Ana səhifə / Şou Biznes / İctimai nəqliyyatda gənclərlə yaşlılar arasında “yer davası”…

İctimai nəqliyyatda gənclərlə yaşlılar arasında “yer davası”…

Əhməd Qəşəmoğlu: “Bunu bir despot kimi həyata keçirməyin özünün mədəniyyətsizlik olduğunu da diqqətə çatdırmalıyıq”; Elnur Rüstəmov: “Bu, insanın mənəviyyatı, daxili dünyası ilə bağlı bir şeydir”

Metroda qatara təxminən 45-50 yaşlarında bir qadın mindi. O, ətrafa baxdı və oturmağa yer olmadığını görərək, oturan və ilkin görünüşdə çox sağlam görünən bir oğlanın qarşısında dayandı. Bir stansiya gedən qadın oğlanın durub ona yer vermədiyini görərək dözməyib deyindi, onu ağır sözlərlə təhqir etdi. 
Oğlan isə “bəlkə mənim nəsə problemim var, ayağa qalxa bilmirəm, niyə haqqıma girirsən” deyərək qadına etirazını bildirirdi. Ancaq yüksək səslə qadın “sənin mədəniyyətsizlikdən, ana-bacıya hörmət qoymamaqdan başqa bir problemin yoxdur” deyərək təhqirə davam etdi. Qadının təhqirlərinə dözməyən oğlan əlindəki çantadakı dərmanları yerə tökərək “problemim var, ayaq üstə dayana bilmirəm,  mənim günümə düşəsən, onda məni başa düşərsən” deyərək etiraz səsini yüksəltdi. Bundan sonra qadının üzündə peşmanlıq ifadəsi yaranıb sussa da, artıq gec idi…
Təəssüflər olsun ki, bu, qarşılaşdığımız ilk belə hadisə deyil.  Hər gün ictimai nəqliyyatda yaşlılarla gənclər arasında “yer davası”nın şahidi oluruq. Gənclər qadınlara yer verərkən bir təşəkkür belə edilməməsindən şikayətlənir, bəziləri isə hər kəsin 20 qəpik verdiyi üçün oturmaq haqqı olduğunu düşünür. Hər stansiyada diktor mətni ilə dəfələrlə “qocalara, xəstələrə, uşaqlı qadınlara yer verin” deyilsə də, bundan sui istifadə edənlər də var. Əgər biri yer vermirsə, onu yarğılamadan əvvəl düşünməliyik; nə olsun ki, gəncdir, bəlkə xəstədir, bəlkə yorğundur, bəlkə gecə növbəsində işləməkdən gəlir, yuxusuzdur, ayaq üstə durmağa taqəti yoxdur və sairə.
Qeyd edək ki, dünyanın sivil ölkələrində  ayaq üstə dayanmaq iqtidarına malik olan qadına, qıza qalxıb öz yerini vermək kimi bir “qayda” yoxdur.
Bəs bu azərbaycanlıların psixologiyasında haradan qaynaqlanır? Bu məsələ necə tənzimlənməlidir?
 
Sosioloq Əhməd Qəşəmoğlu hər bir davranışın formalaşması üçün üç əsas faktorun mühüm rol oynadığını dedi: “Qərb ölkələrində belə bir qayda yoxdur. Bu, mədəniyyətin bir komponenti, normasıdır. Bu qayda ümumi şəkildə xoş bir hadisədir. Həmişə xəstə adamlara, yaşlılara, qadınlara yer vermək bir etika, mədəniyyətin yaxşı bir göstəricisi kimi qarşılanır. Hətta mən görmüşəm ki, avropalıların özü bəzən buna Azərbaycanın müsbət bir keyfiyyəti kimi baxırlar. Hər bir davranışın formalaşması üçün üç faktor çox mühüm təsir edir. Mühit, aldığı informasiya, bir də üstünlük verdiyi dəyərlər. Hər bir şəxsin davranışının formalaşmasında bu üç amil mühüm rol oynayır. Əgər biz qəbul etsək ki, bu, ümumən müsbət bir göstəricidir, bəli, bu barədə fərqli düşünərik, informasiya da geniş yayılar və bunu gənclərdə formalaşdırarıq. Amma bunu bir despot kimi həyata keçirməyin özünün mədəniyyətsizlik olduğunu da diqqətə çatdırmalıyıq. Çünki ümumən hamı başa düşməlidir ki, belə bir davranış müsbət bir haldır, amma kimsə doğrudan da bəlkə hansısa ağır bir əməliyyatdan çıxıb və ya gecə növbəsindən gəlir, yuxusuzdur. Əgər o adam qalxmırsa, biz fikirləşməliyik ki, yəqin bu adamın nəsə problemi var. Bu mədəniyyəti də özümüzdə formalaşdırmalıyıq”.
Sosioloq bütün davranışların, mədəniyyətlərin əsas meyarının ahəngin pozulmaması olduğunu dedi:“Gərginlik yaradan istənilən şey mədəniyyətsizlikdir. Ayağa qalxmaq imkanı olmayan insanlara qarşı aqressiv münasibətin özü artıq mədəniyyətsizlikdir. Yəni biz bu sahədə müəyyən qədər çalışmalıyıq ki, dediyim informasiya, məlumatlandırma təlimatını bu sahədə artıraq”.
Psixoloq Elnur Rüstəmov isə bu cür vəziyyətlərin psixologiyadan, adət-ənənələrdən qaynaqlandığını dedi:“Biz hətta indinin özündə belə böyük gələndə ayağa qalxırıq, səsimizin tonunu alırıq, danışarkən icazə alırıq. Bu bizim etnopsixologiyadan qaynaqlanan bir məqamdır. Ancaq dönəm sürətlə dəyişir. İctimai nəliyyatda əgər kim istəyirsə, yaşlı adama, hamilə qadına və yaxud da uşaqlı anaya yer verəcək. Kim istəməzsə də bu məsələ onun vicdanına buraxılır. Ancaq son zamanlar  bundan sui-istifadə hallarına geniş rast gəlinir.
Tutaq ki, kimsə yer verməyəndə başlayırlar həmin adama təhqiramiz sözlər deməyə. Əslində o insanı günahkarlıqla yükləmək daha yaxşı olardı. Çünki bu, insanın mənəviyyatı, daxili dünyası ilə bağlı bir şeydir. Yəni qalxmasa belə içində o narahatçılığı, o diskamfordu hiss edir. Əlbəttə, çox yaxşı olardı ki, böyüklərə, xanımlara, hamilə, uşaqlı analara ictimai nəqliyyatda imkan olduqca yer verilsin. Ancaq bundan sui-istifadə halları düzgün deyil. Bu, gələcəkdə gənc nəsillə yaşlı nəsil arasında böyük uçuruma səbəb ola bilər. Həmçinin kişi ilə qadın münasibətlərində çox ciddi fəsadlar yarada bilər.
Biz nə qədər cinslər arasında olan bərabərlikdən danışsaq da burada elə məqamlar var ki, biz onu heç bir zaman dəyişə bilməyəcəyik. Ona görə də bir az diqqətli, həssas davranmaq lazımdır. Əgər durmursa, durmur, kimsə onu təhqir etməklə düşünürsə ki, ona müsbət təsir edəcək, yanılır. Əksinə, bizim yaşlı insanlar haqqındakı obrazlarımız dağılır. Təhqir etməklə heç nə qazanılmır”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın