Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Həftənin “məmur sevinci”

Həftənin “məmur sevinci”

“Məmurlar deyirlər ki, biz sənə salam verdiyimiz üçün sevinirik”. Bu sözləri “5-ci element” televerilişində Əməkdar artist Röya Ayxan dedi: “Bir işimi görən zaman vergisini ödəyirəm. Həmişə də ödənişimi edib çəkilmişəm. Bəlkə yeganə adamam ki, məmurlar arxadan qışqıraraq çağırırlar. Arxaya dönüb salamlaşıram. Deyirəm ki, mən sizi gördüm, ancaq salam verməyə utandım. Deyirlər ki, biz sənə salam verdiyimiz üçün sevinirik. Bilirik ki, sən bizdən heç nə xahiş etməyəcəksən. Vallah, öz işimi özüm həll edirəm…”.

 

Həftənin “qardaşları”

Kubanın paytaxtı Havanada Roma Papası Fransisk və Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və bütün Rusiyanın patriarxı Kiril arasında görüş oldu. Bu, xristian kilsəsinin parçalandığı son, təxminən, 1 000 ildə Rus Pravoslav və  Roma-Katolik kilsə rəhbərlərinin ilk görüşüdür. Din rəhbərləri dünya ictimaiyyətini birləşərək, terrorizmə son qoymağa çağırdılar. Roma Papası danışıqların səmimi şəraitdə keçdiyini vurğuladı: “Biz iki qardaş kimi söhbət etdik. Çünki dinimiz birdir və eyni yolları arayırıq”.

 

Həftənin “zəhmətkeş anası”

Abşeron Rayon Polis İdarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları  şübhəli  şəxs qismində  idarəyə apardıqları  3 uşaq anası, 38 yaşlı Pərvanə Məmmədovanın  evlərdə təmizlik işi görməklə qazandığı pulları narkotikə xərclədiyi məlum oldu.  Pərvanə Məmmədovanın həyat yoldaşının da narkotikin güdazına getdiyi və 1 ilə yaxındır ki, həbsdə yatdığı bilindi.

 

Həftənin “xeyriyyəçisi”

Rusiya Prezidenti V.Putinin göstərişi ilə rəsmi Moskva və İrəvan Ermənistana 200 milyon dollar kredit ayrılmasına dair saziş imzaladılar. Kredit ilk ödəniş 2018-ci ilin əvvəlinə qədər ödənilməklə 10 il müddətinə verilib.  Həmin vəsait hesabına Ermənistan Rusiyadan “Smerç” reaktiv yaylım atəş sistemləri və onun sursatlarını, “Igla-S” zenit-raket sistemlərini, yerüstü radiotexniki kəşfiyyat kompleksi olan “Avtobaza-M”, “TOS-1A” ağır odatanlarını, “9M113M” idarəolunan raketləri, “RPG-26” qumbaraatanlarını, Draqunov snayper tüfəngini, “Tiqr” zirehli avtomobillərini, mühəndis və rabitə vasitələrini alacaq.

 

Həftənin “faşistləri”

İordan çayının qərb sahilində Əl-Xalil şəhərində baş verən hadisə ilə bağlı dünya mediasında yayılan videogörüntülərdə bir İsrail əsgərinin əlilliyi olan şəxsi itələyərək, yerə yıxdığı və daha sonra da onu təpiklədiyi müşahidə edildi. Məlumata görə, polislər bu hadisəyə reaksiya verən ətrafdakı insanlara atəş açıb. İsrail rəsmiləri hadisə ilə bağlı polislərə qarşı istintaq işinin başlandığını bildiriblər.

 

Həftənin “kəlamı”

 

“Vəsait pis vəziyyətdə olan bütün yolların yaxşılaşdırılmasına ayrılmalıdır. Rəhbərliyin getdiyi yolları yalamaq lazım deyil”. Bunu Almatı şəhəri rəhbərliyinə şəhərin 1000 illiyi ilə bağlı şənlik təşkil etməyi tapşırarkən söyləyən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu sözləri ilə də yadda qaldı:“Almatının bayramını elə keçirmək lazımdır ki, almatılılar hiss etsinlər. Məhəllələrin təmizlənməsi, fəvvarələrin, suvarma sistemlərinin bərpası üçün iş elan edin ki, hər bir sakin hiss etsin”.

 

Həftənin “multiki”

Azərbaycanda kirpi.info saytının təşəbbüsü ilə reallaşdırılmış animasiya  layihəsində Ermənistan başçısı Serj Sarkisyanın cizgi filmi obrazı yaradıldı. “Hye Reality” adlanacaq layihə animasiya serialı kimi nəzərdə tutulub. Layihədə Ermənistan hakimiyyətinin yalanları cizgi filminin dili ilə ifşa olunacaq. Məqsəd Ermənistan cəmiyyətinin əsl reallığını satira ilə göstərməkdir. Qeyd edək ki, ermənilərin “Kill Dim” adlı layihəsi var, orada Azərbaycan xalqı, cəmiyyəti və əsgəri açıq şəkildə təhqir olunur. “Hye Reality” serialında məqsəd Azərbaycanın öz cavab haqqından istifadə etməsidir.

 

Həftənin “milyonçusu”

Bakı Metropoliteninin sabiq rəisi, YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov son günlərdə  bağlanan banklarda bir neçə milyon manat vəsaitinin batması barədə xəbərlərə  belə reaksiya verdi: “Kim nə istəyir yazsın, bu, məni maraqlandırmır. Guya, mənim milyonlarım batıb. Ağ yalandır…”.

 

Həftənin “bataqlıqşünası”

ABŞ Prezidenti  B.Obama Cənub-Şərqi Asiya ölkələri birliyi liderlərini bir araya gətirən Zirvə görüşünün ardından  keçirdiyi mətbuat konfransında Amerikanın özünün son 2 onillikdə Əfqanıstan, İraq, Liviya, Suriya və s. bataqlığından çıxa bilmədiyini nəzərə almayaraq dedi: “Rusiya özünü bir bataqlığa soxacaq, demişdim və əminəm ki, bu, mütləq olacaq. Suriyada savaşın bitəcəyini düşünənlər varsa, onlara xatırladım ki, ölkənin dörddəüçü hələ də Əsəd əlehydarlarının əlindədir. Bu münaqişə yaxın zamanlarda da bitməyəcək”.

 

Həftənin “ən ucuz benzini”

“Global Petrol Prices” saytındakı araşdırmadan  dünyada ən ucuz benzinin Venesuelada (0,02 dollar) olduğu bilindi. Bunun ardınca  Küveyt  (0,22 dollar), Səudiyyə Ərəbistanı (0,24 dollar) və Türkmənistan (0,24 dollar) gəlir. Azərbaycan siyahıda yer alan 178 ölkə arasında  benzinin ən baha satıldığı 158-ci ölkədir. Ölkəmizdə benzin 0,51 dollara satılır. Rusiya 161-ci (0,46 dollar), İran 166-cı (0,40 dollar), Türkiyə 19-cu (1,41 dollar),Ermənistan 73-cü (1,03 dollar) ölkədir.  Ən bahalı benzin isə Honkonqda (1,79 dollar), Hollandiyada (1,71 dollar), Norveçdə (1,66 dollar) və Monakoda (1,65 dollar) satılır.

Sultan Laçın, hafta.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın