Ana səhifə / Şou Biznes / “Günəşli”dəki müdhiş qəza dəqiqəbədəqiqə – yeni təfsilat

“Günəşli”dəki müdhiş qəza dəqiqəbədəqiqə – yeni təfsilat

Dekabrın 4-də Xəzərdəki “Günəşli” yatağında baş verən faciə ilə bağlı gündəmdə xeyli versiya var. Olayın məsuliyyətsizlikdən, səriştəsizlikdən baş verməsini iddia edənlərin çoxluğu gerçək səbəbləri üzə çıxarmaq üçün məsələyə professional baxış tələb edir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanla söhbətdə gündəmdə olan versiyalara aydınlıq gətirməyə çalışdıq. İ. Şaban həlak olan neftçilərin cəsədlərinin tapılmamasını müəmma adlandırır:

– Çox müəmmalı hadisədir. Ayın  4-dən bugünə yetərincə uzun zaman keçib. Görünür, dənizdə elə böyük təlatüm olub ki, cəsədlər çox uzağa gedib – ya İrana, ya da Xəzərin ən dərin hissəsinə. Xilasetmə qayığının hadisənin səhəri günü 50 km uzaqda tapılması da bundan xəbər verir. Hər halda bu, indiyə qədər Azərbaycan neft tarixində yaşanmayan bir faciə idi. 1957-ci ildə Neft Daşlarında noyabrın 21-dən 22-nə keçən gecə qasırğa dəniz estakadasını buruqla birlikdə aşırdı və 22 nəfər dənizdə boğuldu.

– Neft sahəsi ilə tanışlığı olanlar iddia edirlər ki, əsas səbəb Neft Şirkətinin məsuliyyətsizliyidir. Sizcə, bu faciədən daha az itki ilə çıxmaq mümkün idimi? Ən azı bir neçə gün öncə hidrometeoroloqlar qasırğa xəbərdarlığı etmişdilər.  Niyə hava xəbərdarlığı nəzərə alınmayıb?

“BP-nin platformaları cəmi 4 dayaq üzərində qurulub. Onun altından gəmi də keçər. bp platforma tikintisində metala çox qənaət edir. Sovetlər Birliyində metal çox idi və  tikilən platformalardakı əsas 4 dayaq bir-birinə çoxsaylı konstruksiyalarla birləşdirilirdi”

– Səslənən versiyaların çoxu ilə tanışam. İnsanlara elə gəlir ki, platformada partlayış, yanğın olub və insanlar suya tökülüb həlak olublar. Az sonra mən təfərrüatı danışacam. Hava xəbərdarlığına gəlincə, bildirilir ki, qasırğa xəbərindən sonra insanlar işə göndərilməməli, işdə olanlar isə hava normallaşana qədər sahilə çıxarılmalı idilər. Bu doğru yanaşma deyil. Neft sənayesi fasiləsiz iş rejimində olan sənaye növüdür. Neft çıxarılmağa başlandımı, işlər yalnız həmin layda neft bitəndə dayanır. Bu nə havaya, nə iqlimə baxmır. Amerika təbii şəraitinə görə çox hərəkətli bölgədir. Sunami də olur, tornado da. Ancaq heç zaman neft sənayesində fasilə yaranmır. Sözsüz ki, hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Dünya neft sənayesi tarixində ekstremal və superekstremal şəraitlərdə işlərin dayandırılması ilə bağlı cəmi bir neçə fakt var. Faciə baş verən platforma stasionar platformadı. Yəni Neft Daşlarında gördüyümüz estakada tipli deyil. Neft Daşları dənizin dayaz hissəsində olduğu üçün orada estakada tikilib. Orada hətta 5 metr, 10 metr dərinliyi olan sahələr də var. Ən dərin hissə isə 30 metrdir. “Günəşli” də isə dərinlik 50-70 metr arasındadır. Belə dərin yerlərdə stasionar platformalar tikilir. 1977-ci ildə Fransanın neft kəşfiyyatı ilə məşğul olan şirkətlərindən biri imzalanan qısamüddətli müqavilə əsasında Bakıda Dərin Dəniz Özülləri zavodu tikildi. “Günəşli” və digər yataqlar da bundan sonra açılıb. Faciə baş verən platforma dayazsulu “Günəşli”nin ram edilməsi üçün tikilib və işlər yetərincə keyfiyyətli sayıla bilər. bp-nin platformaları cəmi 4 dayaq üzərində qurulub. Onun altından gəmi də keçər. bp platforma tikintisində metala çox qənaət edir. Sovetlər Birliyində metal çox idi və  tikilən platformalardakı əsas 4 dayaq bir-birinə çoxsaylı konstruksiyalarla birləşdirildi. Həmin dayaqlar xüsusi metal növündən hazırlanır və istismar müddəti 50 ildir.  50 ildə həmin metallar dəniz şəraitində erroziyaya uğramır. “Günəşli” 1984-cü ildə tikilib və istismar müddəti başa çatmayıb.

– Bəs, texnikli baxış? 31-ci ilini yaşayan borular hansı aralıqlarla yoxlanır? Bu informasiyalar yetərincə qapalıdır və Azərbaycan Dövlət Neft Şirkəti jurnalistlərin neft, qaz yataqlarında olmasını bütün mümkün vasitələrlə əngəlləyir. Siz hər hansı formada informasiya ala bilirsizmi?

“Jurnalistlərin neft, qaz yataqlarından uzaq tutulmasına gəlincə, bu ARDNŞ-ın yox, bp-nin də ən böyük problemidir. Özümüzü Rusiya ilə müqayisə eləsək, rahatlıqla deyə bilərik ki, biz Şimali Koreya vəziyyətindəyik”

– Bax, əsas məsələ də budur. Təsəvvür aydın olsun deyə,  platformanı ətraflı təsvir edim – demək, bu dənizin səthindən 30 metr hündürlükdə olan qurğudur. Dalğalar platformada hər hansı təhlükə yaratmır. Nə iş görülən sahələrdə, nə yaşayış blokunda heç bir problem olmayıb. Jurnalistlərin neft, qaz yataqlarından uzaq tutulmasına gəlincə, bu ARDNŞ-ın yox, bp-nin də ən böyük problemidir. Özümüzü Rusiya ilə müqayisə eləsək, rahatlıqla deyə bilərik ki, biz Şimali Koreya vəziyyətindəyik. Bu yaxınlarda Rusiyanın “Qazpromneft” şirkəti Arktikada quyu qazdı, neft çıxardı. Həmin yatağa 20-dən çox media orqanını təmsil olunduğu mediatur təşkil elədilər. “Kommersant” qəzetinin saytında indiyə qədər həmin videogörüntülərə baxmaq olar. İndiyə qədər bp-nin hasilat platformalarında 1 jurnalist belə olmayıb. Şirkət elə davranır, sanki, qəzetçilər oranı partlatmaq istəyir. İndi komissiya müəyyənləşdirməlidir ki, platformaya gələn qaz xəttinə texniki baxış neçə ildən bir olmalı idi? ARDNŞ orada istismar təmirlərini hansı müddətdən bir aparmalı idi? Məsələn, bp 2005-ci ildə istismara verdiyi platformada 10 il keçməmiş texniki baxış keçirdi. Bəs, ARDNŞ niyə eləmir? Hökumət ARDNŞ-ı divarların aqlaylanmasına, çoxsaylı sosial layihələrə, idman, reklam aksiyalarına cəlb edir. Neft şirkətinin əsas vəzifəsi neft-qazın kəşfiyyatı, çıxarılması, emalı və satışıdır. ARDNŞ bu işlə məşğul olub dövlətə vergi verməlidir. Hər il ARDNŞ sosial xərclərə 250 milyon manatdan çox vəsait ayırır. Məncə, neftin, qazın daha təhlükəsiz şəraitdə çıxarılmasına da ciddi vəsait yönəldilməlidir.

– Siz ARDNŞ-ın platformalarda olmusuzmu? Yoxsa, danışdıqlarınız rəsmilərdən aldığınız informasiyalar əsasında formalaşıb?

– Mən dəfələrlə platformalarda olmuşam. Bundan başqa, üzən qazma qurğularında da olmuşam.

– Helikopterlərlə getmişdiz?

– Gəmilərlə. Helikopter bahalı nəqliyyat sayılır. Ona görə onu ehtiyat variant kimi saxlayırlar. Orada 63 nəfər olub. 48 nəfər platformanın heyəti, 15 nəfər isə yeni quyunun qazılması üçün dəvət edilən işçilər olub. Məndə olan informasiyaya görə, onlar hava şəraitinə görə həmin vaxt işləmirmişlər, yaşayış blokunda imişlər. Həmin platforma 31 ildir istismar olunur, artıq bol neft dönəmi keçib, yataq indi qocalıq dövrünü yaşayır. Belə yataqlara qaz vurmadan neft çıxarılması mümkün deyil. Demək, neftli laylar qazla hərəkətə gətirilir və yalnız bundan sonra neft fontan verməyə başlayır. Yanğına səbəb olan qaz “Günəşli”yə başqa platformadan 2 boru ilə çəkilib. Həmin platformada 24 quyu var.

“bp elə davranır, sanki, qəzetçilər oranı partlatmaq istəyir”

2 boru ilə gələn qaz 24 quyuya paylanır. Deyirlər ki, borulardan biri qırılıb. Amma qırılmayıb. Qırılsaydı, faciənin miqyası indikindən çox böyük olardı. Saniyədə 38-40 metr əsən külək çırpılma ilə borulardan birini deşib. Həmin boru ilə 110 atmosferdə qaz axır. O deşilmə zamanı da qığılcımdan alov törəyib neft quyusuna keçib. Yanğın belə başlayıb.

Videogörüntülərdəki qara tüstü quyulardakı neftin yanmasından yaranıb. Qaz borusu deşiləndən az sonra qaz kəsilib. Buna qədər artıq qaz neft quyusunda nefti alışdırmışdı, ona görə də indi neft aşağı enənə qədər yanğının davam edəcəyi gözlənilir. Digər mexaniki tədbirlərlə, məsələn su şırnağı ilə bu yanğını qısa zamanda söndürmək mümkün deyil. İkinci bir məsələni də deyim. Platformadan çəkilən videoda aydın görünür ki, helikopter meydançası da, yaşayış bloku da zədələnməyib. Yəni platformanın partlaması, dağılması haqqında deyilənlərin əsası yoxdur, yanan quyulardır. Yanğın baş verən zaman təlimata uyğun insanlar xilasetmə jilet geyib qayıqlara göndərilib.

– Yeri gəldi, soruşaq, orada xilasetmə jiletlərinin olmaması haqda deyilənlər, sizcə, inandırıcıdırmı?

“Saniyədə 38-40 metr əsən külək çırpılma ilə borulardan birini deşib. Həmin boru ilə 110 atmosferdə qaz axır. O deşilmə zamanı da qığılcımdan alov törəyib neft quyusuna keçib. Yanğın belə başlayıb”

– Yox. Xilasetmə jiletləri olub, onları xilas edilən insanların əynində görmək olur. Dediyim kimi, platforma suyun səthindən 30 metr yuxarıdadır. Qayıqlar suya endirilərkən külək onlardan birinin kəmərini qırıb və insanlar açıq dənizə düşüb. Dalğanın hündürlüyü 10 metr olub. O cür dalğada insanların sağ qalması mümkün deyil. Bir tərəfdən dalğa, bir tərəfdən güclü küləyin insanları dəmir dirəklərə çırpması… insanın orada sağ qalması sırf möcüzədir. Üstəlik həmin deşilən dəmirdən 110 atmosferlə havaya metan qazı yayılır və qatı qara tüstü əmələ gətirən neft yanır. Boğulma ilə yanaşı, insanın gözünü açması mümkün deyil. Çox vahiməli vəziyyət olub. Yanğın başlayandan dərhal sonra xilasetmə işlərini təşkil edən şəxs çox düzgün qərar verərək qayıqları su səthinin 13 metrinə qədər endirib. Yəni 10 metrlik dalğalar qayığa dəyməyib. Əgər qayıq bir neçə metr də aşağı salınsaydı, dalğalar onları ani çevirə və itki daha çox ola bilərdi.

– Ancaq insanların 18 saat ipdən asılı qalması, gəmilərin yaxınlaşa bilməməsi qeyri-professionallıqdan xəbər vermirmi?

“Yanğın başlayandan dərhal sonra xilasetmə işlərini təşkil edən şəxs çox düzgün qərar verərək qayıqları su səthinin 13 metrinə qədər endirib. Yəni 10 metrlik dalğalar qayığa dəyməyib. Əgər qayıq bir neçə metr də aşağı salınsaydı, dalğalar onları ani çevirə və itki daha çox ola bilərdi”

– “Vixr -9” gəmisi çox qısa bir müddətdə platformaya gəlib. Həmin gəmi “Azəri-Çıraq-Günəşli”də keşik çəkirmiş. 17.36-da yanğın siqnalı alan kimi yaxınlaşıb. 10 metr dalğa o deməkdir ki, gəmi də ən azı 10 metr enir və qalxır. Belə vəziyyətdə xilasetmə böyük riskdir və çox vaxt nəticə vermir. Biz bir dəfə platformaya getmişdik, hava tam sakit idi. Gəmi platformadan bəlli bir məsafədə dayandı, çünki 2 metr aşağı düşüb-qalxırdı. Tam sakit havada… Bizi platformaya çıxarmaq üçün oradan səbətə bənzər lift endirdilər və biz gəmidən həmin “zənbil”ə minib platformaya qalxdıq. Faciə baş verən zaman qayıq platformadan asılı olub. Sakit havada platformaya yaxın gedə bilməyən gəmi, belə dəhşətli havada necə ora yaxın dura bilərdi?

– Qayığın kəmərinin qırılmasına da səbəb küləkdi?

– 22.45-ə qədər qayıq havadan asılı qalıb və xilasetmə əməliyyatını gözləyib. Ancaq küləyin sürəti həddən artıq güclü olduğundan kəmər çırpılmalara tab gətirə bilməyib. İçərisində 26 nəfər olan və xilas edilən qayığı külək platformanın altına salmışdı və buna görə də o, daha az çırpılırdı. Fikir verdinizsə, xilasetmə əməliyyatı sudan olmadı – helikopterlər havadan meydançaya endilər, meydançanın səthi kəsildi və insanlar bir-bir oradan yuxarı qaldırıldılar. Onlar bəxti gətirdi ki, külək qayığı platformanın altına itələyib.

“10 metr dalğa o deməkdir ki, gəmi də ən azı 10 metr enir və qalxır. Belə vəziyyətdə xilasetmə böyük riskdir və çox vaxt nəticə vermir”

– İlham bəy, təxribat versiyasını nə qədər əsaslı sayırsız? Kimlərsə olayda Rusiya izi axtarır, kimsə hakimiyyətiçi savaşın əlamətlərini. Bu versiyalar içərisində sizə inandırıcı görünəni varmı?

– Həmin havada platformaya nə Fövqəladə Hallar Nazirliyinin, nə ARDNŞ-ın, nə də bp-nin gəmiləri yaxınlaşa bilmədi, təxribat qrupu necə yaxınlaşacaqdı?

– Su altından mümkün ola bilərmi?

– İnandırıcı deyil.

– Dediniz yanğının sönməsi üçün neftin səviyyəsinin azalması gərəkdir. Bu nə qədər müddət ala bilər? Ümumiyyətlə ARDNŞ bu işi təkbaşına edə biləcəkmi?

“Fikir verdinizsə, xilasetmə əməliyyatı sudan olmadı – helikopterlər havadan meydançaya endilər, meydançanın səthi kəsildi və insanlar bir-bir oradan yuxarı qaldırıldılar. Onlar bəxti gətirdi ki, külək qayığı platformanın altına itələyib”

– Mənə elə gəlir, bacaracaq. Hələlik quyular yanır. Ancaq neftin təzyiqi hər gün azalır. Azaldığı üçün yanğın yavaş-yavaş öləziyəcək və onu söndürmək daha asan olacaq. Quyuları tez də söndürmək olmaz. Çünki indi su şırnağı ilə söndürülsə, quyudan çıxan neft suya töküləcək. Bu zaman ciddi ekoloji fəsadlar yarana bilər. Onda hökumət əlavə xərc çəkib Xəzərdin səthindən nefti təmizləməlidir.  Musavat.com

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın