Ana səhifə / Şou Biznes / “Gözəl qadınlar şəhəri Lvov”dan reportaj

“Gözəl qadınlar şəhəri Lvov”dan reportaj

Bu şəhərin dəyişməsi, normallaşması üçün hələ uzun illərə ehtiyac var

Bir çox turist buraya məşhur bir informasiya inanaraq gəlir – “Lvovun əhalisinin 85%-i qadınlardır”. Hətta bir çoxları bura gəldiyində küçələrdə yalnız qadınları görəcəyini düşünür. Lakin istər statistik məlumatlar, istərsə də şəhərin ümumi görüntüsü bu rəqəmin sadəcə bir mif olduğunu deyir. 
Polisin rüşvət aldığını görəndə Avropada olmadığını anlayırsan.
Ukraynalılar istiqanlı, canayaxındırlar. Amma müharibə onları elə yaralayıb ki, sanki kiminsə onları qucaqlayıb “siz haqlısınız” demələrinə ehtiyacları var.
Krakovdan Lvova maşınla təxminən beş saatlıq yoldur. Sərhəd dolu olsa bu səyahət altı saata və daha çox uzana bilər. Avropa ölkələri arasındakı sərhədsizliyə öyrəşdiyimdən bu hal artıq mənə həm qəribə, həm də bir az əziyyətli görünür. Düşünürəm ki, deyəsən, artıq sərhədin, keçid məntəqəsinin nə demək olduğu yadımdan çıxıb. Nə gözəldir Avropa, Polşadan gir, Fransadan çıx, İtalyadan gir , Norveçdə çıx, bir nəfər səndən pasport istəməz.
Ukrayna tərəfinə keçəndə artıq Avropanın bitdiyini anlayırsan. Polislər köhnə və elə də yaxşı görünməyən uniformalar geyinib, hər tərəfə müştəri gözü ilə baxırlar. Avtobuslar və maşınlar gəlib keçdikcə sürücülər onların ovcuna pul basır. Ukrayna hələ rüşvətlə geniş miqyaslı müharibəyə başlaya bilməyib, hələ başı digər müharibəyə qarışıb.
Sürücüdən nə qədər verdiyini soruşuram, boynuna almır. Amma onu da deyir ki, Ukraynaya nəyisə keçirmək çox asandır. Məsələn, ətin və ət məhsullarının ölkəyə girişi qadağan olsa da cəmi 150 avroya bunu həll etmək mümkündür. Polisə bu məbləği verirsən və o sənin maşınını yoxlamır. Yəni çıxdığın ölkə yoxlamasa Ukraynaya avtomat silahdan tutmuş iynəyə qədər hər şey keçirə bilərsən. 500 avro verdikdə isə ümumiyyətlə maşına toxunmurlar. Ukrayna sərhədində vəziyyət hətta bizdəkindən də pisdir. Bir az da irəli gedib demək olar ki, 90-cı illərdəki Azərbaycanında kasıb dövlət və korrupsiyanın birləşib yaratdığı mənzərə Ukrayna sərhədində var. Üstəlik, Avropa Birliyi üzvü olan bir ölkədən buraya keçdikdə bu mənzərə daha qabarıq şəkildə nəzərə çarpır. Ölkədə pul yoxdur. Əgər Polşadan Avstriyaya keçəndə avstriyalıların varlı olduğu necə bilinirsə, Ukraynaya keçəndə də ukraynalıların da kasıb olduğu bilinir. Üstəlik, bura ölkənin qərb əyalətidir, yəqin şərq əyalətlərində vəziyyət daha da ağırdır.
Şir şəhəri
Lvov 12-ci əsrdə rus çarı Daniel Romanoviç tərəfindən salınıb. Şəhərin tarixinə aid ən geniş yayılmış versiyaya əsasən şəhər öz adını çarın oğlu Levin şərəfinə alıb. İndi şir heykəlləri Lvovun əsas rəmzi sayılır. Şəhərdə müxtəlif tarixi binaların, heykəllərin qarşısında, şəhərin gerbində şir təsvirini görmək olar.
II dünya müharibəsinə qədər şəhər Polşanın tərkibində olub. Lakin müharibədən sonra Polşa qərbə sürüşdürülüb və şəhər Ukraynanın tərkibinə daxil edilib. Necə ki polyaklar almanlardan Vroslavı alıblarsa ukraynalılara da Lvov verilib. Vroslava köçənlərin də xeyli hissəsi lvovludur. Vroslavdakı ailələrin xeylisinin kökü Lvova və Litvaya dayanır.
İndi ukraynalılar bir çox imkanlarına görə Polşada işləməyə, oxumağa üstünlük verirlər. Əsas dayaqları isə “karta polaka”dır. Polşada uzunmüddətli viza, pulsuz təhsil, iş imkanları verən bu kartı onlar asanlıqla alırlar. Çünki ya babalarından, ya nənələrindən biri polyak olub, ya da Lvov qədimdə Polşanın ərazisi olduğu üçün onlar polyak vətəndaşı olduğuna dair sənədləri var. Buna görə polyaklar yarızarafat- yarıciddi deyirlər ki, ukraynalılar Polşaya bu qədər kütləvi şəkildə axın edirlərsə elə Lvovu Polşaya daxil edək, məsələ bitsin. Hətta bir çox millətçi polyaklarda belə bir inam var ki, Lvov nə vaxtsa Polşanın olacaq.
Şəhərin arxitekturası Krakovdakına çox oxşardır. Tarixi məlumatlara görə, hər iki şəhərin memarlığı eyni məktəbin məhsuludur. Lvovun o qədər də böyük olmayan meydanı və çox sayda qədim kilsələri var. Əziz Pyotr və Pavel kilsəsi onlardan ən məşhurudur. Kilsənin əsrarəngiz iç görüntüsü, tavana çəkilmiş, izləyəni sanki həqiqətən cənnətə aparan gözəl rəsmləri var. Dominikan kilsəsi və monastrı, Əziz Georgi kilsəsi, latın və erməni kilsəsi görməli tarixi abidələr siyahısındadır. Tarixi məlumatlara görə ermənilərin Lvova köçməsi və qrup halında yaşaması 14-cü əsrdən başlayır. Ona görə şəhərdə onlara aid izlər var.
Burada az qala hər şeyin muzeyi var
Lvovda onlarla muzey var. Aptek muzeyi, silah muzeyi, pivə, geyim, mühacirət və gedə bilmədiyim nə qədər muzey. Bizdə “köhnədir” deyilib kənara atılan hər şeyi burda toplayıb hər qrupdan bir muzey düzəldiblər. Ümumiyyətlə, mənə bir daha aydın oldu ki, biz azərbaycanlılar hekayə yaratma qabiliyyəti cəhətdən yoxsuluq. Hətta Tiflisdə bolşevik paltarlarını bir yerə yığıb muzey düzəldib pul qazana bilirlərsə, deməli, günah bizim özümüzdədir.
Muzeylərin arasında ən diqqətimi çəkən silah muzeyi oldu. Burada ən qədim dövrlərdən günümüzə qədər qırxa yaxın dövlətin silahları sərgilənir. İran və Hindistan qılınclarından tutmuş Afrika qəbilələrinin mizraqlarına qədər, Osmanlı toplarından Avstriya tüfənglərinə qədər hər şey. Ən maraqlısı isə, az qala bir insan boyda olan qılınclardır. Bu qılıncların kim tərəfindən işlədildiyi isə naməlumdur, amma qılınca baxanda həmin adamın nəhəng olduğunu düşünmək olar. Əgər kimsə silah həvəskarıdırsa Lvova getdiyi zaman mütləq bu muzeyə baş çəkməlidir. Ukraynalılar çox da böyük olmayan bir otağa böyük bir tarix sığışdırıblar.
Digər bir muzeydə Ukraynanın orta əsrlər dövrünə və yeni tarixinə, bir digərində sovet, mühacirət tarixinə aid əşyalar sərgilənir. Filmlərdə gördüyümüz çekist paltarı bu muzeydə sanki öz dəhşətini hələ də saxlayır. Əşyaların çoxuna baxanda həmin dövrdəki ruhu anlamaq, o dövrü hiss etmək olur. Muzeyin son hissəsində isə ukraynalıların Kiyevdə Maydan hadisələri zamanı istifadə etdikləri dəbilqələr, dəyənəklər, qaz maskaları və bayraqlar var.
Lvov həqiqətən qadınlar şəhəridirmi?
Əgər kimsə Ukraynaya sırf gözəl qadınlara görə gəlirsə onu həvəsdən salmaq istəmərəm, ukraynalılar bu mövzuda bəlkə də slavyan xalqları arasında ən birincidirlər. Amma statistik məlumatlar Lvovda qadınların bəzi xəbərlərdə deyildiyi kimi şəhər əhalisinin 75 və ya 85 faizini təşkil etmədiyini göstərir. Məsələn, keçən ilki statistikaların birində şəhər əhalisinin 52, digərində isə 54 faizinin qadınlar olduğu yazılıb. Lap deyək ki, bu rəqəm 60 faizdir, amma 75 və ya 85 faiz deyil. Görünür, bu rəqəm buraya turist cəlb etmək, avropalıları buraya çəkmək üçün uydurulub.
Müharibə
Lvov ölkənin hər nə qədər ən qərbdə yerləşən şəhəri olsa da burda da müharibə küləyi hiss olunmaqdadır. Hər yerdə ordu üçün çadırlar qurularaq ianə toplanılır. Hətta mərkəzi yerlərdən birində cəbhədə gülləbaran edilmiş bir avtomobilin qarşısına qutu qoyaraq pul toplayırdılar. Hər kəs bu mövzuda səxavətlidir, qutulara tez-tez pul atılır, çadırlara tez-tez kömək üçün girənlər olur. Ukraynalılar müharibənin təsiri həm xeyli millətçi, həm də ərazi itirdiklərindən dolayı bir az da kövrək görünürlər. Müharibə haqqında danışanda həm haqlı olduqlarını deyirlər, həm də bir şey qazana bilmədiklərinə görə təəssüflənirlər. Və qeyri-ukraynalının “Ukrayna haqlıdır” deməsini gözləyirlər. Əgər sən Ukraynanın haqlı, Rusiyanın işğalçı, Putinin əclaf olduğunu desən onların ən əziz adamına çevriləcəksən. Hətta irəli gedib Putinin bütün əzizlərini söysən, artıq səni özlərindən biri biləcəklər.
Kasıb və problemli ölkə
Bankda insan resursları bölməsində işləyən bir qız bunları dedi. “Biz inqilab etdik, müharibəyə sürükləndik, düşündük ki, bütün bunlar bitəndən sonra hər şey yaxşı olacaq. Amma olmadı. Bizim atalarımız, ərlərimiz döyüşə gedir, ölürlər. Nə üçün? Kimsə bilmir. Yenə də ölkədə rüşvət var, yenə korrupsiya var, biz yenə kasıbıq, yenə də problemlərimiz çoxdur.”
Ona “hər şey düzələcək” deyə təsəlli verdim, Gürcüstanın qazandığı nailiyyətlərdən-filan danışdım. Amma səhərisi gün tramvayda bilet aldığım halda məndən rüşvət tələb edən nəzarətçini görəndə mən də həmin pessimizmə qapıldım və dedim ki, keçmiş sovet ölkələrindən bir şey olan deyil. Biz bəlkə də köhnə ənənələrlə yaşamağa və hələ uzun illər Avropadakı sistemin həsrətini çəkməyə məhkumuq.
Hadisə isə bu cür oldu. Nəzarətçi məndən bilet istədi, biletimi təqdim etdikdə isə düzgün bilet almadığımı söylədi. Halbuki mən düzgün bilet aldığımı bilirdim. Polisə getməməyimiz üçün 40 qrivna tələb etdilər və mən vağzala gecikdiyim üçün bu pulu ödəməyə məcbur oldum. Bu pul çox kiçik məbləğ idi, amma uzun müddət Polşada, qanunlara uyğun sistemdə yaşadığım üçün mənə bunu etmək çox ağır gəldi. Keçmiş sovet ölkələrindən birində olduğumla bağlı acı həqiqət bir daha üzümə vuruldu.
Lvov maraqlı və xeyli ucuz şəhərdir. Bura hətta Polşadan da ucuzdur. Gəzməli-görməli yerləri çoxdur. Lakin turistlərə pul mənbəyi kimi baxıldığı üçün elə də təhlükəsiz və azad deyil. Mən Lvova Ukrayna inqilabına və islahatlara inanaraq optimist bir ruhla gəlmişdim, lakin şəhərdən ayrılanda buranın dəyişməsi, normallaşması üçün hələ uzun illərə ehtiyac olduğunu anladım.
Araz Bayramov, Krakov, Polşa












Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın