Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / İradə İbrahimova: “Ərimin xəyanətinə də, döyməsinə də dözərəm”

İradə İbrahimova: “Ərimin xəyanətinə də, döyməsinə də dözərəm”

“Onlar məşhur İradəni, Ceyhun məni sevirdi. Onda saflıq, təmizlik, əsl sevgi vardı”

Türkiyədə yaşayan müğənni İradə İbrahimova yeni yaradıcılıq işləri ilə bağlı Bakıya gəlib.

Musavat.com saytının suallarına cavab verən ifaçı ilə həm sənət yeniliklərindən, həm də ailə həyatından danışdıq:

“Bakıya Yeni gözəl mahnılar, şəkillər və özümü gətirmişəm. Gövhər Həsənzadə ilə işbirliyimiz oldu. Bəzi mahnılarım İstanbulda aranjeman edildi. İşimi həm Türkiyədə, həm Azərbaycanda görürəm. Fotosessiyam Türkiyədə oldu. Mahnımı təqdim edim, daha sonra klip barədə qərar verəcəyəm. Klipi Türkiyədə də çəkə bilərəm. Hər iki ölkədə işlərimi rahat görə bilirəm.

– Bu yaxınlarda yeni fotosessiyanızı təqdim etdiniz. Keçən ilkindən fərqli olaraq bu dəfə daha ciddi obrazda idiniz. Sanki bir iş qadınını xatırladırdınız.2016-cı ildə çəkilən fotosessiyanızda isə daha cəsarətli geyimlərdən istifadə etmişdiniz və bu müzakirələrə səbəb olmuşdu. Ciddiliyə üstünlük verməyiniz səbəbi tənqidlərdir?

– Bu dəfə az da olsa, açıq geyimlərdən istifadə etmişik. Geyimlər özəl olaraq nəyə isə uyğun seçilməyib. Mənim üçün çoxlu geyimlər gətirdilər. Mən də ürəyimə yatanları seçdim. O an ruh halım həmin geyimləri geyinməyi istədi. Mən də əhvalıma uyğun olanları seçdim. Yəni, tənqidlərlə əlaqəsi yoxdur.

– Hər zaman ruh halınıza uyğun hərəkət edirsiniz? 

– Hər zaman seçimlərimi əhvalıma uyğun edirəm. Əgər ürəyindən ağlamaq gəlirsə, ağlayacaqsan. Gülmək gəlirsə, güləcəksən. Amma hər şey yerində olmalıdır, dadını qaçırmaq olmaz.

– Bu durumun həyatınıza mənfi təsiri olub? 

– Əlbəttə, olur. Bəzən elə əhvalda oluram ki, sonra xoş olmayan xatirələri xatırladır. Biz insanıq. Fəsillər dəyişir, hər fəslin öz xüsusiyyəti var. İnsanın da dəyişkən əhvalda olması normaldır. Allah bizi belə yaradıb. Bu xüsusiyyətimdən məmnunam.

– Bəlkə də bu xüsusiyyətinizə görə sənətinizin zirvəsində olarkən hər şeyi atıb ailə qurdunuz və hər şeyi atıb Türkiyəyə getdiniz. Həyat yoldaşınızın doğru, evləniləcək şəxs olduğuna necə əmin oldunuz? 

– Biz 8 il tanış olmuşuq. Bu müddətin 6 ili sevgili münasibətimiz olub. Bir- birimizi tanıyırdıq.

– Adətən deyirlər ki, bir insanı ailə qurmamış tanımaq çətin olur. 

– İnsanlar fərqlidir. Bəzən evdə bacı bacının elə xasiyyətini görür ki, məəttəl qalır. Heç nəyin qarantiyası yoxdur həyatda. Mən onun davranışını, xasiyyətini, tərbiyəli olmasını sevdim. Mənə qarşı çox qayğıkeş idi. Ceyhun heç kimə bənzəmirdi, bənzədə bilmirdim. Ətrafımda mənimlə maraqlanan çox adam var idi. Sağ tərəfimdə yüzlərlə adam vardı ki, onlar məşhur İradə İbrahimova ilə maraqlanır, onu sevirdilər. Adımın ətrafında dolanırdılar. Bu məni narahat edirdi.

Sol tərəfimdə isə Ceyhun vardı və məni mən olaraq sevirdi. Ceyhunda saflıq, təmizlik, əsl sevgi vardı. Ceyhun mənim içimi bildi, ürəyimi tanıdı, əsl İradəni sevdi. Hərdən yoldaşıma sual verirəm ki, necə oldu mənimlə evlənməyə qərar verdin? Müğənniyəm, hər an çıxıb gedə bilərdim. Səhnə elə şeydir ki, onun havasını udan əl çəkə bilmir. O dedi ki, bilirdim beləsən. Amma təxmin etdiyimdən daha betər imişsən, çox ailəyə bağlısan. Bu qədər ailəyə, övlada bağlı olacağın ağlıma gəlməzdi. Övladlarımın dünyaya gəlməsinə mən qərar verdim. Mənə dedi ki, uşağa sən baxacaqsan, onları yetişdirəcəksən. Ona görə özün qərar ver. Soruşdu ki, ikinci uşağa gücün var? Türkiyədə insanlar daha çox öz rahatlıqlarını düşünürlər. Onlar ailə qururlar, 5 -6 il bir-birilərini tanıyırlar. Mənim üçün qəribə gəlmişdi, baldızım ailə qurmuşdu, 5 il uşaq istəmədilər. Sonra dedilər ki, uşaq istəmirik. Biz elə deyilik. Biz yorulmaq, ərimizə qulluq etmək, uşaq doğub böyütmək istəyirik. Biz belə böyümüşük. Ailə qurandan sonra yoldaşımı çaşdırdım. Deyir ki, fanatik imişsən, ailə üçün ən yaxşısının yaxşısını eləmək istəyirsən. Gərək yoxdur, özünü yorma. Amma mən yenə də ailəm üçün çalışıram.

– Həyat yoldaşınız sizi sənətdən uzaqlaşdırmadı, istədiyiniz vaxt səhnəyə qayıtdınız. Bəlkə də bu sizi hər şeyə daha çox bağladı?

– Bəlkə də. Həyat yoldaşım mənə çərçivə qoymadı. Bu da mənə rahatlıq verdi. O mənə heç vaxt “filan şeyi etməyəcəksən” demədi. Mən də ona əsas vermədim. Çünki həyata, yoldaşıma qarşı laqeyd olsaydım, onlara vaxt ayırmasaydım, problem yaşayardıq. Mən ailəmi ikinci plana atmadım.

– Adətən müğənnilərin boşanması ilə bağlı tez-tez xəbərlər yayılır. Sizin də başınıza gəlib. Bu cür məlumatlar sizi yormur?

– Heç vaxt mənə kimsə deməyib ki, ay İradə, boşanmısan? Adətən bu söhbətləri mediadan eşidirəm. Ayrılmaq utanılacaq bir şey deyil. Olsa da, danmaram. Mən ailəmi dağıtmaq fikrində deyiləm. Mənim iki övladım var. Mən nə problem olsa da, onlar üçün həll etməyə çalışaram. Uşaqlarımın bütöv ailədə böyüməyə, ana sevgisinə, ata öpücüyünə, əzizlənməyə ehtiyacı var. Ərsiz qala bilərəm, mənə heç nə olmaz. Amma uşaqlarım böyümə çağındadır, əziyyət çəkərlər. Onlara görə ömrümün sonuna qədər, səbrim çatana kimi hər şeyə dözəcəyəm. Şükür Allaha həyat yoldaşım çətinlik yaşatmayıb mənə. O mənə Allahın lütfüdür. O da mənim üçün eyni sözü deyir. Biz bir-birimizə Allahın hədiyyəsiyik. Həmişə deyir ki, İradə olmasaydı, heç vaxt evlənəzdim, evlilik İradə ilə gözəldir.

– Bağışlaya bilməyəcəyiniz nə isə varmı?

– Yoxdur. Qadın xəyanəti və şiddəti bağışlamaz. Bir qadını ancaq bunlar küsdürər. Allah qarşılaşdırmasın. Övladlarıma görə bunlara da göz yumaram. Allah Ceyhundan min dəfə razı olsun, məni bu söhbətlərə məruz qoymayıb.

– Şou-biznesi necə izləyirsiniz?

– İzləyirəm. İzləmirəm deməyi sevmirəm. Müğənnilərin birindən soruşursan ki, filan müğənnini tanıyırsan? Deyir, tanımıram. Halbuki, keçən dəfə eyni masada oturmuşdular. Hər kəs şəxsiyyətdir, insandır. Lazım olmasaydı, Allah onu dünyaya göndərməzdi. Kiminsə varlığını dana bilməzsiniz. Düzünü deyim ki, izləməyə vaxtım yoxdur. O gün Brilliant Dadaşovanın bir mahnısını eşitdim, ürəyim getdi. Tez telefonuma yüklədim. Indi mahnı qıtlığıdır. Həqiqətən vaxtım yoxdur. Amma az-çox məlumatım var.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …