Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Həsən bəy Zərdabinin qızının qəbri ilə bağlı qalmaqal

Həsən bəy Zərdabinin qızının qəbri ilə bağlı qalmaqal

Ötən aylarda Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin qızının qəbrinin tapıldığı və bərbad vəziyyətdə olduğu barədə məlumatlar yayıldı. Bugünlərdə məsələ yenidən gündəmə gəlib.

Belə ki, 40 ildən sonra Zərdabinin qızı Qərib Soltanın məzarını tapan şəxs-AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı Xatirə Quliyeva “Kanal 13″ internet televiziyasına verdiyi müsahibədə adıçəkilən məzarın bərbad vəziyyətdə olması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudova və digər müxtəlif aidiyyəti qurumlara müraciət etdiyini, lakin biganə münasibətlə qarşılaşdığını bildirib.

Qarşı tərəfin də məsələyə mövqeyi gecikməyib. Yaqub Mahmudov musavat.com-a açıqlamasında qeyd edib ki, Həsən bəy Zərdabinin qızının qəbri ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyindən və ayrı-ayrı şəxslər tərəfindən heç bir müraciət edilməyib. Sitat: “Göstərilən xanımın mənə qarşı növbəti böhtan kampaniyasına qoşulmasına təəccüb etmirəm, çünki yaxşılıq etdiyim adamlardan pislik görməyə vərdiş etmişəm. X.Quliyevaya isə növbəti dəfə də yaxşılıq etməyə hazıram”.

Bundan sonra Xatirə Quliyeva redaksiyamıza müraciət edərək tanınmış tarixçi alim, deputat Yaqub Mahmudova və müavininə dəfələrlə müraciət etdiyini və buna dair dəqiq sübutları olduğunu deyib: “Bu gün də həmin sübutları e-poçtu vasitəsilə ona yolladım və katibəsi ilə danışaraq direktora çatdırmasını xahiş etdim.

Doğrusu, Yaqub müəllimin bu məsələni dəqiq araşdırmadan mənə böhtançı deməsini onun öz fikri kimi qəbul edə bilmirəm. Bunu Nazim Xəlilov edib. Halbuki mənim böhtan atmadığımı – yəni Yaqub müəllimə dəfələrlə müraciət etdiyimi onunla inboxsdakı yazışmalarımız dəqiq təsdiqləyir. Qərib Soltanın məzarına diqqətə gəlincə, yanvardan bu günə kimi H. Zərdabi ruhuna ehtiramla müraciətlər edirəm. Məqalələr çap etdirir, çıxışlar edirəm. Diqqətə çatdırım ki, Tarix İnstitutu ictimailəşdirdiyim məzar haqqında rəy verməsə, bu məzar Nazirlər Kabinetinin 2001-ci il müvafiq qərarı ilə təsdiq edilmiş siyahıya daxil edilməyəcək və dövlət mühafizəsinə götürülməyəcək. Beləcə, məzar bərbad vəziyyətdə qalacaq. Bu isə bizim ölkəyə yaraşmır. Çünki bizim prezidentimiz ölkə jurnalistlərinə artıq 2-ci evi və məhz H.Zərdabi ruhuna ehtiramla onun banisi olduğu “Əkinçi”nin yarandığı gün verir. Xahiş edirəm, məzara rəy versinlər, məzar Nazirlər Kabinetində qeydə alınsın və heç olmasa təmir edilsin. Mən bu işə yalnız vicdanımın səsi ilə qatılmışam”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın