Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Həftənin “xilasedicisi”

Həftənin “xilasedicisi”

SOCAR-ın prezidenti Rövnəq Abdullayev 2 Fevral Gənclər günü ərəfəsində Bakı Ali Neft Məktəbinin tələbələri ilə keçirdiyi görüşdə 1994-cü ildə “Neft Daşları”ndan gələn qaz xəttinin partlaması zamanı montajçı Yuri Kudryakovu necə xilas etməsində danışdı: “Birdən dalğa vurub Kudryakovu öz ağuşuna aldı. O zaman hansı hissləri keçirdiyimi anlamaq üçün yalnız orada olmaq lazımdır. Mən gödəkcəmi çıxarıb suya tullanmaq istəyirdim ki, yoldaşlar məni tutub saxladılar və bu an bir möcüzə baş verdi. Kudryakovun sudan çıxan əlini görüb, tez əlindən yapışdım və yoldaşlarımla dartıb onu sudan çıxardıq…”.

 

Həftənin “müraciəti”

“Azərbaycan vətəndaşı, bir deputat kimi, mən də müraciət edirəm ki, pullarınızı xaricdə saxlamayın! Əgər siz Azərbaycanın müstəqilliyini istəyirsinizsə, həmin vəsaitləri gətirin Azərbaycana. Məncə, dövlət başçımız da heç kimə toxunmaz, amnistiya verər, bu məsələlər öz həllini tapar və siz də ölkəmizin iqtisadi inkişafına böyük fayda verərsiniz…”. Bu sözlərlə üzünü ölkənin lider sahibkarlarına tutan deputat Vahid Əhmədov Qazaxıstan Prezidenti N.Nazarbayevin sahibkarlara ünvanladığı son müraciəti də xatırlatdı: “Nazarbayev dedi ki, “Mən sizin heç birinizə toxunmayacağam, o pulları qazanmısınız, xoş halalınız! Amma indi həmin vəsaitləri gətirin Qazaxıstana…”.

 

Həftənin “etirazı”

“Xalq Artisti adını daşıyan hər bir kəs Azərbaycan xalqının milli dəyərlərini özündə qoruyub saxlamalıdır. Keçmişə baxanda, klassik xalq artistlərimizin həyat tərzi, davranışları, geyim-kecimi ilə bugünkü bəzi sənətçilərimizi müqayisə etdikdə adamda xəcalət hissi yaranır… Kimlərinsə bir-biri ilə çəkişməsi, qərəzi varsa, bu, sivil qaydada, məhkəmə yolu ilə həll olunmalıdır. Hesab edirəm, müvafiq qurumlar sənətçilərin hərəkətlərinə qiymət verməlidir. Lazım gəlsə, onların titulları əllərindən alınmalıdır”. Bunları son günlər həmkarlarıyal aralarındakı deyişmələrlə gündəmə gəlmiş müğənni İlhamə Quliyeva ilə bağlı Baş prokurora müraciətində deputat Çingiz Qənizadə söylədi.

 

Həftənin “həqiqəti”

“Suriyadakı tərəflərin bir araya gətirilməsi və böhranın həll edilməsi üçün başladılan danışıqlar təxirə düşdü. Siz niyə toplanmısınız? Dünyanı ələ salmaq üçünmü bir yerə yığışmısınız? Dünya sizdən cavab gözləyir. Tarixboyu belə olub. Həmişə bir araya gəlib, toplanıb, yeyib-içib dağılışıblar. Qapılar arxasında isə başqa şeylərdən danışılır. Ərdoğan da bu cür danışdığı üçün pis adam olur. Fevralın sonlarına bir gün təyin ediblər. Birlikdə izləyək. Görəcəksiniz, yenə təxirə salacaqlar”. Bunu Türkiyə Prezidenti R.T.Ərdoğan Suriya ilə bağlı Cenevrə danışıqlarının təxirə salınmasına münasibət bildirərkən söylədi.

 

Həftənin “Azərbaycan gerçəkliyi”

“Əgər ortalama bir yapon ildə 26 kitab, isveçli ildə 10, fransız 7 kitab oxuyursa, bizdə 3 min adam ildə 1 kitab oxuyur. Əlavə şərhə gərək görmürəm”. Bunu ölkədəki bahalaşma tendensiyasınınn əksinə addım atmaqla kitablara 70 faiz endirim kampaniyası elan edərək vəziyyəti müsbətə doğru dəyişməyə çalışan Azərbaycanın ən populyar nəşriyyatlarından biri olan “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu cəmiyyətimizin kitaba münasibətindən danışarkən söylədi. ..

 

Həftənin “bankir qızı”

Azərbaycanlı modelyer, ölkənin baş bankiri Elman Rüstəmovun qızı Günel Rüstəmovanın rəhbərlik etdiyi “Gyunel” moda evinin Parisdə Favaz Qruozinin məşhur “De Grisogono” zərgərlik brendi ilə birgə Yüksək Moda Həftəsi baş tutdu. Mərasimdə məşhur amerikalı model Bella Hadid və rusiyalı model İrina Şeyk qonaq qismində iştirak etdilər. Türkiyəli model Tülin Şahin isə “Gyunel” kolleksiyasından olan geyimləri podiumda nümayiş etdirdi. Xatırladaq ki, Günel Rüstəmova “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə ilə ailəlidir.

 

Həftənin “xidmətçisi”

“Biz xalqın xidmətçiləriyik”. Prezident İlham Əliyevin son çıxışlarında vurğuladığı bu ifadəni təkrar edən deputat Qənirə Paşayeva Tovuzda rayonun bütün qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən 2015-ci ilin yekunlarına həsr olunmuş tədbirdə geniş çıxış etdi. O, rayon icra hakimiyyətinin başçısı T.Zeynalov, Prezident Aparatının rəsmi nümayəndəsi Əlibaba Əliyev , MM üzvü Ülviyyə Abdullayevanın qatıldığı yığıncaqda Tovuzda yerli məmurları əhalinin problemlərinə daha həssas yanaşmağa çağırdı.

 

Həftənin “reklamisti”

 

“Hacı Məmmədov şəklimi “Qarabulaq”ın girişində qoyub, məni reklam edirdi. Mənim Hacı Məmmədovla o qədər şəkillərim var ki. Müxalifət qəzetlərindən biri mənim Hacı Məmmədovla şəklimi dərc eləmişdi. Baş redaktora zəng edib dedim ki, ay qardaş, o yaxşı şəkil deyil, məndə Hacının cürbəcür şəkilləri var, istəyirsinizsə, sizə göndərim”. Bunu müğənni İlhamə Quliyeva Daxili İşlər Nazirlyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovla münasibətlərinə aydınlıq gətirərkən söylədi.

 Sultan Laçın, Hafta.az

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın