Bazar , Yanvar 17 2021
Ana səhifə / Şou Biznes / Hadı Rəcəbli Lənkəranda özünə heykəl qoydurub

Hadı Rəcəbli Lənkəranda özünə heykəl qoydurub

Deputatın “Palıdlı sahil”indən “Mayak”ına uzanan mübhəm izlər…

Hadı Rəcəblinin qalmaqallı müsahibələri ona dövri mətbuatda “kasıbların qənimi” imicini qazandırıb.  Son olaraq Qarabağ əlillərinə güzəştlərin ləğv olunması ilə gündəmə gələn Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri guya doğma Lənkəranından gəlmiş dəstək məktublarını dövrü mətbuata ötürdü. 
“Azpolitika” saytı belə  silsilə məktublardan beş-altısını yaxınlarda öz səhifələrində yayıb: “Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi” Lənkəran şöbəsinin sədri İlham Qurbanov: “Hadı müəllim bütün dövrlərdə bizə yaxından köməklik göstərmişdir. Onun yazdığı qanunlar həmişə biz veteranların mənafeyini müdafiə edib. Bu işlərin qanun-yaradıcılıq prosesində heç bir millət vəkili Hadı Rəcəbli qədər fəal iştirak etməmişdir”. Lənkərandan göndərilmiş məktubların birində mətləb lap qəlizdir: “Aprel döyüşləri”ndə yaralanmış sıravi əsgər, Lənkəranın Verəvul kənd sakini Kamil Qurbanlı görün orda nə deyir: “Əslən bizim kənddən olan Üzeyir Cəfərov adında bir nəfər var. Tanışlarımdan telefon nömrəsini öyrənib dəfələrlə onunla əlaqə saxlamaq istəmişəm, ancaq alınmayıb. Nə vaxtsa onunla danışmaq nəsib olsa soruşacam mən vətən uğrunda yaralananda sən mənim ziyarətimə gəlmişdin, ya Hadı müəllim? Mənim müalicəmi, problemlərimi kim həll etmişdi? Sənin də, mənim də doğulub böyüdüyümüz kənddə yeni tipli məktəbin, poctun, həkim məntəqəsinin tikilişi bilavasitə Hadı müəllimin sayəsində olmuşdur. Yalanı şərh yazıb müzakirə etmək ayıbdı”.
Məktubun izi ilə durub gəldik Lənkərana. Gördük  Hadı Rəcəbli “Cənub incisi” adlanan bu gözəl ünvanda, bəli, nəhəng tikinti işləri ilə məşğuldur. Çoxsaylı turistlərin istirahətini də təşkil edir. Ancaq  turistlərin arasında əli əsalı veteranlar deyil, daha çox ağır çəkili dövlət məmurları, AA seriyalı qara nataraz maşınlardan düşən biznesmenlər çoxluqdadır.
***
Sovet hakimiyyəti Lənkəranda nə edib, hə, sizdən soruşuram? Heç nə, varlıların mülkünü, malikanələrini əllərindən alıb qapazlayıb. Ötürüb kasıbların ixtiyarına. Çöndərib bu mülkləri uşaq bağçalarına, idman zallarına, kitabxana və s. kimi sosial təyinatlı müəssisələrə. Bəs Hadı Rəcəbli nə edib əvəzinə? Heç, götürüb həmin mülkləri yenidən özəlləşdirib. Ancaq öz həqiqi sahiblərinə qaytarmayıb bu malikanələri…Öz kefinə iş görüb bu ünvanlarda.
 
 
Belə ünvanlardan biri Lənkəranın düz mərkəzində, Heydər Əliyev prospektindəki “Mayak” hotelidir. Əvvəllər, Nikolay zamanları qırmızı kərpicdən binə edilən bu memarlıq abidəsi yerli milyonerlərin birinə məxsusmuş. 1920-ci il aprel işğalından sonra bina milliləşdirilir. Dönür uşaq xəstəxanasına. Minlərlə xəstə uşağın gözündə ikinci ev statusunu qazanır. Hadı Rəcəbli burda da tarixin təkərini geri fırlatmağı bacarıb, vallah. Sosial təyinatlı müəssisəni döndərib şəxsi mülkə. Sonra birinci mərtəbəsində “Zaminbank” şöbəsini açaraq başlayıb Rusiyadan Lənkərana axan pul selinə nəzarət etməyə. 
 
Binadakı hotelə girərkən ortada bir uşaq oyuncağı-masaüstü futbol meydançasını aşkarlayıb sevindik. Dedik özümüzə – futbolçu istedadımızı gərək bu meydançada sınayaq. Bu vaxt hotel qapıçısı, kasıbtəhər yaşlı kişi “Patronundu. Yadından çıxıb qalıb burda. Nəvələri çox sevərlər bu oyunu” deyib, bizi bəzi gizlinlərlə tanış edir. Bəlli olur ki, işçilər öz aralarında Hadı Rəcəbliyə “patron” deyə müraciət edirlər. Görürük, nəvələri də futbol həvəskarıdır, babaları da. Amma hərdən başları özgə, yad  işlərə çox qarışır elə bil ki. Əşyalarını, bu futbol oyuncağı kimi, orda-burda tez-tez unudub gedirlər…
 
Hadı Rəcəblinin Lənkərandakı mal-mülkü təkcə elə bununla kifayətlənsəydi nə vardı ki? Deputatın bir başqa ünvanı dəniz kənarındakı “Palıdlı sahil” istirahət məskənidir.  Ərazini bəzəyən gil heykəllər barədə ayrıca danışmaq lazımdı. Əvvəla, burda hamı Hadı Rəcəblini bu heykəllərin ideya müəllifi kimi tanıyır.
 
Xalqı da bu cür görmək istəyir “patron”. Əlləri qoynunda, beli bükülü, baxışları sönük…Bu da “patron”un karetası, faytonu…Nəvələri, Hadı Rəcəblinin özü də çox sevər minsin bu karetaya…Ətrafda dolansınlar…
 
Bir tərəfdə də ki, köhnə “Zaporojest”i çəpərə aldırıb. Onu Qarabağ döyüşçülərinə çox gördüyü həmin o “tır-tır”ları sovetlər dönəmində əmək veteranlarına müftə-müfəssəl verərdilər. Axtarsaq, Hadı müəllimin bioqrafiyasında əmək veteranı kitabçası, onun verdiyi güzəştlərlə alınan bir nəqliyyat da tapmaq olar. Hərçənd buna gərək yox. Görünən dağa nə bələdçi?
 
Öyrənəndə ki, bəs burda kral karetası, fayton da var, cumuruq həmin yerlərə. Gördüyümüzə, gözlərimizə inanmırıq əvvəlcə. Sonra görürük ki, yox ey, bu mənzərə ilğım-filan deyil, vallah. Tam reallıqdır. Hadı Rəcəbli reallığı. Özünü şah karetasında hiss etmək duyğusunu Hadı Rəcəbli, görünür, burda dəfələrlə yaşayıb. Amma bilməyib ki, bu hissə aludə olmaq onu hansı faciənin qapısına gətirib çıxara bilər…
Deputatın yaxınlarının idarəçiliyində olan bu obyektlərdə 1 nəfərin günlük xərcləri 100-150 manatı aşır. Üstəlik, “Palıdlı sahil”də göstərilən xidmətlərin çeşidi də genişdir.
 Lənkəran çayxanalarını 1-2 saat dolaşıb çaylamaq kifayət edir ki, çoxillik deputatın gəlir mənbələri haqda müfəssəl təsəvvür yaransın.
***
Lənkəranda gördüklərimizi yazdıq, çəkdik. Deputatın gəlirləri, maşallah olsun, az deyil. Azərbaycandakı 7 min nəfər Qarabağ qazisinin aylıq müavinətini üst-üstə toplasan tərəzi yenə də Hadı müəllimə tərəf əyilər, hətta aşar da. Belə olan təqdirdə deputatın bəzi həmkarları kimi ağzına su alıb oturması daha yaxşı olmazmı?

Həmçinin oxuyun

“Kim həyatını necə yaşayır, mənə dəxli yoxdur” – Nura Suri

“Səhv axtarmaq, tənqid etmək adəti bizim millətdə hardan yaranıb? Elə bir vəziyyət yaranıb ki, kimsə …

Bir cavab yazın