Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / İcra başçıları üçün yaş məhdudiyyəti varmı?

İcra başçıları üçün yaş məhdudiyyəti varmı?

Azərbaycanda icra başçılarının yaş kateqoriyaları daim müzakirə mövzusudur. Məsələ ondadır ki, hakimiyyət rayonlara rəhbər təyin edərkən daha çox yaşlı şəxslərə üstünlük verir. Bu da bəzi suallar doğurur.

Təsadüfi deyil ki, ölkəmizdə icra başçıları içərisində 50 yaşdan aşağı şəxs yoxdur. Apardığımız kiçik araşdırmadan sonra bunun şahidi olduq. Doğrudur, rayon rəhbərlərinin müavinlərindən gənc olanlar kifayət qədərdir. Amma onların əsas vəzifəyə keçməsi mümkünsüz görünür. Ölkə iqtidarının bu sahədəki siyasəti, yəni daha çox yaşlı məmurlara etimad göstərməsi müəmmalara yol açır. Bu müəmmaların fonunda icra başçılarına qanunla yaş məhdudiyyətinin qoyulub-qoyulmaması hər kəsdə sual işartıları yaradır.

Hüquqşünas Müzəffər Baxış bildirdi ki, 2011-ci ilin 6 iyulunda yerli icra hakimiyyətləri başçıları barəsində əsasnamə qəbul olunub: “İcra başçıları barəsindəki əsasnamədə yaş məhdudiyyəti nəzərdə tutulmayıb. Amma dövlət qulluqçuları haqqında qanun var. Bu qanunla 18 yaşdan yuxarı şəxslər dövlət qulluğuna qəbul olunurlar. Amma onlar üçün konkret yaş həddi qanunda nəzərdə tutulmayıb. Onu qeyd edə bilərəm ki, icra başçıları məsələsində daha çox yaşlı şəxslərə üstünlük verilməsinin bir sıra səbəbləri var. Müəyyən məsələlər var ki, onu gənc adamlar çətin bilir, yaxud yerinə yetirirlər. İcra başçılarının əksərinə diqqət yetirsək görərik ki, böyük əksəriyyəti biznes fəaliyyəti ilə məşğul olur. Əksəriyyətinin də bilik səviyyəsinə ciddi şübhələr var. Bəzən onlar iki cümləni dalbadal deyə bilmirlər. Həddindən artıq savadsız şəxslər olurlar. Sadəcə, onlara müəyyən imkanlar yaradılır. Onlar da bundan istifadə edib varlanır, müəyyən kanallarla əlaqələrə girir və öz vəzifələrini bunun hesabına qoruyurlar. Onlar arasında bəzi şəxslər də var ki, müəyyən adamlardan borca pul alıb, həmin məbləği əlaqədə olduğu kanallara ötürüb, ya icra başçısı olur, ya da vəzifəyə təyin olunurlar.

Sonda isə dələduzluqla həbsə girirlər. Bununla bağlı məndə ciddi faktlar var. Yəni reallıqlar bundan ibarətdir. İcra başçılarının savadına və yaşına önəm verilmir. Çünki cəmiyyətdə savadsız şəxslərin mövqeyi olmur. Onlar sifarişləri yerinə yetirməyə daha çox meylli olurlar. Bunları özümdən demirəm, mövcud vəziyyətə uyğun deyirəm. Bir də icra başçısı olmaq üçün maliyyə imkanların da geniş olmalıdır. Gənc yaşlarında olan şəxslər arasından belələrini tapmaq mümkün deyil. Başqa bir səbəb də gənc yaşlarında olan şəxslər barəsində məlumatların az olmasıdır. Amma 50 yaşı keçmiş insanların keçmişini, mövqelərini müəyyən etmək elə də çətin deyil”.

Bununla belə, ekspert yaş məhdudiyyətinin tətbiq edilməsini doğru hesab etmir: “Çünki istənilən şəxs vəzifədə çalışmaq yaşına çatırsa, qabiliyyəti və peşəkarlığı varsa, işləyə bilər. Amma hökmən ali təhsil olmalıdır, yaş məhdudiyyəti yox. Amma bizdə təəssüflər olsun ki, bunların əksidir. Nə qədər savadsız olsan, o qədər sənə etimad göstərirlər”. Musavat.com

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın