Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Hafka “Lans”ı ambulanslıq edib

Hafka “Lans”ı ambulanslıq edib

Oturmuşduq “Anderlext”in stadionunun mətbuat mərkəzinin zalında, Brüssel komandasının “Qarabağ”la oyununun başlanma saatını gözləyə-gözləyə ordan-burdan göft-gu edirdik. Söhbət əsasən futbol ətrafında gedirdi. Bizdə, azərbaycanlı jurnalistlərdə qələbəyə inam və məğlubiyyətdən şübhə təxminən 50-50-yə idi.

Fikirləşirdik ki, komandamız qələbə qazansa fantastik bir şey olar. Amma həmkarlardan biri pessimist idi, ölkə futbolunun ümumi səviyyəsindən narazılıq ifadə edirdi, deyirdi, bir gül ilə bahar olmaz, “Qarabağ” nə qədər güclü oynasa da, daxili çempionatda ən azı 3-4 klub onun kimi olmasa, inkişaf mümkün deyil. Uşaqlardan biri də futbola daha çox sərmayə qoymağın, yaxşı oyunçular, “ulduzlar” almağın vacibliyindən danışırdı.

Elə bu əsnada “Anderlext” klubunun fransızca, ingiliscə və rusca bilən tərcüməçisi bir nəfərlə birlikdə bizə yaxınlaşdı. Tərcüməçinin bizə fransız jurnalsti kimi təqdim etdiyi adam 35 yaşlarında, Napoleon rolunun ifaçısı, aktyor Kristian Klavyerə oxşayan bir adam idi.

Aydın məsələdir ki, monqol monqola, həbəş həbəşə, türk türkə oxşadığı kimi fransızın da fransıza oxşaması təbiidir. Məsələn, biz burda o fərqi hiss etmirik, amma ölkəmizdə çox uzaqlarda, tutaq ki, Braziliyada, Yaponiyada Hafiz Hacıyevlə Siyavuş Novruzovu bir arada görsələr, onları qardaş hesab edərlər. Ona görə də tərcüməçinin təqdim etdiyi Jeval (bəlkə də Javel) bizə filmlərdən tanıdığımız fransızları xatırlatmasıyla çox yaxın biri kimi göründü.

Fransız jurnalist öz dilində güman ki, tanışlığa görə məmnun qalması xüsusunda bir az qırıldadandan sonra bizdən reaksiya almayınca dərhal ingilscəyə keçdi və heyətimizdəki ingilis dili bilənlər qulaq kəsildilər ki, görsünlər fransız jurnalistin qarnının ağrısı nədir, nə istəyir.

Adam sözünə “Lans” deyə başladı və iş adamı Hafiz Məmmədovu soruşdu. Dedik, yaxşıdır, müsyo, mersi, kefi kökdür, duaçıdır, bu saat harda olduğunu dəqiq bilməsək də, amma içəridə deyil.

Müsyö Javel (bəlkə də Jeval) sırf fransızsayağı gülümsəyib dedi ki, onun Hafiz Məmmədovu axtarmaqda məqsədi ondan “Lans” klubunun taleyini xəbər almaqdır.

Bildiyimiz kimi, iş adamımız iki-üç il əvvəl bəh-bəhlə gedib Fransada klub almışdı ki, Azərbaycanın adını dünyaya qaldıracaq, o komandanı maliyyələşdirib gücləndirəcək, bununla da ölkəmizin təbliğinə öz töhfəsini verəcək. Hətta cənab Hafka fransız jurnalistlərə bahalı saat da paylamışdı, amma onlar bu saatı götürməmişdilər. Allah tərəfi, Javelin də qolunda saat yox idi.

Bu, o vaxtlardı ki, neftin qiyməti babat idi, ölkəyə pul sel kimi gəlirdi və bizimkilər dünyaya sübut etmək istəyirdilər ki, belədə bir “Land of fire” var, Hafkamız da ya o kampaniyaya qoşulmuşdu, ya da nəsə başqa bir marağı vardı.

Dedik, Javel qardaş, o məsələ bir az qəlizdir, əlimiz aşağıdır. Fransız jurnalist dedi ki, bilir, Hafiz Məmmədovun maliyyə sıxıntıları var, hətta “Bakı” klubunun da maliyyələşdirilməsində problem olduğundan xəbərdardır.

Həmkarlarımızdan biri ingiliscə zarafat elədi, dedi ki, müsyo, “Lans” goes in the ambulans, yəni ki, sizin “Lans” artıq ambulansdadır, ona təcili yardım lazımdır.
Fransız həmkarımız kədərli halda gülümsədi, dedi ki, əgər iki-üç ay ərzində Hafiz Məmmədov öz öhdəliklərini yerinə yetirməsə, klub müflis elan olunacaq, müqavilələr qüvvədən düşəcək.

Dedik, ta neyniyək, çətindir, vallah, əvvəlki vaxt deyil, qlobal iqtisadi böhran var, Hafiz müəllim də bir sürmə qarğı-qamışla öz biznesinin milçəyini birtəhər qoruyur.
Daha sonra müsyö heyətimizin ingiliscə daha yaxşı bilən üzvlərindən biriylə qısa şəkildə səmimi söhbət elədi, elektron ünvan mübadiləsi elədi, şəkil çəkdirdi və çıxıb getdi.

Biz də söhbətimizə qaldığımız yerdən davam etdik, ümumi razılığa gəldik ki, ölkə futbolunun inkişafına maya qoymaq lazımdır, bir də bir ətək pulu aparıb müsyölərə, serlərə, sinyorlara yedirtmək lazım deyil. Bax, budur, umsuq olublar, orda-burda dalımızca danışırlar. Ölkəni təbliğ etdiyimiz deyildi, adımız “atanşik” çıxır. Musavat.com

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın