Ana səhifə / Şou Biznes / “İlin saç ustası” media diplomunun müəllifi danışdı

“İlin saç ustası” media diplomunun müəllifi danışdı

“Mənə də “Qızıl qələm” mükafatı 30 manata təklif olunmuşdu. Dedim ki, pulum yoxdur”.

“Qızıl Qələm”, “Xalqın nüfuzlu ziyalısı” , “Jurnalistlərin dostu” və bu qəbildən olan mükafatların verilməsi ilə bağlı daim sosial şəbəkələrdə narazı şərhlər görmək mümkündür. Diplomların pul müqabilində verildiyi, saxta olduğu bildirilsə də, “Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı” adından verilmış diplom və mükafatlarla öyünənlər də az deyil.

Son olaraq qurum tərəfindən saç kəsmə yarışında qalib olan şəxsə “ilin saç ustası” media mükafatının verilməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bundan başqa, qurum  tərəfindən “İlin diş həkimi”, “İlin xeyriyyəçisi” və bu qəbildən olan bir çox diplomlar təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkədə bu mövzuda açıqlanan müzakirədə qurumun fəaliyyətinə münasibət bildirənlər arasında jurnalist Aynur Elgünəş də var:

“Bir qurum, bu qurumun da Çingiz Qurbanoğlu adında bir sədri var. Adam “ilin jurnalisti”, “ilin müəllimi”, “ilin həkimi” diplomu paylayır. Ən gülməlisi də budur ki, adam özünü Jurnalistlərin Həmkarlar İttifaqının sədri kimi təqdim edir. Diplomun biri 150 manatdır deyirlər”.

Kiçik bir araşdırma zamanı məlum oldu ki, Çingiz Qurbanoğlunun (İbadov) təsisçisi və baş redaktoru olduğu “Obyektiv fikir” qəzeti Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sındadır.

“Qara siyahı”ya hansı mətbu orqanlar düşür?

Bu nəşrlər “Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları”nı mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, səhifələrində insanların şərəf və ləyaqətini aşağıladıqlarına görə “qara siyahı”ya daxil edilir.

“Qafqazinfo” məsələylə bağlı “Obyektiv fikir” qəzetinin təsisçisi Çingiz İbadovla da əlaqə saxlayıb. O da bildirib ki, öz imzası olan və təşkilatın möhürü ilə paylanan bu diplomlar saxtadır və onların təşkilatlarının adından çap olunur:

“Bu yaxınlarda mətbuat konfransı keçirmək istəyirik. Çünki bizim adımızdan saxta diplomlar çıxarırlar. Nəşriyyatın özündə, digər qurumlarda möhür və imzamızla diplomlar çap olunur. Bir neçə dəfə polisə müraciət etmişik, ancaq qarşısını ala bilmirik. Dediyiniz o saç ustasına verilmiş diplomdan və bunun kimi bir çox haldan təşkilatımız xəbərsizdir.

Bu yaxınlarda Elmlər Akademiyasında internet klubların birində gördüm ki, diplomumuz çap olunur. Dedilər ki, bir nəfər gətirib və çoxaldılmasını istəyib. Qanunsuz olduğunu bilməyiblər”.

Ç. İbadov diplom və mükafat qarşılığında pul alınması ilə bağlı iddiaları da cavablandırıb: “Azərbaycan Nəşriyyatında Davud Dəmirli adında bir şəxs çalışır. Uzun müddət təşkilatda müavin olub və o zaman diplom və mükafatın qarşılığında pul tələb olunub. İndi 80 yaşı var və bildiyimə görə, diplomun sürətini çıxarıb 20-30 manata satır”.

Günel Hacı


Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın