Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Hökumətin məcburi köçkünlərə verdiyi evləri kimlər və necə satır? – Şok Faktlar

Hökumətin məcburi köçkünlərə verdiyi evləri kimlər və necə satır? – Şok Faktlar

Hafta.az-ın əməkdaşı qaçqınlar üçün tikilən binada mənzillərin kənar şəxslərə satıldığının şahidi olub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərə etdiyi xüsusi xəbərdarlıqdan sonra müxbirimiz bu sahədə vəziyyətin nə yerdə olduğunu araşdırmağa çalışıb.

Xəbər verdiyimiz kimi, komitədən bildirilib ki, dünyanın bütün münaqişə zonalarında olan qaçqın və məcburi köçkünlərdən fərqli olaraq, ölkəmizdə bu kateqoriyadan olan insanlara ölkə prezidenti İlham Əliyev tərəfindən daimi yüksək diqqət və qayğı göstərilir:

“Lakin təəssüflər olsun ki, bəzi məcburi köçkünlər bu cür diqqət və qayğıdan sui-istifadə edirlər. Xüsusən belə hallar yeni salınmış qəsəbələrə köçürülmə zamanı daha çox özünü göstərir. Belə ki, bəzi məcburi köçkünlər əvvəllər köçürmə obyektlərində yaşadıqlarını və orada müvəqqəti qeydiyyatda olduqlarını bəhanə edərək, yuxarı instansiyalara mütəmadi müraciət edərək, onlara yeni mənzillərin verilməsini təkidlə tələb ediblər. Lakin bir müddət keçdikdən sonra onların həmin mənzillərdən istifadə etmədikləri, mənzillərin boş qaldığı müəyyən edilib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin məcburi köçkünlər mənzilləri geri təhvil vermir, yaxud istifadəni təmin etmirlər. “Qaçqınkom” bu qəbildən olan məcburi köçkünlərə bir daha xəbərdarlıq edir ki, 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr onlara yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişlər müvəqqəti dayandırılacaq və mənzillərdə yaşayış bərpa edildikdən və ya təhvil verildikdən sonra ödənişlər bərpa ediləcək”.

Məsələni araşdıran hafta.az-ın müxbiri məcburi köçkünlərə dövlət tərəfindən Masazır qəsəbəsində verilmiş evlərə baş çəkib. Əsasən Zəngilandan olan şəxslərin məskunlaşdığı şəhərcikdə bəzi binalarda bir neçə mənzilin boş olması nəzərə çarpırdı. Əməkdaşımızla söhbət edən şəhərcik sakininin sözlərinə görə, son zamanlar Mənzil İstismar Sahəsi və icra hakimiyyətinin nümayəndələri evlərdə tez-tez yoxlamalar apararaq mənzillərdə sakinlərin yaşayıb-yaşamadığını müəyyən edir:

“Axır vaxtlar yoxlamalar daha da artıb. Biz son verilən bəyanatla tanışıq. Bu evləri bizə prezident verib. Sakinlərə bildirirlər ki, guya hansısa xidmətdən məhrum oluna bilərik. Burada yaşayan şəxslərin həyat tərzi, yaşayışı müxtəlifdir. Elə insanlar var işi ilə əlaqədar bir müddət burada ola bilmirlər. Onlar neyləməlidir? Yaxud da kimsə uzun müddət gedib oğlunun, qızının yanında qalır. İndi bu şəxslərin güzəşti niyə əlindən alınmalıdır, bunu başa düşə bilmirik”.
Sakinlərlə söhbət edən əməkdaşımız maraqlı bir faktı aşkar edib. Belə ki, sən demə məcburi köçkünlərin bir qrupu dövlətin onlara verdiyi evlərin bir neçəsini artıq satıb və kirayə verib. Halbuki, qanun bunu qadağan edir. Qaçqın şəhərciyində hətta evlərin alqı-satqısı ilə məşğul olan “makler” də var. Özünü təqdim etməkdən imtina edən şəxs əməkdaşımıza bildirdi ki, ona istədiyi formada 2-3 otaqlı evlərin alınmasına və kirayə götürməsinə kömək edə bilər. Ev dəllalı bildirdi ki, son 6 ayda binalarda mənzillərin satışı dayanıb:


“Əvvəl burada alver çox yaxşı idi. Hər ay ev alqı-satqısı və kirayə əməliyyatları həyata keçirirdik. Evlərin alınma qaydasına gəldikdə isə əgər ev almaq istəyən şəxs məcburi köçkün deyilsə, onlar məsələni Mənzil İstismar Sahəsi və icra hakimiyyəti ilə razılaşdırmalıdırlar. Ola bilər ki, evi ailə alır, tərəflərdən biri məcburi köçkündürsə, mən özüm buna şəxsən köməklik göstərə bilərəm. İlk öncə boşanma olmalıdır. Biz evi ayrılmış məcburi köçkünün adına keçirəcəyik. Sonra isə yenidən ailə qurula bilər”.

“Makler” evlərin qiyməti barədə də danışdı. Binalarda olan 2 otaqlı mənzillərin qiyməti 25-30 min ABŞ dollar arasında dəyişir. 3 otaqlı evləri isə 30-40 min dollara almaq mümkündür. Özünü müştəri kimi təqdim edən müxbirimiz evlərdən birinə baxmaq istədiyini dedi. Makler əməkdaşımıza qiyməti 34 min ABŞ dollar olan mənzilə apardı. Tamamən boş olan evdə nəvaxtsa yaşayışın olmasına dair heç bir işartı yox idi. “Makler”lə bazarlığa başlayan hafta.az-ın jurnalisti evin qiymətini 32 min ABŞ dollarına endirə bildi. Ev dəllalı mənzilin hansı formada yeni sahibinin üzərinə keçirilməsi mexanizimindən də danışdı:

“Razılaşdırılan məbləğ ödəndikdən sonra evi satan şəxs həkimdən arayış alır. Həmin sənəddə bildirilir ki, vətəndaş səhhəti ilə əlaqədar ərazidə yaşaya bilmir, bu yerin havası ona düşmür. Bundan sonra evi almaq istəyən şəxslə müqavilə imzalanır. Guya ki, o, bu evi sənə verəcək, sən isə evin əvəzində ona hansısa torpaq sahəsi verirsən. Bütün bu prosedurlar bizlikdir. Evi alan şəxsdən heç bir torpaq sahəsi tələb olunmayacaq. Hər şeyi özümüz həyata keçirəcəyik”.

Göründüyü kimi, ərazidə araşdırma aparan əməkdaşımız daha ciddi faktlarla üzləşdi. Ümid edirik ki, səlahiyyətli orqanlar məsələyə reaksiya verərək, bu tip halların qarşısını alacaqlar.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın