Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “İndi Sankt-Peterburqda piştaxta arxasında duran azərbaycanlılar azdır”

“İndi Sankt-Peterburqda piştaxta arxasında duran azərbaycanlılar azdır”

Ölkə xaricində yaşayan həmvətənlərimiz hər zaman sözləri, söhbətləri, müqayisələri ilə marağımızda olublar. Ölkədən getmə səbəblərindən asılı olmayaraq, onların qəlbi Azərbaycanla döyünür. Dedikləri sözlər, tənqidlər, özləmlərlə bir yerdə… 
Musavat.com bu dəfə sizi Azərbaycandan çox da uzağa “mühacirət” etməmiş elm adamı, Sankt Peterburqda yaşayan həmyerlimiz Şahnaz Kamalla tanış edir. Məlum, Rusiya, rusların başqa millətlərdən olanlara soyuq münasibəti bir klassikadır. Xüsusən də azərbaycanlıların Rusiyanı uzun illərdir ki, ticarət məqsədi ilə əsas dayanacaq seçməsi heç kimə sirr deyil. Bu reallıqların fonunda Ş.Kamalla bir Sankt Peterburq söhbəti etdik.
– Şahnaz xanım, Sankt Peterburq azərbaycanlıların sıx yaşadığı şəhərlərdən hesab olunurmu? Nə qədər həmyerlimiz var orda? 
– Bəli, Peterburq azərbaycanlıların ən çox məskunlaşdığı Rusiya şəhərlərindən biridir. Bəzi məlumatlara görə burada bir miliyona qədər azərbaycanlı yaşayır. Əlimdə faktiki statistik məlumat yoxdur deyə, bu rəqəmi təsdiq və ya təkzib edə bilmərəm. Ancaq rəqəm mənə inandırıcı görünür.
– Yaşadığınız şəhər haqda bir az danışa bilərsizmi? Necədir orda həyat, yaşayış, şərtlər…? 
– Peterburq, ya da, Peterburqda yaşayanların sevgi ilə Piter dediyi bu şəhər dünyada insanların heç olmasa bir dəfə gəzib görməli olduğu şəhərlər sırasına daxildir.
Ələlxsus da şəhərin mərkəzi öz tarixi abidələri ilə zəngindir. Gəzməli, görməli yerləri çoxdur. Buna bir səbəb də Rusiya imperiyasının paytaxtının uzun müddət bu şəhər olması olub. Peterburqda 200 dən artıq muzey var. Rusiyada ilk muzey də I Pyotrun əmri ilə məhz Peterburqda salınıb – Kunstkamera.

“Burada küçədə kimdənsə harasa necə getməyi soruşsanız, sizə səbrlə və dolğun cavab verərlər”

Peterburq mədəni şəhərdir, insanları da mədənidir. Görənlər hamısı Moskva ilə kəskin fərqləndiyini deyir. Bir dəfə Bakıdan çəkiliş qurupu gəlmişdi, onlarla birlikdə çəkiliş üçün getməli idik. Otelin yanında dayanan iki gəncə yanaşıb necə taksi çağıra biləcəyimi soruşdum. Gənclərdən biri öz telefonu ilə taksi çağırdı, biz, onun sayəsində endirimlə istədiyimiz yerə gedə bildik. Bunu görən operator o gəncləri tanıyıb-tanımadığımı soruşdu. Tanmadığımı biləndə təcübləndi, çünki çox istiqanlılıqla yanaşmışdılar.
Burada küçədə kimdənsə harasa necə getməyi soruşsanız, sizə səbrlə və dolğun cavab verərələr.
 
Gündəlik yaşam şərtlərinə gəlincə, narazılıq edə bilmərəm. Peterburqda kommunal xidmətlər yaxşıdır. Gündəlik yaşam rahatlığı var. Yəni birbaşa istilik qovşağı, isti su, lift… bu kimi problemlər olmur.

““Biz Azərbaycanı Rusiyada bazar sferasında kifayət qədər təmsil etmişik, indi istiqaməti elmə, mədəniyyətə yönəltmək lazımdır”

–  Rusiyadakı azərbaycanlılar… deyəndə avtomatik olaraq gözümüzün qabağında meyvə-tərəvəz piştaxtaları arxasındakı həmyerlilərimiz canlanır. Sizin şəhərinizdə azərbaycanlılar daha çox nə ilə məşğul olur?
– Mən tanıdığım azərbaycanlıların da əksəriyyəti ticarətlə məşğul olurlar. Düzdür, indi əvvəllər olduğu kimi piştaxta arxasında duranlar azdır (gülür). Sofiyski və Kalininski adlı iki böyük meyvə-tərəvəz bazası var. Ya orada çalışırlar, ya da işlərini ora ilə əlaqəli qururlar. Mağazaları, restoranları olan həmvətənlərimiz də çoxdur.
Çox təəssüf ki, elm sahəsində, incəsənətdə olan yerlilərimizə az rast gəlirəm.
Son zamanlar tanış olduğum xanımların arasında tərcüməçi, ali məktəbdə müəllim, həkim işləyənlər var. Onların varlığı məni çox sevindirir, saylarının artacağına çox ümid edirəm. Biz Azərbaycanı Rusiyada bazar sferasında kifayət qədər təmsil etmişik, indi istiqaməti elmə, mədəniyyətə yönəltmək lazımdır. Hələ gec belə qalmışıq.
– Sizin yolunuz Sankt Peterburqla necə kəsişib? Səhv etmirəmsə elmlə məşğulsuz.
– Mən ailə qurandan sonra Peterburqa gəldim. Yoldaşım burada işləyirdi. Hal-hazırda Sankt-Peterburq Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türkologiya kafedrasının aspirantıyam. Məqsədim qədim türk dilinin qrammatikasını mükəmməl öyrənməkdir. Elmi işim də Orxon-Yenisey abidələrinin dili ilə bağlıdır.
 
– Rusiyada azərbaycanlı uşaqları böyütmək yəqin ki, çətindir. Həm mental xüsusiyyətləri, həm də kriminal mühiti nəzərə alanda. Necə gəlirsiz öhdəsindən?

“Çox evlərdə Azərbaycan dilində danışılır, ancaq bu, ədəbi dildən çox dialektdə olur”

– Məncə, bu, sırf ailəyə bağlı bir şeydir. Burada çox yaxşı, istedadlı, orta və ali məktəblərdə əla qiymətlərlə oxuyan, olimpiadalarda iştirak edib layiqli yerlər tutan uşaqlar var. Necə ki Azərbaycanda, burada da eləcə, ailələr və uşaqlar fərqli olurlar.
Məni ən çox narahat edən uşaqlarımızın dilimizdən, ədəbiyyatımızdan, tariximizdən, adət-ənənələrimizdən uzaqda və az məlumat alaraq böyümələridir. Düzdür, çox evlərdə Azərbaycan dilində danışılır, ancaq bu, ədəbi dildən çox dialektdə olur. Odur ki, ötən il burada kurs açmaq qərarına gəldim. Şəhərin mərkəzində yerləşən, işlədiyim xarici dillər kursunda otaq kirayələdim. İstədiyim qədər şagird toplaya bilmədim, amma o az şagirdlə bir neçə böyük işlər görə bildik. Ötən il Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Novruz bayramını qeyd etdik. Tədbirlərdə xeyli azərbaycanlı iştirak etdi, balacalara nağıl kitabları payladım.
Bu il isə daha çox tədbir keçirə bildim. Oktyabrın 5-dən 10-a qədər Mayakovski adına kitabxanada Azərbaycan Kinosu Həftəsi təşkil etdim. Dekabrın 20-si Həmrəylik Gününü, martın 20-si isə Novruz bayramını həmin kitabxananın zalında qeyd etdik. Bütün tədbirlər, ələxsus da Novruz bayramı çox yaxşı keçdi. Həm uşaqlarımız, həm də digər qonaqlar adət-ənənələrimiz haqqında xeyli bilgiyə sahib oldular.
Kriminal mühitə gəlincə, mən, uşaqlarım və ətrafımdakı şəxslər o mühitdən uzağıq.
– Ölkədən kənarda, xüsusən də Avropada məskunlaşan azərbaycanlıların Azərbaycan, onun problemləri, insanları barədə tənqidi status yazmaları birmənalı şəkildə tənqid olunur. Bunu edənlərə qarşı avtomatik olaraq “belə çox bilirdin, niyə qaçırdın ölkədən, oturardın burda”, ya da “uzaqdan baxana döyüş asan gəlir” tipli tənqidlər ünvanlanır. Amma Rusiyada yaşayanlarla bağlı mövqe bir qədər fərqlidir. Sizləri daha yaxın hesab edirlər, dedilərinizə qıcıqla yanaşmırlar sanki…
– Mən Azərbaycanda gördüyüm, bildiyim çatışmazlıqlar haqqında həmişə yazıram, yazacam da. Çünki Azərbaycan mənim vətənimdir və bildiyim nöqsanlar barədə yazmaq mənim vətəndaşlıq borcumdur. 

“28 Mayda yazdım ki, gəlin, Nizaminin heykəlinin qabağına toplaşaq, 2 nəfər gəlmişdi. Çünki, o gün “Bu şəhərdə”  bizim şəhərdə idi”

Düzü, hərdən o qınaqlar mənə də ünvanlanır. Xaricdə yaşayan və ölkənin problemlərinə göz yummayan azərbaycanlılara qarşı belə qınaqların olmasını düzgün hesab eləmirəm. Kim bilir, o insanlar xaricdə hansı səbəbdən yaşayır? Məncə, harada yaşamağından daha çox ölkə üçün nə etdiyin önəmlidir. Bir də, bizim xaricdə diasporamız çox zəifdir. Bəlkə də, qınaqlar bu üzdən çoxdur? Bilmirəm.
Rusiyada yaşayanlara gəlincə, uzun müddət Rusiyanın təəbəsi olmuşuq, bəlkə də, hələ də elə baxırlar, amma mənim nəzərimcə, bu heç doğru deyil.
– Rusiyada yaşayan azərbaycanlılar yerlilər tərəfindən psixoloji təzyiqə, eləcə də qırxıqbaşların fiziki hücumuna məruz qalırmı? Necə qoruyursuz özünüzü, ailənizi bu cür hücumlardan?
– Belə halların olduğunu eşitmişəm, amma birbaşa şahidi olmamışam. Şəxsən mənə və ailəmə belə təzyiqlər olmayıb. Bu, adamın özünü necə aparmasından da aslıdır. Həmişə belə düşünmüşəm ki, burada Azərbaycanı təmsil edirəm, məni tanıyan yerlilərdə ümumi azərbaycanlılar haqqında fikir formalaşdırmış oluram. Ancaq son zamanlar görürəm, burada o qədər çoxuq, artıq elə təmsilçi kimi baxmırlar, hərəyə öz davranışına görə qiymət verirlər.
– Bu günlərdə Sankt Peterburqda prezidentlərin görüşü olacaq. Orada yaşayan azərbaycanlıların Sərkisyana qarşı hər hansı etiraz aksiyası, piket keçirməsi gündəmdədirmi?
– Görüşün olacağını bilirəm, ancaq hansısa etiraz aksiyasının olacağından xəbərsizəm. Düzü, olacağına da inanmıram. Niyəsini deyim. Aprel döyüşləri zamanı facebookda status yazdım ki, gəlin, aprelin 10-da, saat 12 də konsulluğumuzun qabağına yığışaq, şəhidlərimizi anaq. Əslində, ideyanı burada tələbə olan həmvətənlimiz Elşad bəy vermişdi. Mən də məmnuniyyətlə razılaşdım və vaxtı, yeri yazdım. İki gün sonra mənə yazdılar ki, kimsə bu barədə konsulluğa xəbər çatdırıb və oradan da deyiblər, gəlməsinlər, heç nəyə ehtiyac yoxdur. Dayanmadıq, Elşad bəy kontakt deyilən sosial şəbəkədə bu elanı yaydı. Bir neçə qrup bu təklifə qoşuldu və aprelin 10-da konsulluğun qabağına yığışdıq. Xeyli insan toplaşmışdı, konsul da gəlmişdi. Tədbir yenicə başlamışdı ki, polislər gəlib dağılışmağımızı tələb etdilər. Onda çox adam bu təklifin hardan gəldiyini bilməmişdi, eşidib toplaşmışdılar.
İndi mən də elə bir aksiya təşkil edə bilmirəm. Çünki tanıdığım insanların çoxu ya vətənə gedib, ya da, tələbə olanları sessiyadadır. 28 mayda yazdım ki, gəlin, Nizaminin heykəlinin qabağına toplaşaq, 2 nəfər gəlmişdi. Çünki, o gün “Bu şəhərdə”  bizim şəhərdə idi (gülür).

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın