Ana səhifə / Şou Biznes / “Həmişə saxta vətənpərvərliyin əleyhinə olmuşam və olacam”- Aslan Ismayılov

“Həmişə saxta vətənpərvərliyin əleyhinə olmuşam və olacam”- Aslan Ismayılov

Səhərdən sosial şəbəkələrdə “Azərbaycanlı qız erməniyə ərə getdi” başlıqlı yazılara rast gəlirəm. Bir evliliyin ölkə gündəmini zəbt etməsi məndə təəssüf yaratdı. Bu qədər problemlərimiz ola-ola nə üçün biz kimlərinsə evliliyini, yataq otağını müzakirə etməyə daha çox maraq göstəririk? Bu gün məmur-oliqarx, o cümlədən erməni qohumları olanların səhlənkarlığını, acgözlüyünü, diri-diri binada yanmış insanları, soyuq sulara qərq olmuş, ölkəmizə milyardlar gətirən qara qızıl hasil edən, cənazələri bu gün də tapılmayan neftçiləri, Beynəlxalq Bank tərəfindən yoxa çıxardılan bizim hamımızın 8 milyardını, milləti qorumaq əvəzinə onun qəniminə çevrilmiş MTN-i, ədalət evi olan məhkəmələri bazara çevirən hakimləri, ADR qurucusu Məhəmməd Əmin Rəsulzadəyə hörmətsizlik edən deputatları müzakirəyə çıxartmaq lazımdır. Məhz bu insanlar bu gün də Azərbaycanın maraqlarını düşmən maraqlarına qurban verməkdən belə çəkinmirlər. Buna bariz sübut kimi Sumqayıt hadisələrinin bu günə qədər araşdırılmamasını göstərmək olar. İllərdir bu barədə müsahibələrimdə fikir bildirsəm də, 2010-cu il may ayının 26-sında “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabının təqdimatını keçirtsəm də hakimiyyət tərəfindən heç bir dəstək olmadı. Bu 5 il ərzində kitabın 5 dildə on minlərlə nüsxəsini müxtəlif ölkələrdə yaydım.
2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt hadisələri ilə bağlı cinayət işinin istintaqının yenilənməsi barədə tapşırıq verdi. Buna baxmayaraq bu illər ərzində aparılan araşdırmaların nəticəsi olaraq Respublika Baş Prokurorunun birinci müavini Rüstəm Usubov hadisələrin əsas təşkilatçısı olan Eduard Qriqoryanın “odnoklassniki” səhifəsini deyəsən aşkarladıqlarını bəyan etdi. Sumqayıt hadisələrinə həsr olunan, özündə sübutlarla dolu kitabların elektron versiyalarını əks etdirən, 1 milyondan çox istifadəçinin həqiqətlərlə tanış olduğu www.sumgayit1988.com saytı isə bu yaxınlarda elə özümüzünkülər tərəfindən dağıdıldı. Bu günə qədər də dövlət rəsmiləri saytın bərpası üçün heç bir iş görməyiblər.
P.S. Həmişə saxta vətənpərvərliyin əleyhinə olmuşam və olacam.
Tanınmış hüquqşünas, Aslan Ismayılov

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın