Ana səhifə / Şou Biznes / Gülyaz Məmmədova: “Telekanallarımız da gənc xanəndələrimizin təbliğatına çox yer ayırsın, bayağılıq artıb”

Gülyaz Məmmədova: “Telekanallarımız da gənc xanəndələrimizin təbliğatına çox yer ayırsın, bayağılıq artıb”

“İstər tələbələrimin, istərsə də sənətdə olan digər gənclərin məni incidəcək tərəfləri ilə rastlaşmamışam. İstedadlı uşaqlarımız kifayət qədərdir. Kim deyir ki, muğam ifaçıları yoxdur?!”  
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, xanəndə Gülyaz Məmmədova deyib. O, gənc muğam ifaçılarında çatışmayan  göstəricilərin demək olar, olmadığını bildirib. Müğənni, həmçinin,  gənc xanəndələrin  heç birindən gileyli olmadığını bu cür əsaslandırıb:
“Özümün də münsiflər heyətində olduğum muğam müsabiqələrinə ölkəmizin hansı bölgəsindən uşaqlar gəlirsə, görürük ki, hamısının səsləri çox gözəldir, istedadları böyükdür. Bilirsiniz ki, musiqi, ifa tərzi  göz qarşısında olur. El dili ilə desək, bu meydan bu da şeytan. Ürəklə deyə bilərəm ki, öz tələbələrim də daxil olmaqla, istedadlı uşaqlarımız çoxdur. Dövlətimiz istedadlara çox şərait yaradıb. Muğam musiqimiz istər müsabiqələr, istərsə də konsertlərdə  çox geniş təbliğ olunur. Arzu edirəm ki, telekanallarımız da gənc muğam ifaçılarımızın təbliğatına çox yer ayrılsın. Estradaya, bayağı musiqilərə daha çox meyllilik artıb. Dünyanın hər yerində istər muğamımız, istər milli musiqilərimiz təmsil olunur. Gənclərin istedadlarını göstərməsi üçün çox şərait yaradılıb. Sadəcə, bəzi şeylər insanların zövqlərindən asılıdır. Kimsə bayağı mahnını sevirsə, daha nə demək olar?! Hər halda, bizim kökümüz, milli dəyərlərimiz var. İstərdim ki, insanlarımız da musiqimizə dəyəri itirməsin”.
Xalq artisti gənc həmkarlarına tövsiyələrini də çatdırıb: 
“Gənc muğam ifaçılarına onu deyərdim ki, hər zaman böyük-kiçik yeri bilən olsunlar. Nə qədər böyüsələr də, Xalq artisti adını alsalar da ustadlarına, müəllimlərinə, sənətdə özündən böyüklərə hörməti itirməsinlər. Tövsiyə edərdim ki, yaş həddini, ustad həddini qoruyub saxlasınlar, sayğını, hörməti hər zaman qorusunlar. Düzdür, istər gənc muğam ifaçılarından, istərsə də digər ifaçılardan hər zaman özümə qarşı hörmət görmüşəm. İstərdim bu belə də davam eləsin.  Arzulayıram ki, gənclərin istedadı heç vaxt batmasın. Bəzən elə gənclərə rast gəlirəm ki, istedadları, bacarıqları var amma  irəli gedə  bilmir. O zaman çox üzülürəm. Bu bəzən utancaqlıqdan, bir az da güvənsizlikdən irəli gəlir. Bundan başqa, maddiyyata dayanan tərəfləri də var ki, bu da gəncləri çəkindirir”. 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …