Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / İki “İsrafil şilləsi”nin fərqi

İki “İsrafil şilləsi”nin fərqi

“İsrafil, ay İsrafil, ala yekə kişisən, oğlunu evləndirib, mənə demirsən” və… solaxay bir şillə Səyavuş Aslanın üzünü sağ nahiyəsindən tutur. “Bəyin oğurlanması” filminin finalında Muxtar Maniyevin həmkarına qəfil şillə zərbəsi bu iki nəhəng sənətkarın həyatda ömürlük küsülü qalması ilə nəticələnir.   Filmin quruluşçu rejissorları – Ceyhun Mirzəyev və Vaqif Mustafayev M.Maniyevi təlimatlandırır ki, S.Aslana qəfil şillə vursun. Rejissorlar kadrın daha təbii alınması üçün belə bir iş tuturlar. Bu zərbə mərhum korifey üçün gözlənilməz olsa da, o, səhnənin çəkilişində özünü itirməyib.

Ancaq tərəflər kadr arxasında dalaşırlar və həyatda Maniyev – Aslan münasibətləri əbədi olaraq kəsilir. Onlar bir də nə görüşür, nə barışırlar. “İsrafil”in şilləsi iki həmkar dostu biri-birinə düşmən edir.

Və illər sonra yenə də iki nəhəng aktyor arasında İsrafil üstə dava düşür. Bu dəfə yumruqlaşma nə çəkiliş meydançasında, nə teatr səhnəsindədir, nə də İsrafil o İsrafildir.

Hətta bu İsrafilə görə olan yumruqlaşma iki böyük sənətkarın yolunu polis bölməsindən salır. Utandırıcı hadisədir.   Çox güman ki, 60-dan çox filmdə rol almış, neçə-neçə tamaşada obrazlar yaratmış 72 yaşlı Ramiz Məlik də, 30-a yaxın filmin oyunçusu, Həzi Aslanov obrazını canlandırmış, teatrlarda canını qoymuş 60 yaşlı adaşı Ramiz Novruz də əməlindən peşmandırlar.

Onlar o “İsrafil” üçün yox, Akademik Milli Dram Teatrının baş direktoru İsrafil İsrafilova görə üz-göz olublar. İki ziyalı, pedaqoq, insanların sevimlisi səhnədə edilməli jesti teatrın həyətinə transformasiya ediblər. Üstəlik, bu dava nə sənət, nə teatr naminədir…

Mədəniyyətin, teatrın öləzidiyi, peşəkarların yerini təlxəklərə verdiyi bir vaxtda iki Ramizin əsl DAVAsı çiyin-çiyinə olmalıdır – bayağılığa qarşı. Ancaq deyəsən, hər dövrün öz İsrafil şilləsi varmış…

 

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın