ölkədə rəsmi qeydiyyatda olan və hazırda fəaliyyət göstərən məscidlərin dəqiq ünvanları haqqında məlumat verilir. 4 aya hazırlanan elektron xəritəyə ölkədə olan 700-dən artıq məsciddən 620-si yerləşdirilib ki, turistlər asanlıqla məscidlərə gedib ibadət edə bilsinlər. Göründüyü kimi təşkilatı məsələlər artıq gerçəkləşməkdədir.
Bu, Azərbaycanın ev sahibliyi etdiyi ilk geniş miqyaslı idman tədbiri deyil. 2 il əvvəl ölkəmiz Avropa Oyunlarına ev sahibliyi etmişdi. Həmin vaxt da, bu gün də olduğu kimi oyunlar zamanı təhlükəsizlik məsələləri geniş müzakirə mövzularından idi. Buna görə də Azərbaycanın xüsusi xidmət orqanları yaranan təhdidlərin qarşısını almaq üçün ciddi tədbirlər görür.

 

Image result for Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən aşkar olunaraq

Hələ “Eurovision-2012” ərəfəsində böyük bir qruplaşma Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən aşkar olunaraq zərərsizləşdirilmişdi. Bakı-2015 I Avropa Oyunları zamanı da çox ciddi təhdid ab-havası bərqərar olmuşdu. Oyunlara bir neçə gün qalmış Binəqədidə çoxmərtəbəli bina kibrit qutusu kimi 27 saniyə içində alışıb yanması da təxribat kimi qiymətləndirilmişdi.

“Atletlər kəndi”ndə isə avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirmişdi.
Bundan başqa, oyunların açılış günü olduqca ciddi, lakin kölgədə qalan bir hadisə də baş vermişdi.
“Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə” İctimai Birliyinin rəhbəri 1960-cı il təvəllüdlü Aydın Xudiyev 2015-ci il iyunun 12-də I Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xidmətinə zəng edərək stadiona bomba qoyulduğunu bildirmişdi. O, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xudiyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
İslam Oyunları zamanı önəmli məsələlərdən biri də qonaqların təhlükəsizliyinin təmin olunmasıdır. Belə iddialar var ki, beynəlxalq tədbirlər zamanı Azərbaycanda təhlükəsizlik məsələlərinə xarici dövlətlərin də xüsusi xidmət orqanları köməklik göstərirlər.

Image result for IV İslam Həmrəyliyi Oyunları
Belə bir müşahidə də var ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları başlamazdan xeyli öncə ölkədə ciddi təhülkəsizlik tədbirləri həyata keçirilib, təxribatçı dəstələr artıq zərərsizləşdirilib. Dövlət Təhlükəsizlik Xidməti bir-birinin ardınca terrorçuların məhv edilməsi ilə nəticələnən xüsusi əməliyyatlara imza atıb.
Faktlara diqqət edək.
2016-cı il il oktyabrın 26-da Qaradağ rayonu, Ələt qəsəbəsində “Ömər” ləqəbli A.Quliyev zərərsizləşdirilib. Belə ki, DTX əməkdaşları terrorçuluq fəaliyyətində şübhəli bilinən 21 yaşlı A.Quliyevin hərəkətdə olan Bakı-İstanbul avtobusunda olmasını müəyyən ediblər. Əməliyyatçılar A.Quliyevi və digər iki şəxsi – F.Rüstəmova və A.Gülməmmədova avtobusdan endirmək istəyərkən, “Ömər” üzərində olan əl qumbarasını partlatmaqla müqavimət göstərməyə çalışıb. Həmin vaxt özü də daxil olmaqla yanında olan digər iki şəxsdən biri öldürülmüş, digəri isə yaralı şəkildə ələ keçirilmişdi.Yayılan rəsmi məlumatlarda bildirilirdi ki, dəstə üzvləri Azərbaycan ərazisində terror aktları və silahlı basqınlar törətməyi planlaşdırıblar.
DTX-nın digər əməliyyatı isə 2016-cı il noyabrın 25-də Xaçmaz rayonunun Düztahiroba kəndində həyata keçirilib. Yayılan rəsmi məlumatda bildirilirdi ki, terrorçu təşkilat tabeliyində “camaatın əmiri” kimi fəaliyyət göstərərək, cinayətkar təşkilatın üzvlərinin gizli yığıncaqlarını və əlaqələndirilməsini təşkil etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Ramiq Nazir oğlu Rəhimovun qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib həmin təşkilatın terrorçuluq məqsədləri və insanların oğurlanması planları barədə daxil olmuş məlumat əsasında DTX tərəfindən kompleks əməliyyat-axtarış tədbirləri tətbiq olunub.
Təxirəsalınmaz əks tədbirlərin görülməsi zərurəti ilə əlaqədar R.Rəhimovun Düztahiroba kəndində tərksilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb silahlı müqavimət göstərilib. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə R.Rəhimov məhv edilib.
2016-cı il dekabrın əvvəlində DTX-nın həyata keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir terrorçu məhv edilib. Rəsmi məlumata görə, 1978-cı il təvəllüdlü Azərbaycan vətəndaşı, 2007-ci ildə zərərsizləşdirilmiş “Əbu Cəfər” ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunmuş Cami Emin Əzizağa oğlunun odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar, 2016-cı il dekabrın 3-də Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan “şəhid kəməri”ni partlatmağa cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib. Rəsmi məlumatlara görə, ölkəmizdə hansısa terror qruplaşmasının bazası və ya təlim mərkəzi yoxdur. Amma DTX-nın həyata keçirdiyi əməliyyat haqda məlumatlarda zərərsizləşdirilən terrorçuların üzərilərində şəhid kəmərini partlatmağa cəhd etdikləri açıqlanır.

Image result for DTX əməliyyat
DTX-nın bu ilin yanvarında keçirdiyi əməliyyat nəticəsində dini ekstremist silahlı müqavimət göstərərkən məhv edilib. Xüsusi əməliyyat zamanı Ceyhun İslam oğlu Ocaqov silahlı müqavimət göstərib və məhv edilib.
Geniş ictimaiyyətə keçirilməsi haqda rəsmi məlumat verilən sonuncu belə əməliyyat bu ilin fevral ayında gerçəkləşib. Dövlət Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr şöbəsinin yaydığı xəbərdən belə aydın olurdu ki, Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin partlayıcı maddələr və silah-sursat əldə edib dini ekstremizm zəminində ölkə ərazisində müxtəlif yerlərdə terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib.
Təxirəsalınmaz tədbirlər nəticəsində dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan vətəndaşları – “Abu Hafsa” ləqəbli M.Ulubəyovun, “Abdulqərib” ləqəbli Q.Dəmirovun, “Əbdülxalid” ləqəbli F.Sadıqovun, T.Alməmmədovun və “Abdullah” ləqəbli S.Məmmədovun tutulması xüsusi əməliyyat keçirilib.
Əməliyyat zamanı qrup üzvlərindən M. Ulubəyov, T. Alməmmədov, Q. Dəmirov və S. Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub.
Yayılan rəsmi məlumatlarda xüsusi olaraq bir cümlə diqqət çəkir.
“Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin partlayıcı maddələr və silah-sursat əldə edib dini ekstremizm zəminində ölkə ərazisində müxtəlif yerlərdə terror aktları planlaşdırdıqları aparılan araşdırmalarla təsdiqlənib”.
Bu faktları qeyd etməklə yanaşı bir məqamı da vurğulayaq, altını xüsusi olaraq cızaq – bütün bu xüsusi əməliyyatlar ölkəmizin İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyi yəqinləşəndən sonra gerçəkləşdirilib.

Image result for Mədət Quliyev Məhəmməd Türkmən
Qeyd edək ki, bu ilin yanvarında DTX rəisi, general-leytenant Mədət Quliyev mətbuata açıqlamasında Azərbaycanı terror təhdidlərindən qorumaq üçün bütün preventiv addımların atıldığını deyib. Xidmət rəisi qeyd edib ki, digər dövlətlərin Azərbaycana qarşı təhdidləri, maraqları var. “Yaxın Şərqdə gedən proseslərin təhdidləri var. Lakin prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hüquq-mühafizə orqanları qətiyyətlə bu məsələləri həll edirlər”- deyə general-leytenant bildirib.
DTX tərəfindən bölgələrdə keçirilən əməliyyatlara toxunan M.Quliyev qısa zamanda cinayətkarların, casusların məhv edilməsi üzrə əməliyyatlar keçirildiyini vurğulayıb: “Əməkdaşlarımız onları saxlayan zaman silahlı müqavimətlə rastlaşdılar, lakin bunun qarşısını qətiyyətlə aldılar. Ümumiyyətlə, Azərbaycan xüsusi xidmət orqanları bu istiqamətdə tək işləmirlər, digər dövlətlərin xüsusi xidmət orqanları ilə birgə çalışırıq, məlumat mübadiləsi edirik”.(Musavat.com)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın