Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / İlham Əliyev 3 sərəncam imzaladı

İlham Əliyev 3 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “20 Yanvar Şəhidi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 1990-cı il 20 Yanvar hadisələri nəticəsində həlak olmuş Ağayev Şövkət Həsənoviçə “20 Yanvar Şəhidi” fəxri adı verilib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Prezident İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədi ilə son illərdə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının daha da artırılması üçün konkret hədəflərə istiqamətlənmiş kompleks tədbirlər həyata keçirilmişdir.

Bu tədbirlər çərçivəsində yerli və beynəlxalq daşımaların idarə olunması mexanizmi təkmilləşdirilmiş, ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişləndirilmiş, habelə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə başlanılmışdır.

Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının yüksəldilməsində həlledici rola malikdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin davam etdirilməsi işlərinin sürətləndirilməsi məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə 30,0 (otuz) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

İlham Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərinə uyğun olaraq aparılan islahatlar nəticəsində iqtisadi inkişafın davamlılığı təmin olunmuş və Azərbaycan Respublikasının beynəlxalq aləmdə müsbət imici daha da möhkəmlənmişdir.

Ötən dövr ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişafında müstəsna rolu olan nəqliyyat infrastrukturunun inkişafı, ölkənin tranzit potensialının daha da artırılması istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilmiş, Azərbaycanın mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün münbit şərait yaradılmış, tranzit yükdaşımaların həcmi və keyfiyyəti yüksəlmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətinin müasirləşdirilməsi üçün onun yenidən təşkili yolu ilə Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququ olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradılmış, habelə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə başlanılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının dünya standartlarına cavab verən liman səviyyəsinə çatdırılması, eləcə də limanın normal fəaliyyətinin təmin edilməsi və liman ərazisində yükaşırmaların həyata keçirilməsi üçün zəruri infrastrukturun yaradılması məqsədi ilə qərara alıram:

1. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üçün 6 ədəd portal kranın alınması və 2 ədəd mövcud kranın modernləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə müvafiq olaraq 33,2 milyon (otuz üç milyon iki yüz min) manat və 3,6 milyon (üç milyon altı yüz min) manat olmaqla, cəmi 36,8 milyon (otuz altı milyon səkkiz yüz min) manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın