Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / “İsa Qəmbər də, Pənah Hüseyn də, İsgəndər Həmidov da savadsız idilər” – İTTİHAM

“İsa Qəmbər də, Pənah Hüseyn də, İsgəndər Həmidov da savadsız idilər” – İTTİHAM

Mərhum eks-prezident Əbülfəz Elçibəyin mətbuat katibi işləmiş Arif Əliyev 1993-cü ilin 4 iyun qiyamı barədə “Yeni Müsavat” qəzetinə müsahibə verib.  O bildirib , qiyam ərəfəsində Azərbaycan parlamentindəki ruspərəst deputatlar Gəncədə və Moskvada toplaşmışdılar.
O dövrdə siyasi fəaliyyətlə məşğul olan şəxslər mövzu ilə bağlı öz münasibətlərini bildiriblər.
Keçmiş baş nazir Pənah Hüseyn bildirib ki, onun belə bir toplantıdan xəbəri olmayıb: “Məndə bu barədə hər hansı məlumat yoxdur. Konkret bir şey deyə bilmərəm. Arif Əliyev bilmirəm ki, konkret hansı hadisəni nəzərdə tutur”.
1991-1995-ci illərdə Ali Sovetin deputatı olmuş (hazırda Milli Məclisin deputatıdır) Araz Əlizadə də bu barədə danışıb: “Həmin deputatlardan biri siz ola bilərdinizmi” sualına isə belə cavab verib:
“Mən həmin dövrdə Rusiyaya getmişdim, orada biznes fəaliyyəti ilə məşğul idim. Ona görə getmişdim ki, AXC hakimiyyətə gələndən sonra həyatıma bir neçə dəfə sui-qəsd olmuşdu. Onlar mənim deputat səlahiyyətlərimə də son qoymuşdular.
Milli Şura yarananda elan etmişdilər ki, rotasiya olacaq. Amma rotasiya etmirdilər. Deputatlar Ali Sovetin sessiyasına çağırılmırdılar. Hakimiyyəti zorla ələ alımışdılar. Mən Rusiyada yaşayanda heç kəslə görüşməmişəm. Vacib məsələ olanda Milli Şuraya gəlirdim, onları söyüb gedirdim.
Konkret hansı ruspərəst deputatların Moskvada toplaşması barədə isə məndə məlumat yoxdur. Siz şəxsən məni nəzərdə tutursunuzsa, onu deyim ki, Araz Əlizadə heç zaman ruspərəst olmayıb. Mən Azərbaycanpərəstəm”.
Politoloq Zərdüşt Əlizadə isə qeyd edib ki, əsl çevrilişi AXC etmişdi.  O, bu işdə Türkiyə və  ABŞ kəşfiyyatlarının rolunun olduğunu da vurğulayıb:
“Əsl məsələ belədir. Əsl qiyam 1992-ci ilin martında baş vermişdi. O zaman AXC Xocalı faciəsindən istifadə etdi, parlamenti mühasirəyə aldı və Ayaz Mütəllibovu devirdi. Təkrar qiyam isə 15 mayda oldu. Amerika və Türkiyə kəşfiyyat zabitlərinin başçılığı altında AXC hakimiyyətə gəldi. Amerika və Türkiyənin marağı o idi ki, Azərbaycan nefti Qərbə verilsin. AXC gözəl alət idi – toppuz, külüng, dəyənək idi”,-deyə sərt ittihamlar səsləndirib.
Zərdüşt Əlizadə AXC-nin hakimiyyətdən devrilməsinin səbəblərini isə daha çox onların özlərində axtarıb.
“1992-ci ildə mən “İstiqlal” qəzetində yazmışdım ki, AXC hakimiyyətə gəlsə 1 və ya 1 il 5 aydan sonra devriləcək. Əbülfəz Əliyev (Elçibəy) özü də Ali Sovetdə çıxışında demişdi: “Çəpik çala-çala prezidentliyə namizəd irəli sürdüyünüz şəxsi bir ildən sonra fit çala-çala qovacaqsınız”. Yəni AXC-nin səviyyəsi çox aşağı idi. Ora toplaşmış insanlar o qədər naşı və kəmsavad idilər ki, heç nəyi təhlil edə bilmirdilər. 1993-cü ilin 4 iyununda Gəncədə qiyam oldu. Mənim proqnozum özünü doğrultdu. Bunu mən eləmişdim?! Xeyr. Sadəcə prosesləri, hadisələrin inkişafını təhlil edib bu qənaətə gəlmişdim ki, onlar devriləcəklər. Əbülfəz Elçibəy də, İsa Qəmbər də, Pənah Hüseyn də, İsgəndər Həmidov – hamısı savadsız idi. Onlar dövlətin, qanunun, demokratiyanın nə olduğunu bilmirdilər”.
O, Arif Əliyevin işarə vurduğu məqama da toxunub: “Kimsə Moskvada yığışsaydı da, yığışmasaydı da, onsuz AXC devriləcəkdi. Mən Arif Əliyevin kimləri nəzərdə tutduğunu deyə bilmərəm”.(Modern.az)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın