Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Gündəlik qidalanma səhhətimizə necə təsir edir?

Gündəlik qidalanma səhhətimizə necə təsir edir?

Elə ki payız gəldi, havalar bir qədər soyudu, infeksion xəstəliklər artmağa başlayır. Əsasən də qrip və soyuqdəymə insanlar arasında daha tez yayılır. Bir çoxları məlumatsız olduğundan həmin xəstəliklərə qarşı tədbirlər görmür, nəticədə infeksiya çox sürətlə yayılır. Mövsümi xəstəliklərin gündəlik qidalanma ilə də bağlı olduğunu isə çox az adam bilir.
Odur ki, gündəlik qida rasionunun səhhətimizə necə təsir etməsi ilə bağlı dietoloq-terapevt Ləman Süleymanovaya müraciət etdik. O bildirdi ki, mövsümi xəstəliklərin qarşısını yalnız və yalnız sağlam qidalanma ilə almaq olar. Lazımi qidalardan kifayət qədər istifadə edib, immunitetimizi gücləndirə bilərik. Xüsusilə infeksiyalara qarşı daha həssas olan uşaqlar, hamilə qadınlar, süd verən analar və qocalar üçün düzgün qidalanma daha çox önəmlidir.
Dietoloqun sözlərinə görə, qida rasionumuz vitamin, minerallarla bol, mikro və makro elementlərlə zəngin olmalıdır:

“Payız immunitetin zəiflədiyi bir fəsildir. Daxili immuniteti qorumaq lazımdır. Bunun üçün səhər, günorta, axşam yeməyi vaxtlı-vaxtında yeyilməlidir. Səhər və günorta yeməyi bizi aktiv enerji ilə təmin edir. Bəzən iş adamları, tələbələr səhər və günorta yeməyib, axşam yeməyinə üstünlük verirlər. Bu isə gün ərzində ac orqanizmin qəfildən yüklənməsinə səbəb olur. Həzm sisteminə mənfi təsir göstərir. Qida çox gec həzm olur. Yuxu sisteminin pozulmasına gətirib çıxarır. Sinir sisteminə mənfi təsir göstərir. Və ən əsası, mədə-bağırsaq xəstəliyinə səbəb olur. Tez-tez mədə və bağırsaqda köp yaranması öd daşı əmələ gətirir. Hətta bu proses uzun müddət davam etdikdə mədə xərçəngi də yarada bilər. Buna görə də aktiv işlə məşğul olanlar xüsusi rejimlə qidalanmalıdırlar”.
Həkim məsləhət görür ki, xüsusən valideynlər övladlarının yeməyinə diqqət yetirməlidirlər. Bundan başqa, yaxşı olardı ki, səhər yeməyi ilə günorta yeməyi arasında yüngül bir şeylər yeyilsin. Eyni proses günorta ilə axşam yeməyinin arasında da olmalıdır:

“Axşam yeməyi sadə olsa, daha yaxşıdır. Tez həzm olunan qidalara üstünlük verilməlidir. Elə yeməklər olmalıdır ki, həm yuxu rejiminə, həm də mərkəzi sinir sisteminə müsbət təsir göstərsin. Səhər yeməyində meyvə-tərəvəzə üstünlük verilməlidir. Arıqlamaq istəyənlər üçün bu, daha məsləhətlidir. Unutmayaq ki, payız meyvələrinin şirələri immuniteti qorumaq üçün çox effektlidir. Həftənin 7 gününün ilk 2-3 gününü səhər yeməyində yalnız meyvə-tərəvəz, qalan günlərdə isə yumurta, pendir, bal və digər zəngin qidalara üstünlük verilməlidir. Belə olan halda əsla kökəlməyəcəksiniz. Gün ərzində əhvalınız da yaxşı olacaq və yorulmayacaqsınız. Günorta və axşam yeməklərində qırmızı ət və balıq ətindən istifadə etmək lazımdır. Payız və qışda balıq ətinin tərkibindəki vitaminlər daha bol olur. Əsasən də dəmir qırmızı ətdə daha çoxdur. Qanazlığından əziyyət çəkənlər üçün qırmızı ətdən istifadə vacibdir. Tələbələrin qida rasionunda qırmızı ət xüsusilə olmalıdır”.
Arıqladıcı dərmanlardan, eləcə də kortəbii pəhrizlərdən istifadəyə gəldikdə isə, L.Süleymanova bunun olduqca mənfi fəsadlara yol aça biləcəyini dedi. Qeyd etdi ki, belə hallarda mütəxəssisə müraciət etmək lazımdır. Həmçinin fiziki aktivlik önəmlidir. Həftənin müəyyən günlərində piyada gəzmək məsləhət görülür. İdmanla məşğul olan insanlarda xərçəng hüceyrələrinin qidalanması dayanır. Spirtli içkilər və siqaretlərdən uzaq olmaq lazımdır.
Mütləq və mütləq qidalanmanıza diqqət yetirin. Nə qədər sağlam qidalansaq, o qədər də sağlam olarıq.

“Azərbaycan”

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın