Çərşənbə , İyul 24 2019
Ana səhifə / Şou Biznes / Güloğlan Cabbarov: ”Neftçi” rəhbərliyində futbolu bilən adamlar yoxdur

Güloğlan Cabbarov: ”Neftçi” rəhbərliyində futbolu bilən adamlar yoxdur

“Neftçi” Futbol Klubunun sabiq rəisi, Azərbaycan Kikboks Federasiyasının vitse-prezidendi Güloğlan Cabbarov Qol.az saytının suallarını cavablandırıb.

– “Neftçi” klubunun hazırkı durumunu necə qiymətləndirsiz?

– Hesab etmirəm ki, futbolumuzda geriləmə var. Futbol öz yerindədir. Sadəcə “Neftçi”nin son 2 mövsümdə çıxışı azarkeşləri qane etmir. Bu da ondan irəli gəlir ki, klubda intizamsızlıq var. Açığı, hazırda o klubun rəhbərliyində futbolu bilənlər yoxdur. “Neftçi” peşəkar klubdur. Deməli, peşəkar klubda da peşəkar insanlar çalışmalıdır. Heç kimə söz atmaq istəmirəm. Ancaq orda hər zaman futbolçulara dəstək verən, transfer işlərini düzgün yürüdən, klubda canla-başla rəhbərliyin olmaması görünür. Bu kimi məsələlər orda düzgün getmədiyi üçün “Neftçi” nəticə verə bilmir və bu da azarkeşləri qıcıqlandırır.

– Əksəriyyət belə bir fikir bildirir ki, “Neftçi” kimi köklü klubun kapitanı intizamsızlığı ilə məşhur olan Araz Abdullayev olmamalıdır. Sizin bu barədə fikirləriniz necədir?

– Arazı uşaq vaxtından tanıyıram. Mənim fikrimcə, Araz çox tərbiyəli idmançıdır. Amma beş barmağın hamısı bir ola bilməz. Hər bir insanın bir xasiyyəti var və buna uyğun da onunla yola getməyə çalışmalısan. Biz Arazın bu xasiyyətini neçə illərdir ki, bilirik. Demirəm ki, Araz pis insandır və ya intizamsızdır. Sadəcə məsəl var deyirlər ki, balıq başdan iylənir. O vaxt Mahir Şükürov “Neftçi”yə gələndə hamı deyirdi ki, o intizamsız futbolçudur, onu niyə gətirmisiniz. Sadıq Sadığova dedim ki, onun intizamı düzəltmək mənlikdir. Dedim, qoy gəlsin, onun bizə futbolu oyunu lazımdır, nizam-intizamını bir yerdə yoluna qoyacağıq. Ona görə də düşünürəm ki, Arazın ntizamsızlığı varsa, bunu düzəltmək asandır. Araz Azərbaycan futbolu üçün həqiqətən tapıntıdır. Onun intizamsızlığını düzəltmək olar.

– Yeri gəlmişkən, Mahir Şükürov yenidən “Neftçi”yə qayıtdı. Bu haqda nə deyə bilərsiniz?

– Zəng edib təbrikimi çatdırmışam. Ona məşqlərində daha da ciddi olmağı tövsiyə etdim.

– Biz əvvəlki Mahiri yenidən görə bilərik?

– Mən buna inanıram. Onda bu talant var. Yadınızdadırsa, İsrailin “Hapoel” klubu ilə oyun vaxtı Mahir komanda ilə cəmi 1 həftə məşq etmişdi. 4 ay idi ki, məşq keçməmişdi. Buna rəğmən biz onu start heyətinə saldıq. Hətta penaltidən qol vuranda birinci gəlib mənimlə qucaqlaşdı. Çünki mən ona zamin durmuşdum ki, Mahir Şükürov öz sözünü deyəcək. Bu gün də mən ona inanıram. Yəqin ki qış fasiləsindən sonra Mahir Şükürov öz formasını tapacaq.

– Bəs Elxan Abdullayev “Neftçi”ni düzəldə biləcəkmi?

– Elxan Abdullayev gözəl futbolçu olub, gözəl xasiyyəti var. Ona həmişə simpatiyam olub. Düşünürəm ki, Elxan Abdullayevə həm transfer, həm də daxili məsələlərdə lazımi dəstək verilsə, öz sözünü deyə bilər. Amma yanvara qədər onun işi çətindir. Qışda 3-4 yaxşı transfer edilsə, yanvardan sonra “Neftçi” özünü toparlaya bilər.

– Yenidən futbola qayıdışınız realdır?

– Belə düşünmürəm.

– Bir ara “Neftçi” İSM-ə məxsus olan “Qaradağ Lökbatan” klubunda çalışacağınız deyilirdi…

– Bəli, belə bir variant var idi. Ancaq mən daha futbolda çalışmaq istəmirəm.

– Bəlkə sizi futboldan küsdürüblər?

– Yox, küsdürməyiblər. Sadəcə o vaxtlar bir qədər gənclik səhvlərimiz oldu. Gərək səbirli, təmkinli olaydım. Amma yaxşı ki, elə futboldan getdim. Çünki səhər-axşam futbolda adam ancaq əsəb keçirir…

Həmçinin oxuyun

Xalq artisti Flora Kərimovanın doğum günüdür

Azərbaycan estradasının canlı əfsanəsi Flora Kərimova bu gün 78 yaşını qeyd edir. 1941-ci il iyulun …

Bir cavab yazın